news-inner
clock12:15 calendar-gray 07 Noyabr 2014 view-gray2122 dəfə oxunub
view-gray2122 dəfə oxunub

Tüpürüm sənin futboluna

Kulis.az yazıçı Əlabbasın “Şəbi-hicran” hekayəsini təqdim edir.

Pianomuzu mebel ustası olan dostuna bağışladığını atamın gecəyarı telefondan qırıq-qırıq və fasilələrlə gələn hüznlü səsində eşidən kimi Bakıda, xəttin o başında onu necə yaş boğduğunu göz önünə gətirmək mənimçün elə də çətin olmadı. Onsuz da əziyyət çəkməyək deyə, anamla məni rayona yola salıb təmirə görə özü evdə tək qalmağı istəyəndə bilirdim ki, şəhərdən gələcək ürəkaçmayan xəbərlərə hər dəqiqə hazır olmalıyıq. Son zamanlar qəlbi elə yuxalmışdı, deyirdin bəs günbəgün, saatbasaat qocalır. Gəlişimizin elə üçüncü günü zəng vurub ki, təklik amanını kəsib, ya biz geri qayıdaq, ya da iş-gücünü qoyub o özü ardımızca gələcək.

- Başa düşün,-deyir,-isti bir yandan, əlifin, rəngin iyi o biri yandan, biş-düşə həvəs yox, axşamacan toz uduram. Təzyiq də o tərəfdən axırıma çıxıb, məqam gözləyir ki, canımı alsın. Özünüz baxın.

Ona elə gəlirdi, nə var səhhətindəki nasazlıqla, əsəblə bağlıdı, tezliklə hər şey keçib gedəcək, daha fikirləşmirdi, yaş öz işini görür: səbəb oldu-olmadı, kədərlənir, xüsusilə cəbhə yeniliklərini göz yaşı içində dinləyir, dünyanın o başından gələn hər hansı ölüm xəbərindən də dərhal mütəəssir olurdu.

- Qocalırsan ha, xəbərin var? Bir az laqeyd ol!- tanımadığı adamların acı taleyi üçün vaxt-bivaxt kədərlənməyi, axır ki, günün birində anamı da dilə gətirdi. Günahkar halda baxan atam özünü onda qoymasa da, hər şey göz önündə idi. Xeyli müddət sussa da, sonda bircə bunu dedi: «Axı niyə öldürürlər?» Anamın: «Yaz getməsə, yay gəlməz» deyib vaxtında filosofluğa başlamağı lap yerinə düşdü, kişi gülümsünüb razılıqla başını yırğaladı:

- Orası elədi, gərək gələn gedə ki, başqası da gələ.

Bilirdim, atam daha o gücdə, o həvəsdə deyil ki, gənclik illərində olduğu kimi beş-üç nəfər tay-tuşunu da başına yığıb deyə-gülə o cür ələngəni böyür-başını zədələmədən altıncı mərtəbədən həyətə endirələr. Axır ki, uzun, yorucu və bürkülü avqust ayını başa vurub anamla birlikdə şəhərə qayıdanda atam ondan ötrü hər mərtəbəyə görə fəhlələrə köz kimi on beş manat tərlədiyini deyəndə qətiyyən təəccüblənmədim. O hər dəfə kirayədən-kirayəyə köçəndə yalnız pianinoya görə başına qiyamət qopduğunu və onunla bağlı əhvalatları o qədər təkrarlamışdı ki, onun necə uzundərə məsələ olduğunu artıq hamımız bilirdik. Bir dəfə arxasına düşən saatı götürməkdən ötrü qonşudan köməyə adam çağırmağımız da o qədər uzaq vaxtın söhbəti deyildi. Atamı dəfələrlə dilə gətirən qüvvənin nə olduğunu da elə o gün, qardaşımla bərabər çiyinlərinə bürmələnmiş döşəkağı keçirib o buğa kimi cavanların bu qara zindanı döşəmədə şırım aça-aça necə zülmlə ora-bura çəkdiklərini gözümlə görəndən sonra başa düşdüm.

