Kimə ərə getməli?

Kimə ərə getməli?
10 oktyabr 2014
# 12:24

Bir qız vardı. Tez-tez deyərdi: “Mən ərə gedəndə ərimə həmişə ağ köynək geyindirəcəm. Xoşum gəlir kişi ağ köynək geyinəndə...”

Bu söhbət doxsanıncı illərin sonunda olub. O vaxt ütülü ağ köynəklə qara şalvar geyinmək müəyyən mənada dəbdə idi. Bir neçə ay əvvəl həmin qızla küçədə rastlaşdım. Xeyli yaşlanmışdı. İllər öz işini görmüşdü. Sifətindəki qırışları da kremlərlə, pudralarla gizlədə bilməmişdi.

Bir az gic-gic danışdı, gördüm yazığın başı uçub. Ərə getməyib. O danışdıqca doxsanıncı illərin sonunda tez-tez dilə gətirdiyi arzusunu xatırlayırdım. Dəhşətdir. Böyük arzuların həyata keçməməsini birtəhər həzm etmək olur, kiçik arzuların isə həyata keçməməsini həzm etmək dəhşətli dərəcədə çətindi. Əgər bu arzular insanidirsə, arzunun mayasında fədakarlıq varsa, arzu bir başqasının qayğısına qalmağı özündə ehtiva edirsə həyata keçməməsini həzm etmək daha da çətin olur.

Bəzən insan həyatdan çox az şey istəyir, amma bunu ətrafdakılara başa salmaq olmur. Həyat isə qəddarcasına atın qabağına ət, itin qabağına ot qoyur. Sənin illərlə və qətiyyətlə axtardığın asanlıqla başqasının qarşısına çıxır. Ən dəhşətlisi də odur ki, başqası da qarşısına çıxanın nə və kim olduğunu ömrünün sonuna qədər bilmir. Beləcə aləm qarışır.

Hərbi məktəbdə oxuyanda ən darıxdığım yemək kartof qızartması idi. Tətilə evə gələndə soruşurdular: “Ürəyin nə istəyir?” Deyirdim: “Kartof qızartması.” İnanmırdılar. Elə bilirdilər yenə dəliliyim tutub. Bizdə ana tərəf ata tərəfə həmişə dəli kimi baxıb. Bir şey olanda reaksiyaları belə olurdu: nəsillərində var.

Qərəz, adamlara başa sala bilmirdim ki, həqiqətən də ürəyim kartof qızartması istəyir. Onlar arzumun əleyhinə olaraq dolma, plov, toyuq qızartması kimi yeməklər hazırlayırdılar. Beləcə doyunca kartof qızartması yemək arzusu ürəyimdə qalırdı. Bəzən bu arzunun həqiqiliyini başa salmaq o qədər çətin olurdu ki, daha heç yeməyə də həvəs qalmırdı.

Bir çox hallarda həyatdan çox balaca şeylər istədiyini ətrafdakılara başa salmaq olmur. Ətrafdakı adamlar inanmırlar və arzuna şübhəylə yanaşırlar.

ONLAR lap erkən yaşlarından terrora məruz qalırlar. Bu terrorun adı ərə getməkdir. Konkret yaş yaza bilmirəm. Çünki bölgəyə görə yaş həddi dəyişir. Bəzi yerlərdə 14, bəzi yerlərdə 18, bəzi yerlərdə 20, bəzi yerlərdə 22 yaşdan sonra “ƏRƏ GETMİSƏN?” sualı onlar üçün dəhşətə, vəhşətə, kabusa çevrilir. Onlar bu sualı eşitməmək üçün çox şeyə hazır olurlar.

Bəs kimə ərə getməli? Kimə gəldi. Kim oldu. İtə, qurda, yoldan keçənə. Avaraya. Başdan xaraba. Heç nə düşünmədən, heç nəyi təhlil etmədən. Təki bu dəhşətli sualdan canları qurtarsın.

