Təhvil verilən qadınlar

Təhvil verilən qadınlar
3 iyun 2021
# 09:02

Kulis.az hər cümə axşamı günü tanınmış yazar-jurnalist Zamin Hacının mədəniyyət və ədəbiyyat mövzusunda yazılarını təqdim edəcək.

Növbəti yazı: Təhvil verilən qadınlar

Mayın 29-da xəbər lentindən keçən bu xəbəri neçə gündür unutmaqda çətinlik çəkirəm:

“Bir neçə gün öncə itkin düşən Ağstafa sakini tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan musavat.com-a verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü G.S. polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb və artıq ailəsinə təhvil verilib”.

Siz də söhbətin nədən getdiyini, daha doğrusu, burada unudulmaz nədir, başa düşdünüzmü? Əksinədirsə, yaxın oturun, söhbəti xırdalayaq.

Xəbərdə adamın adı və soyadı tam verilmişdi, mən müəyyən etik səbəblərdən yazmadım. Bəlkə, bu mənada indi oxuculara nəyə işarə etdiyimi anlamaq çətin oldu. O zaman gəlin həmin ixtisarın gizlətdiyi detalı açım: tapılıb “ailəsinə təhvil verilən” adam bir qadın idi. Bizdə soyadların cinslərə görə fərqlənməsi halları var axı.

Bəli, 1998-ci il təvəllüdlü adam rayondan çıxır, gəlir paytaxta. Bunun neçə yaşı var? Ay sağ olasınız: 23. Azərbaycan qanunlarına görə yetkinlik yaşı 18-dir. Bəs bu andıra qalmış yetkinlik nədir? Adamın bütün fəaliyyət qabiliyyətlərini əldə etdiyi yaşa yetkinlik yaşı deyirlər. Hərəkətlərinin anlamını bilir, özünə rəhbərlik edir və ən əsası, valideynləri onun hərəkətlərinə görə hüquqi məsuliyyətdən artıq azad olur.

Bu saat BMT-nin 193 üzvü var, həmin dövlətlərdən 133-ndə yetkinlik yaşı bizdəki qədər, yəni, 18-dir. Yalnız 16 dövlətdə 21 yaş yetkinlik sayılır. Qalan hamısı aşağı rəqəmlərdir.

Qısası, hara yozursan yoz, dünyanın hansı dərəsinə istəsən get, 23 yaşlı insan artıq yetkin insandır.

Bəs niyə bir dəstə dövlət orqanı adamın dalınca düşüb, onu ovlamaq və harasa aparmaqla məşğul olsun?

21-ci əsrdə, siz Allah, bu nə davranışdır, bu nə insan münasibətidir?

“Ailəsinə təhvil verilibmiş”. Buradakı “təhvil vermək” ifadəsində təhqiri doğrudanmı təkcə mən görürəm? Bu, necə ailədir ki, orda qadınlar 23 yaşda da yetkin sayılmır?

Şübhəsiz, orda 33 yaşda da qadın yetkin deyil.

43, 53, 63, 73... yaşlarda da.

Şübhəniz varmı?

Tək o ailə deyil.

Bütöv bir cəmiyyət hər il martın müəyyən günündə (sanki mart pişikləridir) artistliyə, dona girər, qadınları təbrik eləyər. Qadınların adam yerinə qoyulmadığını deyənləri isə “feminist”, “xaricdən maliyyələşən yad ünsür”, nə bilim, “küçə qadını” deyərək təhqir edərlər.

5 Aralık Dünya Kadın Hakları Günü mesajları! Dünya Kadın Hakları Günü  nedir, nasıl ortaya çıktı? | Gündem Haberleri

Mən də sizə sual verirəm: bir kişi 23 yaşında rayondan paytaxta gəlsə, onun haqqında axtarış verilərdimi?

Üstəlik, hüquq-mühafizə orqanları işini-gücünü atıb həmin cavan oğlanın axtarışları, tapılıb “ailəsinə təhvil verilməsi” ilə məşğul olardımı?

“Züleyxa Seyidməmmədova adlı qadın qohumlarına təhvil verilmişdir” – belə bir xəbər təsəvvür eləyin. Züleyxa xanım Azərbaycanda qadınlar arasında ilk hərbi təyyarəçi, hava döyüşündə iştirakçıdır.

1919-cu ildə Bakıda doğulub, pilot lisenziyasını 16 yaşında alıb.

1941-ci ildə - 22 yaşında artıq faşistlərə qarşı döyüş uçuşları keçirirdi.

Üst-üstə 500 döyüş uçuşunda olub.

Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadə 1930-cu ildə ilk kinosunu çəkəndə 22 yaşındaydı.

İlk opera müğənnimiz Şövkət Məmmədova səhnədə ilk çıxışını edəndə 15 yaşı vardı.

Bu örnəkləri çox vermək olar.

Əslində, şişirtmə elədim, üzrlü sayın: bu örnəklər çox deyil. Bizim ən qədim eposlarımızdan biri “Kitabi Dədə Qorqud”da qadınlar girov, məzlum, kölə kimi təsvir edilir.

12 boyunu tapdığımız dastanda cəmi iki nəfər az-maz müstəqil, qoçaq, öz ayağı üstündə duran qadın qəhrəman var, onlardan da biri kafirin – Trabzon təkurunun qızıdır, sonradan Oğuz elinə gətirilir. “Öyünərsə ər öyünsün, aslandır, öyünməklik övrətlərə böhtandır” – bu da ordan “qürurlanası” parçadır, yadınıza gəlirsə...

“UZİ” aparatlarında qız uşaqlarını soyqırıma uğratmaq, eyni zamanda, “cənnət anaların ayağı altındadır” demək olar. No problem. Qadın insanın ən yaxın dostudur. Camaatın anası-bacısı var. “Ana ürəyi” segahımıza bir Xayao Miyazaki lazımdır – götürsün animasiya çəksin, “Oskar”ın küllünü yığışdırıb ana vətənimizə gətirsin.

Ciddi sözümdür!

2021-ci ilin fevralında avtomobil qəzalarında sığortalar üzrə rəqəmlər açıqlanmışdı və maraqlıdır ki, bunu cinslərə ayırmışdılar.

2020-ci ildə belə qəzaları törədənlərin 822-si qadın, 17 min 927-si isə kişi idi.

Ancaq siz indiyəcən “Kişi sürücü qəza törətdi” başlığında xəbər oxumusunuz? Əksi minlərlədir.

21-ci əsrdə yaşayırıq guya, hələ də xəbərə “Sürücü qadın qəza törətdi” başlığı qoyan idiotlar var. Ən axırıncı belə xəbəri keçən həftə oxumuşdum.

Bəs bu idiot yazarları ailəsinə kim təhvil verməlidir?

# 6079 dəfə oxunub

Müəllifin son yazıları

# # #