Atam onu doxsanıncı illərin lap əvvəlində Bakıdan İsrailə köçən bir cuhud ailəsindən o vaxtlar üçün baha hesab olunan bir qiymətə almışdı. O, uzun barmaqları olan oğlunu musiqiçi, daha dəqiqi, pianoçu görmək istəyirmiş. Onda bu arzunu doğuran həm də qardaşımın yaxşı səsinin olmağı idi. Qonşumuz Rahib əmi, o, konservatoriyada müəllim işləyir, ilk dəfə Rüstəmin avazını eşidəndə atamın qulağına pıçıldayıbmış ki, uşaqdan göz-qulaq olsun, o, yaxşı vokalist ola bilər, belə səs hamıya qismət olan şey deyil. O bunu bir mütəxəssis kimi deyir, bu, allah vergisidi.

Bunu atam bizə sonralar, ağlımız kəsəndə danışırdı. Aşkar deməsə, onu da hiss edirdik ki, muğamın xəstəsi olmağı da piano almaqda onu az həvəsə salmayıb. İllər ötəndən, qardaşım müəllim yanında o sənətin sirlərinə az-çox yiyələnəndən sonra atamın muğam parçaları çaldırıb, kefinin lap o kök vaxtlarında bəm və şirin səslə bizi feyziyab eləməyi hesab-kitaba vurulsaydı, ömrümüzün, bəlkə də, ən yaxşı günlərindən sayılmalıydı. Çoxları, illah da qonşularımız ailəlikcə səsimiz olduğuna görə elə indinin özündə də bizi istedadlar ailəsi kimi tanıyırlar. Atam muğamla təsnif, anam hind və xalq, Rüstəmlə mən isə estrada və bəstəkar mahnılarının həvəskarı olmaqla yanaşı, deyilənlərə görə, həm də onun gözəl ifaçılarından sayılırıq. Rahib əmi də dəfələrlə məsləhət görüb ki, atam yüz yerə pul xərcləyə bilir, amma ailəmiz barədə beş-on dəqiqəlik çəkilişə görə tənbəllik eləyir. Bir ziyalı kimi onu tanıyanlar çoxdu, olsun ki, heç təmənna da güdməzlər. Qoy musiqi ictimaiyyəti də bilsin ki, bizdə belə istedadlı, amma abır-həyasını ondan da üstün tutan ailələr var. Hamı özünü artistliyə qoymayıb ki!

- Guya, mənim istədiyim budu?

Atam o cavabı verməsəydi belə Rahib əmi də bilirdi ki, onun ürəyindən keçən qardaşımı kamil bir sənətin yiyəsi görməkdi. Amma o, allahın yetirdiyi çörək ağacına vur-tut on dörd yaşı olanda öz əli ilə balta çalmışdı. Şəhərə ilk payız yağışı yağdığından o günün soyuğu baş verənlərlə birgə sazaq kimi hələ də canımda dolaşır. Sentyabrın son çərşənbəsində o, dostları ilə stadionda milli futbol komandamızın yarıtmaz oyununa tamaşa edəndən sonra özünü cumculuq halda evə ancaq yetirmişdi. Amma kaş hər şey elə bununla bitmiş olaydı. Kaş atamın bütün tənbehləri onun qolsuz köynəkdə saat yarım yağışın altda qalmasına görə olaydı…

Bəlkə də, Rüstəmin alakönül danışığına, hər şeyə qısaca «hə-yox»la cavab verməyinə görə o gün anamla mən nə baş verdiyini dərhal anlaya bilmədik. Hər şeydə olduğu kimi, onda da işin nə yerdə olduğunu atam əlüstü hiss elədi, o saat da hədəqəsindən çıxmış gözlərində sanki şimşək çaxdı, başını ikiəlli tutub:

- Sən nə eləmisən?-soruşdu,- bu yaşda da belə şey eləyərlər? Tüpürüm sənin futboluna. Kişinin oğlu azarkeş olub. Axı demişdim, muğayat ol boğazından. Adama bir sözü neçə dəfə deyərlər?

Onun belə qəfildən alovlanmağının səbəbini üzünü bizə tutub otaqdan çıxan qardaşımın qarasınca:

- Hazır çörək ağacından oldu, qədrini bilmədi onun, qoy getsin işinin dalınca, o nə qanır səs nədi, sənət nədi?-deyəndə başa düşdük. Atam gələcəyin böyük bir istedadının məhz bizim ailədə böyüdüyü ilə həmişə fəxr edər, Rüstəmi dostlarının yanında oxudub zövq aldığını da kimsədən gizlətməzdi. İndi artıq yox idi o, bəlkə də, həmişəlik batmışdı o səs… O üzdən anamın:

- Özün həmişə demirsən, nə çoxdu allahın möcüzələri? Nə oldu indi? Adını da yazıçı qoymusan, təmkinli ol,-deyib təsəlli vermək istəyi də qəfil zərbədən çaşmış atamı sakitləşdirmədi. O «sən umudlu ol, möcüzə baş verəcək, o da gəlib mütləq bizim qismətimizə çıxacaq» deyib başı lovlu balkona çıxdı, təzədən içəri qayıtdı, Rüstəmi çağırıb səsini bir daha yoxladı və başını bulaya-bulaya: «Hayıf, dedi, arzumu gözümdə qoydun. Deyirdim bəs, sinəndə qartal ürəyi döyünür, səndə heç sərçə cəsarəti də yoxmuş».