Qohumda, qonşuda, qrupda biri ərə getdikdə panika daha da artır. Gəlin paltarı geyinmək həyatın ən böyük amalına çevrilir. Bu arzu həyata keçdikdə, gəlin paltarı geyindikdən, toyda şəkil çəkdirdikdən sonra boşluğa düşürlər. Həyatda daha nə edəcəklərini bilmirlər. Dəhşətli bir sualdan azad olduq, bəs indi nə etməli? Heç nə təzədən ana evinə qayıdıb əvvəlki həyata davam etməli. Yəni iki ev arasında qalmalı. Yeni bir həyata başladıqlarını heç cürə anlamırlar. Bir ayaq mama evində bir ayaq da ər evində. Belə bir həyat yaşayırlar. Telefon qulaqlarında bütün günü mamaya hesabat verirlər. Mama, elə oldu, mama, belə oldu...

Həyata oyuncaq kimi baxırlar. Adamların həyatıyla oynayırlar. Elə bil evcik-evcik oynayırlar. Azərbaycanda gəlin paltarı geyinmək, toyda çəkil çəkdirmək, məhz “ƏRƏ GETMİSƏN?” sualından yaxa qurtarmaq üçün ərə getmiş nə qədər qızlar var. Onlar ailənin nə demək olduğunu ailənin məsuliyyətini bir qram da anlamırlar. Onlara gəlin paltarı geyinmək şəkil çəkdirmək lazım idi. Nəylərinə lazımdı ailə məsuliyyəti. Ona görə də gündüz gedib otururlar ana evində, orda öz əvvəlki həyatına davam edir, avaralanır, laqqırtı vurur, serialları müzakirə edirlər. Qeybət qırırlar. Kiminsə qızına gətirilmiş xonçalardan, qızılından, toyun harda, necə keçirilməsindən danışırlar, danışırlar və danışıb-danışıb yorulub əldən düşəndən sonra yekdilliklə belə bir nəticəyə gəlirlər: Qurban olum Allaha, elə elələrinin bəxti gətirir. Axşam düşəndə, daha doğrusu gecə yatmağa isə ər evinə qayıdır. Bu da onların ailə həyatı.

Əslində onlar daha çox öz ailələri tərəfindən terrora məruz qalırlar. Analar, bəzən atalar açıq-aşkar onlara təzyiq edirlər ki, nə edirsən et, özünə bir ər tap. Tez ol. Əlacları olsa aparıb azdırarlar. Atalar var, aparıb qızını çox oğlan işləyən yerdə işə düzəldir ki, bəlkə orda görüb bəyənən ola.

Amma sən onların başdan eləmək istədikləri qıza elçi getsən qarşına elə şərtlər qoyacaqlar ki, sanki heç elə bil bu qızı başdan eləmək istəmirdilər, sanki bu qızı kiməsə ərə vermək, hansısa evə göndərmək onlar üçün mənəvi olaraq dəhşətli dərəcədə çətindi, böyuk itkidi.

Azərbaycanlılar belədi. Azdırmaq istədiyi iti istəyirsən, deyirsən azdırma, ver aparım saxlayım, deyir yox e, boooooooy sən nə danışırsan. Bu adi it deyil. Bu xalis cins itdi. Başlayır tərifləməyə. Deyir bu itin evdə pasportu var. İstəyirsən gedək göstərim. Hər həftə veterinara aparıram. Bahalı şampunlarla yuyuram. Sən daha heç cürə ona sübut edə bilməzsən ki, axı sən bu iti azdırmaq istəyirdin. Deyəcək a kişi, nə azdırmaq, başın xarab olub nədi? Gəzdirməyə çıxarmışdım evdə darıxırdı. Azdırmaq istədiyi iti mataha mindirir.

Beləcə bu camaat bir-birinə zülm edir. Bütün günü ailə münaqişəsi zəminində bir-birlərinin qanını tökürlər. Son iyirmi ildə toyda mahnı, oynamaq üstündə, ailə münaqişəsi zəminində bir-birini vurub öldürənlərin sayı Qarabağ müharibəsində ölənlərin sayından daha çoxdu.

Dövlət statistika komitəsinin yaydığı məlumata görə yanvar-iyul ayları ərzində ölkədə altı min doqquz yüz adam rəsmi olaraq boşanıb. Bu hələ rəsmi rəqəmdi. İt-pişik kimi bir yerdə ömür sürənləri, bir ayağı mama, bir ayağı ər evində olanları da (onlar qeyri-rəsmi boşananlardı) nəzərə alsaq çox böyük bir rəqəm çıxar ortaya.

# 6860 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #