Atası onu atdı, arvadı başqası ilə evləndi, nazir fəxri ad vermədi – Rafael Dadaşovun kədərli həyatı

Atası onu atdı, arvadı başqası ilə evləndi, nazir fəxri ad vermədi – Rafael Dadaşovun kədərli həyatı
16 mart 2021
# 12:07

Bu gün Xalq artisti Rafael Dadaşovun anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.


Rafael Məlik oğlu Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatala rayonunda Aktyor Məlik Dadaşovun və Sofiya Hüseynovanın ailəsində anadan olub. Amma bu ailənin ömrü uzun olmur. Bir müddət Bakıda yaşayan cütlük 1955-ci ildə ayrılmaq qərarına gəlir. Sofiya Hüseynova balaca Rafaeli də götürüb Naxçıvana - doğma teatra qayıdır.

***

Bəzi mənbələrdə Məlik Dadaşovun Sofiyadan olan oğlu Rafaelə sahib çıxmadığı yazılır. Bu fakt Rafael Dadaşovun verdiyi müsahibələrdə atası haqqında çox danışmaq istəməməsi və anasının onu təkbaşına böyütməsini söyləməsi ilə uyğun gəlir.

Nənəsi aktrisa Xədicə Qazıyevanın himayəsində böyüyən Rafael Dadaşov orta məktəbi bitirəndən sonra Moskvada sirk üzrə rejissorluq fakültəsinə daxil olur. Oranı bitirəndən sonra sirkdə işləməyə başlayır. Rafael Dadaşov valideynlərindən fərqli olaraq aktyor olmaq istəmir. Ancaq iş elə gətirir ki, yenidən Naxçıvana nənəsinin yanına gedib bir müddət orada nazirlikdə işləyir, diktor kimi fəaliyyət göstərir.

***

Elə həmin ərəfədə rejissor Tofiq Kazımov 1975-ci ildə onu teatra dəvət edib deyir, qurtardın bu qaraçı həyatından? Gəl, gəl teatra, Don Juan rolunu sənə verəcəm. Rafael Dadaşov razılaşır, amma sınaq rolu kimi ifa edəcəyini bildirir. O, Tofiq Kazımova deyir ki, əgər Don Juan rolu alınmasa, həmişəlik teatrdan uzaqlaşacaq. Ancaq həmin rol aktyora uğur gətirir. O, Akademik Milli Dram Teatrının truppasına daxil olur.

***

Hələ gənclik illərində Azərbaycanın Allen Delonu adını alan aktyor Dram Teatrında "Hamlet", "Heç nədən hay küy", "Cehizsiz qız", "Səhra yuxuları", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Unuda bilmirəm", "İblis", "Şəhərin yay günləri", "Qılınc və qələm", "Sevgililərin cəhənnəmdə vüsalı", "Sokratı anma gecəsi", "Afət", "Ölülər" tamaşalarında uğurlu rollar ifa edir. Aktyorun səhnədəki son rolu “Müfəttiş” tamaşasındakı Anton Antonoviç Skvoznik-Dmuxanovski obrazı olur.


Bundan başqa Rafael Dadaşov “Ötən ilin son gecəsi”, “Mehmanxana sahibəsi”, “Səni axtarıram”, “Topal Teymur”, “Ordan-burdan” kimi televiziya tamaşalarında ona məşhurluq gətirən rollarda çıxış edir.

***

Aktyorun zəngin səhnə həyatı olsa da, kino həyatı o qədər də geniş olmayıb. O, karyerası boyu "Var olun qızlar", "Yarımçıq qalmış serenada", "Bəxt üzüyü", "Mənim ağ şəhərim" filmlərinə çəkilib. Kinoya çəkilməməsini Rafael Dadaşov müsahibələrinin birində birbaşa rejissor Adil İsgəndərovun adl ilə bağlayır:

“Bu məsələ Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. O, mənim kinoda çəkilməyimə imkan vermədi. “Qaynana” filmində İlqar roluna, “Dəli Kür”də Şamxala, “Mən ki gözəl deyildim”də Məzahirə. “Babək” filmində başqa bir rola çəkilməyə qoymadı. Eldar Quliyev “Var olun qızlar” filminə məni dəvət edəndə sirkdə işləyirdim. Sınaq çəkilişlərinə gələndə mən ona dedim, Eldar müəllim, onsuz da siz məni çəkməyəcəksiniz. O da dedi, niyə belə deyirsən? Dedim, vallah məni nə qədər sınaq çəkilişlərinə dəvət ediblər, ifamı da bəyəniblər, amma filmə gəlib çatanda çəkməyiblər. O, mənə sınaq çəkilişlərinə qarışmamağı məsləhət gördü. Eldar müəllim balaca adam deyildi, atası Tofiq Quliyev isə böyük masştablı sənətkar idi. Ona görə də Adil İskəndərov mənim həmin filmə çəkilməyimə mane ola bilmədi.”


Aktyor 80-ci illərin sonunda öz əmisiqızı Sədaqət Dadaşova ilə ailə həyatı qurub. Bu evlilikdən onların üç övladı dünyaya gəlib. Lakin, bir müddət sonra aktyorun xanımı onu tərk edərək evdən gedir və başqa bir insanla ailə qurur. Bu gediş aktyor üçün böyük zərbə olsa da, o, ikinci dəfə heç kimlə ailə həyatı qurmur, ömrünü övladlarını böyütməyə həsr edir.

***

Rafael Dadaşovun ən çox ifa etmək istədiyi obraz Hamlet olub. Buna isə nail ola bilməyib. O, müsahibələrinin birində bu haqda deyir:
“Mən heç vaxt rejissorlardan rol istəməmişəm. Yeganə Hamlet rolu idi ki, Azərpaşadan istədim, o rolu mənə vermədi. Mən hətta o vaxt teatrın direktoru Həsən Turabovdan da o rola görə xahiş etmişdim. Onlar rolu mənə yox, başqa aktyora verdilər. Düz 9 aydan sonra məni çağırdılar ki, gəl kralı məşq elə. Mən də həmin vaxt “Fedra” tamaşasına hazırlaşırdım. Gəldim teatra və 3 aya həmin rolu hazırladım”.

***

Aktyor Xalq artisti adını çox gec, 60 yaşında alıb. Aktyorun özünün sözlərinə görə onun on yeddi il müddətində ad almamasına o vaxtkı Mədəniyyət naziri Polad Bülbüloğlu mane olub.

Aktyora qarşı uzun illər işlədiyi teatrda da müəyyən haqsızlıqlar olub. Belə ki, teatrda da onun işdən çıxarılması üçün beş nəfər səs verib. Aktyor bu haqda kulis.aza verdiyi son müsahibəsində deyir:
“Teatrda kimsə özündən seçki uydurub ortalığa çıxarmışdı. Mənim də adımı gizli səsvermə yolu ilə yazıb divara vurmuşdular. Adımı siyahıda görəndə məni ağlamaq tutdu. Heç vaxt ağlıma gəlməzdi ki, dost münasibətində, salam-sağ olum olan adamlar mənim teatrdan çıxmağımı istəsinlər. Onda atam gördü mən pərişanam, məni kənara çəkib dedi:
“Bilirsən niyə o beş nəfər sənin əleyhinə səs verib? Ona görə ki, sən güclüsən və o beş nəfərə mane olursan. Onlar sənin yerini tutmaq istəyir. Sən kədərlənmə, əksinə sevin ki, güclüsən”.
Bunu bir dəfə demişəm, yenə də deyirəm: Əgər bu teatr sənətin Vatikanıdırsa, biz buranın kardinallarıyıq”.

Ömrünün son illəri artıq çəkidən və ürək xəstəliyindən əziyyət çəkən aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilir. 2020-ci il martın 16-da 74 yaşında vəfat edir.

# 23211 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #