Sevişmək istərsə ruhum, bədənim..

Sevişmək istərsə ruhum, bədənim..
12 noyabr 2014
# 11:57

Tramvaya minən

köhnə tanış musiqiçinin

köhnə şərqiləri

sərnişinləri dəyişərkən

mən, dünyanın təkrar olduğuna

bir daha əmin olurdum.

Səni bir başqa dünyada

sevdiyimi anladım.

Bir yeni dünyada

sevəcəyimi anladım.

Sükutun üzümə çəkdiyi sığal

sənin busələrinlə əvəzlənə kaş .

Mənə hicran məhbəsi bəs edər yəqin,

bir az da hicr özü qəfəslənə kaş.

Mənsiz davam eyləyin ...

Bilirəm, bu dünya gözəllərin gözəli

min bir neməti ilə zinəti ilə.

Bürünün var dövlət palazlarına,

sürünün sürünən külfəti ilə!

Mənim sürünməyə yoxdur niyyətim

istəyir palazlar qızıldan olsun.

Allahım, sürünmək istəmirəm mən!

Deyir: ”kim sürünmək istəmir, buyursun ölsün!”

Siyasət insanı avara qoyub.

İnsan insanlığı kənara qoyub.

Mən nədən yaşayım gözəl dünyada?!

Nəfs bu dünyanı qumara qoyub!

Onsuz da qumar adətim deyil.

Elə bil aranızda olmamışam mən.

Məni görməyin, fikir verməyin,

mənsiz davam eyləyin ...

Yaşayın!

Qazanın,

danışın,

gülün.....

Hər sabah doğulun,

hər axşam ölün!

16.02.2012

İtaliya, Milan

***

Gözüm üfüqlərə sığal çəkəndə,

məni qısqanmanı,

üfüqlərə, soyuğa, pəncərəyə

üsyan etməni istəyirəm.

bir otaq təbiətə

vücudunu göstərməni istəyirəm.

İstəklər və sən...

aranızda müqəssirəm.

Pəncərədən izn alaraq,

soyuqla muhattap olmadan,

yatmışları oyatmaq,

oyaqlara nəğmə demək istəyirəm.

"Allah!"-deyə bağırmaq istəyirəm.

05.02.2013

İtaliya, Milan

***

Buranın dənizi yol ayrımında ...

Afina sahillərini döymək istəmir!

Bu gün dalğaları könülsüz gördüm.

İstədim səbəbi yazıb, göndərim.

Sözümlə rəsm edim, sana göstərim.

Sən yoxsan!

Dalğalar necə olmalı?

Önündə çırpınacaq abidəsi yox!

Mən də onlar gibi sakitəm bu gün ...

Önündə çırpınmağa abidəm yoxdur!

Mən bu səbəbdən içirəm yenə ...

Bu günü bitirməyə çalışıram ki,

Səninlə başlayım bir yeni günə!

Bu boz ləpələr mənimlə bahəm

başqa sahillərə can atır nədən?!

Gərçi sən olan yerə dəniz yetişmir

eşqi pünhan saxlayır, nədən gəlişmir?!

Anlayır halımı, görür ki, yalnız

mənim hünərimdir sevda, məhəbbət!

Sevişmək istərsə ruhum, bədənim

Bu dağlar, təpələr əngəl olamaz!

Dəryanın üstündən keçib gələrəm,

Bu sakin ləpələr əngəl olamaz!

Sən, gözəllik abidəsi,

memarın tanrı!

Həsədə mirvarisən,

budur nədənim!

Üzünə, gözünə sığal çəkərək,

Çırpınmaq istəyər

üryan bədənim!

21.05.2012, Yunanıstan, Afina

# 666 dəfə oxunub

Oxşar xəbərlər

# # #