Hesabat verirmiş kimi, gedib-gəlib bizə səsini həmişəlik itirən böyük sənətkarlardan misal çəkir, o yaş dövrünün səs üçün təhlükəsindən söz açır, Rüstəmi möhtəşəm sarayların səhnəsində görmək istəyi ilə yaşadığını ağrı ilə dilə gətirirdi. Sonra onu mətbəxdə nəyisə taqqıldadan gördük, bir azdan kitab şkafında qurdalanmağa başladı, amma o da dərdinə çarə olmadı. Axırda da çəkiclə barmağını əzib deyinə-deyinə təcili yardım stansiyasına yollandı.

Bir oğul kimi Rüstəm onu heç nədə yarıtmadı: güləşin daşını uşaqkən atdı, ingilis dili kursunu yarımçıq qoydu, futbola görə ürək və diz ağrılarını bəhanə elədi… Hələ onda hardan biləydik ki, hamını istedadına heyran qoyduğu şahmatla işini də orta məktəblə bir yerdə qurtaracaq. Vaxt gələcək ən böyük uğuru olsa-olsa parkda gün keçirən təqaüdçüləri udmaqla bitmiş hesab olunacaq. O vaxt Rüstəmin haralarda girələndiyini atam ilk dəfə eşidəndə rişxəndlə:

- Gərək pul basıb səni də təqaüdə çıxaraq,-dedi,-onda işlərin lap yağ kimi gedər. Sırğa elə as qulağından, hər şeydə sənin axırına iradəsizlik çıxacaq.

…Atamın pianinonu satmaq fikrinə düşdüyü az vaxtın söhbəti deyildi. Baxmayaraq ki, son illərin ad günləri, qonaq-qaralı hər hansı tədbirimiz bir qayda olaraq «Cavan olmam bir də mən» şərqisi ilə bitərdi. Artıq bu, dəb halını almışdı. Hamımız ayaqüstə pianonun ətrafına yığılar, Rüstəmin müşayiəti ilə o kədərli melodiyanı gah solo, gah da xorla ifa edər, günlərlə bu hadisənin təsirindən çıxa bilməzdik. Amma nəvələrinin pianonun başına oyun açmaqları azmış kimi hələ bir üstünə çıxıb şirmayı dilləri ayaqları ilə necə döyəclədiyini də bir neçə dəfə görəndən sonra atamın qərarı lap qətiləşdi. Onu buna daha çox həmin mənzərənin qardaşımın gözləri önündə baş verməyi məcbur eləmişdi.

- Axı sən bilirsən, onu gətirib bura çıxaranacan neçə qapı dəyişmişəm. Onu bilirsən, ya yox?

Mübahisə uzanmasın deyə Rüstəm gülə-gülə: «Şəhər yeridi, dar otaqlar, tərpənməyə imkan yox, uşaq da hardasa oynamalıdı?» cavabını verəndə elə bil yarasına duz qoydular onun:

- Ay mənim yox ağlım!-deyən gərək lazım idi sənə bu?

Bununla belə bilirdim ki, Rüstəmin heç olmasa xalaxətrin etirazını eşitməyi onu bircə anda fikrindən daşındıra bilər. O, sadəcə bu qədirbilməzliyi bağışlaya bilmirdi. O da var ki, pianinonun çox ucuz bir qiymətə olduğunu öyrənməyi də, bildiyim qədər, az-çox atamın qarşısını kəsən maneələrdən idi. Tez-tez:

- Əlli manat? Yox bir, əlli qəpik,-deyirdi,-nadan nə bilir, piano nədi ki, ona da qiymət qoya.

Onsuz da gecənin o nagahan vaxtı zəng edib onu dostuna bağışladığını deyəndə hiss eləmişdim ki, o özündə daha qüvvə tapmadığına, dərdini bölüşməyə adam axtardığına görə telefona əl atıb. Yoxsa nə olmuşdu, o gecənin bir səhəri yox idi? Ya sözünü bizə deməyin ən münasib məqamı onda, gecənin ilanvuranın da yatan vaxtında idi? Zənnimcə, onun məqsədi bu yox, dola-dola dediyi:

- Elə bil canımın bir parçasını aparıblar. Neçə saatdı balkondan baxa-baxa qalmışam. Adam da bir quru taxta parçasını bu qədər istəyə bilərmiş?-fikrini çatdırmaq olmuşdu. Xəbəri aldığımız həmin dəqiqlərdə anamla bərabər məni də yaş boğanda ağlımdan keçən ilk fikir o oldu ki, əgər pianonu altıncı mərtəbəyə qaldırmağın dərdi olmasaydı, atam onu yenidən qaytarıb yerinə qoydurar, bu ömürlük peşmançılıqdan canını birdəfəlik qurtarardı… Hələ üstəlik zənginə cavab olaraq biz də üz vurduq ki, daşı ətəyindən töksün. Onun getməyi heç birimizin ürəyindən deyil.

Bir il sonra, atamın anım günündə Rahib əminin məhz ovida dəmləri ilə bağlı xatirələrini televiziya tamaşaçıları ilə bölüşdüyünü eşidəndə o gecə bizdən çox-çox uzaqlarda baş verənlərin ağlımdan keçənlərlə hədsiz oxşarlığına özüm də mat qaldım:

– Dedi, vaxtım olsa, axşam bir baş çəkim ona. Bilirdim, evdə ayaq qoymağa yer yoxdu, təmir gedir. Amma sözünü yerə salmadım. Ona görə yox ki, uzun illərin qonşusu idik, ona görə ki, Əli müəllim həm çox sevdiyim yazıçı, həm də son dərəcə həssas insan idi. Nə isə… Girirəm içəri, baxıram ki, bir-birindən pəzəvəng beş nəfər dayanıb. Belə yerdə gəl özünü itirmə. Nə məsələdi, görəsən? Deyir, səndən son iltimasım var. Nə iltimas, Əli müəllim, sizə əmr etmək yaraşır. Buyurun, eşidirəm. Başıyla işarə eləyən kimi uşaqlar ehmalca sellofan örtüyü pianonun üstündən götürdülər. Dönüb ərklə:

– Könlümdən «Şəbu-hicran» keçir,-dedi,-bilirsən də sən…

Hiss elədim ki, amana bənddi. Səsi elə titrəyirdi, zarafatla «xiridar burda, zərgər burda, ondan asan nə var, dedim» . Tozdan onsuz da oturmağa yer yox idi, elə ayaqüstə akkord götürməyimi gördüm. Uşaq kimi hönkürdü. Onu heç vaxt belə kövrək görməmişdim. «Nə olub, «Əli müəllim, özünüzü ələ alın», «Mənə fikir vermə, sən işində ol» deyir, o tərəfdən də kirimək bilmir ki, bilmir. Gördüm alınmayacaq, yarımçıq saxladım. Söz versə də ki, təmkinli olacaq, yenə dediyinə əməl eləmədi. Dəsmalı suya dönmüşdü. Dönüb dodaqları əsə-əsə, qəhərlə uşaqlara «indi götürün!» deyəndə bildim ki, cavanları nəyə çağırıb. «Nə məsələdi belə?» «Onu soruşma, dedi, iyirmi beş ilə yaxın məndən ötrü o bu evdə bir insanı əvəz eləyib. Dərdimi sirdaş kimi ovudub. Niyə oyuncağa döndərim? Qoy hörmətli ayrılaq. Dili-ağzı olmayanda nə olar?»

Amma iş bununla da bitmədi. Obaşdan sübh namazına duranda Əli müəllimi həyətdə, pianonun yanında görəndə gözlərimə inanmadım. Azacıq da yağış çisələyirdi. Yer islanmışdı. Havadan torpaq ətri gəlirdi. Elə balkondan soruşdum ki, xəbəri var, saat neçədi, neyləyir bu vaxt orda? Bütün şəhər yuxudadı.

Başını qaldırdı, qəmli-qəmli aşağıdan yuxarı mənə baxdı, handan-hana verdiyi cavabdanca hiss elədim ki, səhərəcən gözünü yummayıb:

- Dedim, yağış isladar, hayıfdı, üstünü örtürəm…

3 noyabr 2014

news-inner-user

16143 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020