Sabunçu bazarında kitab satmağımız...

Sabunçu bazarında kitab satmağımız...
22 sentyabr 2014
# 10:48

Ötən əsrin söhbətidi. Atam yenicə dünyasını dəyişmişdi, anam uşaq kimi olmuşdu və mən heç cür onunla dil tapa bilmirdim. Bütün günü gözlərini naməlum nöqtəyə zilləyib susurdu və bir də görürdün səssizcə ağlayır. Heç bir təsəlli bu qadını ovutmağa qadir deyildi. Anam birdən-birə qocalmışdı, atamın ölümündən sonra onun bu dünyayla bağları tamam qırılmışdı.

Mənim də işsiz vaxtlarım idi. Bir müddət “Sədərək” yarmarkasında (o vaxt yarmarka aeroportun yaxınlığında yerləşirdi) tanış bir adamın işlətdiyi “voentorq”da satıcı işlədim, sonra da onunla davamız düşdü, bu işi atdım. Gedib bir araba götürdüm və çörək pulumu araba sürməklə çıxartdım. Elə gün olurdu ki, icarə haqqını da ödəyə bilmirdim və gecəni arabanın üstündə yatası olurdum. Bu işdən də vaz keçəndən sonra əlim hər yerdən üzüldü. Mənə deyirdilər ki, axı sən qəzetdə işləyirdin, niyə gedib öz sahəndə işləmirsən, axı bir jurnalistin “talkuçka”da araba sürməsi ayıbdır.

Ona qədər bir neçə qəzetdə çalışmışdım və günlərin bir günü jurnalistikanın daşını atmaq qərarına gəldim. Çox ciddi bir səbəb olmuşdu, bu, tamamilə başqa bir söhbətin mövzusudur. “Yaddaş kartı” kitabını yazanda düşündüm ki, jurnalistikadan ayrılmağımın səbəbini yazım, amma vaz keçdim. Yəqin ki, bir gün bu barədə ayrıca bir yazı yazacağam. Mən “talkuçka”da araba sürəndə müxtəlif qəzetlərdə yüzlərlə yazım çap olunmuşdu və birdən hər şey dəyişdi...

Bir gün siqaretim qurtarmışdı, mağazadan nisyə siqaret istəyəndə satıcı mənə siqaret vermədi. İncimə dedi, heç kimə nisyə mal vermirəm. Evə gəlib xeyli fikirləşdim, qəfildən gözüm kitab rəfində səliqə ilə düzülmüş kitablara sataşdı. Düşündüm ki, əgər bu kitablar məni xilas edə bilmirsə, onlar mənim nəyimə lazımdır? Hamısını satacağam! Anam ağladı, yalvardı ki, qurban olum, kitabları satma. Heç nə demədim.

Qonşuluqda qoca bir kişi yaşayırdı, sabirabadlı idi, adı Vahid idi. Vahid kişi qapılarda fəhləlik edirdi, zibilliklərdən mis, latun, “nerjavika” yığıb satırdı. Oğlu Ceyhun tikintidə fəhlə işləyirdi və hər axşam işdən gələndə evə getməmiş bizim darvazanı tıqqıldadırdı. Çıxırdım ki, qoltuğunda can dərmanı, it kimi ləhləyir. “Gəl ağacın altına” deyirdi. Məhəllədə qollu-budaqlı tut ağacı vardı, altında stolu əvəz edən dəyirmi daş vardı. Onun üstündə yarım litr arağın canını alırdıq.

Vahid kişini çağırıb dedim ki, kitab sata bilərsən? Xeyli üzümə baxdı, dedi Sabunçu vağzalında bir yer var, orda kitabları yerə töküb satırlar. Beləcə, Vahid kişiylə “iş birliyimiz” başladı. Hər gün ona on kitab verirdim, kitabın birini bir “məmməd”dən alırdı. Bu da günə bir “şirvan” eləyirdi. Gündəlik siqaret və araq pulum çıxırdı.

Onuncu günün axşamı Vahid kişi gətirib bir “şirvan”ımı verdi və dilini sürüyə-sürüyə dedi ki, oğul, daha kitab satılmır, alan yoxdu e. Mənə də sərf eləmir, hər gün kitabları özümlə aparıb gətirirəm. Əlimdə olanları satım, sonrasına baxarıq.

Bu günlərdə anamın qaş-qabağı açılmırdı, sözünü yerə saldığım üçün üzünə baxa bilmirdim. Getsin o günlər, gəlməsin!

Aradan bir ilə yaxın vaxt keçdi, sular duruldu, maddi vəziyyətim bir az yaxşılaşdı. Özümə mobil telefon aldım, yenə də şəhərə yolum düşəndə evə kitab almağa başladım. Vahid kişi də hər dəfə əlimdə kitab görəndə mənalı-mənalı qımışırdı. Bu qımışmağın arxasında nəsə vardı, ha fikirləşirdim, ağlıma bir şey gəlmirdi.

Bir gün axşam evə qayıdanda kişi qarşımı kəsdi, dedi gedək bizə, sənə sözüm var. Dedim Vahid dayı, xeyirdimi? Lənət şərə! – dedi. Həyətə keçdik, nərdivanı evin divarına söykəyib yaşına uyuşmayan qıvraq tövrlə çardağa çıxdı və çevrilib “gəl arxamca” dedi. Heç nə başa düşmürdüm. Nərdivanla Vahid kişinin arxasınca çardağa çıxdım. Çardaqda gördüyüm mənzərə məni heyrətə gətirdi. Vahid kişi məndən pulla aldığı bütün kitabları çardağa yığmışdı. Deməyə söz tapmadım. Daha işləyirsən, cibində pulun olur, dedi, gəl, yığ kitablarını apar, burda qalıb xarab olacaq. Adam da belə kitabları satar?!

Burda kimlərin kitabları yox idi?! Mirzə Fətəlinin, Cəfər Cabbarlının, Viktor Hüqonun, Turgenevin, Qorkinin...

Dedim Vahid dayı, axı sən bunların pulunu vermisən... Heç məndən pul da götürmədi.

Allah Vahid dayını rəhmət eləsin! Mənə yaxşıca dərs verdi. O hadisədən sonra bir də heç vaxt kitabxanamdan bircə kitab da olsun, satmadım və Vahid dayının qoruduğu kitablar indi də kitabxanamdadır. Mən hara getsəm də o kitabları özümlə aparıram. O kitablar sonralar çox karıma gəldi.

Vahid dayı olmasaydı, bəlkə də mənim həyatım tamam başqa məcraya yönələrdi. Bu hadisə mənim yenidən yazı-pozuya qayıtmağıma səbəb oldu. Düşündüm ki, həyatda belə adamlar var və Vahid dayının bu hərəkəti mənim üçün bir şans idi. Həyat məcrasına düşdü və kitablarım özümə qayıtdı.

Bəzən rastına çıxan təsadüfi bir adam sənin həyatını dəyişə bilər. Vahid dayı mənim üçün məhz belə adamlardan idi.

# 1523 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #