Dilimizdə ilk dəfə: “İtmiş zamanın axtarışında” – MƏTN

<span style="color:red;">Dilimizdə ilk dəfə:  “İtmiş zamanın axtarışında” – <span style="color:red;">MƏTN
2 iyul 2018
# 17:30

Kulis.az dahi fransız yazıçısı Marsel Prustun 6 cildlik “İtmiş zamanın axtarışında” romanının “Svana doğru” bölümünün birinci hissəsini təqdim edəcək. Məqsəd azərbaycandilli oxucuda əsər haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir. Mətn yazıçı-tərcüməçi Zahid Sarıtorpaq tərəfindən rus dilindən çevrilib və "Xəzər" jurnalında çap edilib.

Anam çarpayımın yanında oturmuşdu: o, adı mənə sirli görünən, gözlərimdə xüsusi cizgilərə və müəmma dolu bir gözəlliyə bürünmüş qırmızı cildli "Fransua le Şampi" kitabını əlinə götürmüşdü. Mən o zaman real romanlar oxumamışdım. Corc Sandın tipik romançı olduğunu eşitmişdim. Təkcə bu, artıq məni düşünməyə məcbur edirdi ki, "Fransua le Şampi"də ifadə edilməsi mümkünsüz olan nəsə bir gözəllik var. İnsanların ruhuna toxunan və ya əsərdə baş verənlərə maraq yanğısı oyadan Corc Sandın təhkiyə üsulları, həyəcanlandıran və ya kədər gətirən ifadə tərzi, az-çox zərif qəlbi olan hər bir oxucuda bütün bu sadalananların romandan romana ötürüldüyünə şübhə yeri qoymurdu; mən hər bir yeni kitaba çoxluğun içindən biri kimi deyil, özünəməxsus, öz-özlüyündə qapalı bir şəxsiyyət kimi baxırdım, buna görə də bu üsullar və ifadə tərzləri "Fransua le Şampi"nin xüsusi varlığının tərəddüd edən şüaları kimi təəssürat yaradırdı. Gündəlik hadisələr, hamıya məlum həqiqətlər, gəzərgi ifadələr anlayışı altında, mən qeyri-adi bir intonasiyanı və səslənişi tuta bilirdim. Təsir başlamışdı; o, mənə daha çox qaranlıq görünürdü, o zaman bir adətim vardı, səhifələri su kimi içsəm də, başqa şeylər haqda düşünürdüm. Fikrimin dağınıqlığı ucbatından yaranmış boşluqlara, bu dəfə başqaları da əlavə olundu: kitabı mənim üçün ucadan oxuyan anam, sevgiylə bağlı bütün səhnələri ötürürdü. Buna görə də, dəyirmançı qadınla oğlan arasında baş verənlər və getdikcə güclənən könül bağlantılarıyla izah olunan qəribə dəyişikliklər mənə dərin sehrə bələnmiş kimi gəlirdi, bu da öz növbəsində, tanımadığım birisində baş verənləri izləmək həzzi və Şampinin adı üçün xoş olan, nədənsə, təsəvvürümdə həmin oğlanı parlaq al rəngə bürüyən cazibə yaradırdı. Ümumiyyətlə, anam etibarlı bir oxucuydu, kitabda saxta hisslər aşkarlamırdısa, gerçəkdən, şərhi gözəl, səsi həzin, təqdirəlayiq və inamlı olurdu. Hətta, həyatda, heç də incəsənət əsəri deyil, canlı varlıqlar onu riqqətə gətirib təsirləndirəndə, çoxdan balasını itirmiş bir anaya dərd verə biləcəyindən ehtiyatlanaraq və ya ahıl çağında olduqlarını xatırlatmamaq üçün qocalarla bayramlar və ildönümləri haqda söhbətdən qaçaraq, yaxud gənc bir alimə cansıxıcı görünməsin deyə təsərrüfat söhbətləri etməməyə üstünlük verərək, həssaslıqla öz səsindən, hərəkətindən şadyanalıq hissinin çalarlarını kənarlaşdırırdı! Corc Sandın romanlarını oxuduqca, eynilə, onlardan sağlam ruh və xeyirxahlıq mehi əsirdi, – yeri gəlmişkən, nənəm anama təlqin edirdi ki, həyatda ən vacib olanı elə budu, mən isə kitablarda ən önəmli olanın bunlar olmadığını kifayət qədər sonra anamın beyninə yeridə bildim – anam ucadan etdiyi qiraətin bəlağətdən tamamilə azad olmasına və bayağı olmamasına fikir verirdi, çünki bu, güclü nitq axını barədəki təəssüratları və Corc Sandın sanki onun səsi üçün yazılmış, belə demək mümkündürsə, bütünlüklə onun səsinin həssaslığının ahəng tutumunu qapsamış hər bir cümləsini korlaya bilərdi, ona görə də, o, yaranışdan malik olduğu bütün həlimliyini və könül səxavətini səsinə hopdururdu. Bu ifadələri düzgün tələffüz etmək üçün, o, öz içində birbaşa sözlə deməyin mümkün olmadığı, amma onu diktə edən və yaranmasına görə borclu olduğu dərin bir səmimiyyətə tapınırdı; anam bu səmimiyyətlə eyni vaxtda zaman fellərinin kobudluğunu ölçürdü, xeyirxahlığında olan həlimliyi, incəliyində olan kədəri keçmiş qeyri-kamil olana və keçmiş mükəmmələ ötürərək, ifadələri bir-biriylə bağlayır, sayından asılı olmadan heca axınını yavaşıdaraq, cümlələrə ritmik bir ahəng uyarlayırdı; o, nəsrin adiliyinə həyat hissi bitib-tükənmək bilməyən ruh verməyi bacarırdı.

Artıq məni vicdan əzabı rahatsız etmirdi; anam yanımdaydı və mən bütünlüklə bu nəvaziş dolu gecənin hökmü altındaydım. Belə bir gecənin təkrarlanmayacağını dərk edirdim, bilirdim ki, ən güclü arzum – yəni, həsrət dolu gecə saatları uzandıqca, anamın mənimlə birlikdə olması – həyat zərurətləriylə və digər ailə üzvlərimizin istəkləriylə barışmaz bir ziddiyyət içindədi, amma təkcə bu gün, bu arzumu xüsusi bir lütf ilə və istisnayla gerçəkləşdirmək üçün bir fürsət düşüb. Sabah yenidən həsrət çəkəcəm, amma anam artıq mənimlə qalmayacaq. Amma çəkdiyim xiffət sovuşanda, bir qayda olaraq nəyin iztirabını çəkdiyimi anlaya bilmədim; həm də sabahkı axşama hələ çox vardı; özümə təlqin edirdim ki, hələ nəsə düşünüb-tapmağa vaxtım var, amma bu vaxt mənə heç nə bəxş etməyə bilər, çünki məndən asılı heç nə yoxuydu, aralıq zamanın uzunluğu maneələri kənarlaşdırmağa bəslədiyim ümidimi canımda isindirirdi.

***

Beləliklə, uzun müddət, gecələr ayılaraq dəfələrlə Kombreni xatırlayanda, önümdə, tamamilə qaranlıq bir fonda, nəysə, dikinə işıqlanmış, yəni, eynən od saçan Benqal tutuşqanı kimi və ya hər yan qaranlığa bürünəndə, elektrik fanarının binanın bir hissəsini işıqlandırdığı sayaq bir yarğan görürdüm: kifayət qədər geniş bir sahədə kiçik bir qonaq otağı, yemək salonu, mənim qəm-qüssəmin şüursuz səbəbkarı olan Svanın peyda olduğu tutqun xiyabanın həm başlanğıcı, həm də, pilləkənə sarı bir neçə addım atdığım və qalxdıqca acı çəkdiyim ön hissəsi gəlirdi xəyalıma; bu pilləkən özündə yeganə nizamsız quruluşlu piramidanın çox dar səthini ehtiva edirdi, onun yüksəkliyində mənim dəhlizə açılan şüşə qapılı yataq otağım yerləşirdi: bu qapıdan keçərək yanıma anam gəlirdi; elə bil, o, həmişə əhatəsindəkilərdən bütünlüklə təcrid olmuş şəkildə, qaranlıqdan sıyrılan dəyişməz bir dekorasiya kimi eyni saatda gözə çarpırdı (bu, əyalət teatrları üçün nəzərdə tutulmuş qədim pyeslərin əski nəşirlərinin ilk səhifələrindəki dekorasiyalara oxşayırdı); əgər bütün Kombre yeganə bir evin dar bir pilləkənlə birləşən iki mərtəbəsinə çevrilsəydi və orada zaman həmişə axşam saat yeddidən ibarət olsaydı, bu, həm də mənim yatmaq qayğılarımın dekorasiyası olardı. Əslində, Kombredə daha nəsə vardımı və orada saatlar başqa vaxtı göstərirdimi sualına mən müsbət cavab verərdim. Amma bu, artıq yaddaşımın gərginliyi demək olardı, idrakıma bağlı yaddaşımın diktəsi olardı, onun keçmişə baş vurması ayrı təsəvvür yarada bilməzdi, yoxsa məndə Kombrenin başqa xüsusları barədə düşünməyə həvəs qalmazdı. Əslində o, mənimçün ölmüşdü.

Bu ölüm əbədiydimi? Bəlkə də.

Bütün bunlarda bir çox təsadüflər var; birinci şans çox vaxt bizə mərhəmət gözləməyə aman vermir, ikinci şans isə ölümdü.

Mən kifayət qədər həqiqətə uyğun Kelt inanclarına görə, İtirdiklərimizin ruhlarını əsir düşdükləri ən ibtidai heyvanlarda, bitkilərdə, cansız əşyalarda tapıram; onlar üçün həbsxanaya çevrilmiş ağaclara yaxınlaşdığımız və ya əşyalara sahib olduğumuz günəcən, – bu, heç də çoxlarının qismətinə yazılmayıb – onlardan ayrılırıq. Bax, bu zaman onlar titrəyir, öz səsləriylə bizi çağırırlar və onları tanıyan kimi, ovsunlar sınır, yazılanlar pozulub qüvvəsini itirir. Ölüm dediyimiz fəth olunur, onlar ölümə qalib gəlir, həyatımızı bölüşmək üçün geri qayıdırlar.

Eləcə də bizim keçmişimiz. Ona qayıtmaq üçün boş yerə cəhd edirik, bütün şüurlu səylərimiz əbəsdi. Keçmiş, ona çatmağın mümkünlüyü hədlərindən kənardadı, yəni elə bir məkandadı ki (onu bizə hiss etdirməklə çatdırır), biz onu həmin yerdə üzə çıxaracağımızı heç vaxt gözləmirik. Biz onu həyatımızda tapacağıqmı, yoxsa ölümümüzlə qarşılayacağıqmı – bu, sırf təsadüfdən asılı olan şeydi.

Artıq uzun illər mənim üçün yuxuya getmək dramımın səhnəsindən başqa Kombredə heç nə mövcud deyildi, amma bir qış günü, evə gəldiyimdə, anam titrətdiyimi duyaraq mənə çay təklif etdi, adətən xoşlamadığım üçün imtina elədim, sonra özüm də bilmirəm nədənsə, fikrimi dəyişdim. Anam mənim üçün fleyta qoburuna, uzunsov balıqqulağı çanağına oxşayan koppuş piroq gətirmək tapşırığı verdi. Kədər dolu bu günün dilxorçuluğunu yaşadığım və sevincsiz sabahın yolunu gözlədiyim halda, mən, ixtiyarsız olaraq bir qaşıq çay içməklə, ağzıma bir loxma piroq qoydum. Çeynədiyim piroqun qırıntılarını isladan isti çay damağıma toxununca, ürpəndim: içimdə, nəsə, qeyri-adi hisslər baş qaldırdı. Səbəbini anlamadığım, gəlişinin və məni hər şeydən təcrid etməsinin mənşəyi bilinməyən zərif bir həzz bürüdü içimi. O an məndə bir aşiq kimi taleyin faniliyinə, onun miskin zərbələrinə, həyatın keşməkeşlərinə laqeydlik baş qaldırdı; daha doğrusu, bu gerçəklik mənim içimdə deyil, mən özüm bu gerçəkliyin içindəydim. Mən birdən-birə özümü ölü, gözəçarpmaz, miyanə bir insan kimi hiss etməyə son verdim. Bu güclü sevinc hissi hardan içimi doldura bilərdi? Onunla piroqlu çayın həzzi arasında bir bağlantı görsəm də, bu, daha uca və mənşəyi bilinməz bir hiss idi. Bəs o, mənim içimə hardan dolurdu? Məğzi-mənası nə idi? Onu necə cilovlamalı? Bir qaşıq da içirəm, amma birincinin mənə duyurduqlarına heç nə əlavə etmir, üçüncü isə, ikincidən bir qədər zəif olur. Dayanmaq vaxtıdı, iksirin sehrli qüvvəsi itir artıq. Aydındı ki, axtarılan gerçəklik onda deyil, mənim içimdədi. O, bu gerçəkliyi oyatsa da, özü bilmir, amma bunu sonsuza qədər, həm də, getdikcə daha anlaşılmaz bir şəkildə təkrarlamağa qadirdi, mənsə, bu gerçəkliyin zühurunun yozumunda gücsüzlüyümü dərk edərək, istəyirəm, ən azı öz diləyimlə ona dönə-dönə üz tutam, istəyirəm onun gücü zəifləməsin və təcili dadıma çataraq hər şeyi mənə anlatsın. Fincanı qoyaraq, ağlıma – öz şüuruma qapılıram. Gerçəyi o tapmalıdı. Amma necə? Hər dəfə öz üzərində üstünlüyü ələ aldığını duyunca, üzücü qərarsızlıq onu buxovlayır; axı, arayıcı odur, ancaq var olan qaranlıq sahədə, onun axtarışları və bu işə yönəltdiyi bütün çabaları zərrə qədər də özünə xeyir verməyəcək. Axtarmaq? Yox, həm də yaratmaq! O, hələ mövcud olmayan elə bir nəsnəylə üz-üzədi ki, heç kim bunu onun özü qədər dərk etməyə, sonra da işıqlandırmağa qadir deyil.

Mən yenə də, dəfələrlə özümə sual verirəm: bu necə bir haldı, axı, mən onun məntiqi izahını verə bilmirəm və bununla yanaşı, həm də, bu, o qədər şübhədən kənar və o qədər canayatımlı, o qədər gerçəkdi ki, önündə bütün başqa gerçəkliklər soluxub-sozalır? Bu halı yenidən özümdə oyatmağa cəhd edirəm. Xəyalən birinci dəfə çaydan bir qaşıq içdiyim ana qayıdıram. Yenə həmin halı yaşayıram, amma bu dəfə hiss etdiyim ilkin təravətində olmur. İtməkdə olan həmin duyğunu bircə anlıq da olsa, izləmək üçün geri döndərməyi şüuruma məcbur edirəm. Onu heç nə yolundan saxlamasın deyə bütün maneələri və kənar düşüncələri önündən yığışdırıram, qavramımı və diqqətimi qonşu otaqdan gələn səslərdən qoruyuram. O, əbəs cəhdlərdən yorulduqda, mən, əksinə onu yenicə əl götürməyə vadar edib yayındırdığım təsəvvürlərə təhrik edirəm, təzələnmək üçün başqa şeylər haqda düşünməyə, gərginliyə qarşı var gücüylə hayqırmağa izn verirəm. Ardınca, artıq ikinci dəfə mən ondan bütün gərəksiz olanları kənarlaşdırıram, hələ öləziyib gücdən düşməmiş birinci udumdan aldığım həzzə sarı yenidən yaxınlaşıram və hiss edirəm ki, nəsə içimdə ürpənərək məni uçundurur, yerindən tərpənir, boy verib çıxmaq, böyük dərinliyin lövbərindən qurtulmaq istəyir; nə olduğunu bilməsəm də, o, aram-aram yüksəlməyə başlayır; mən dirəniş hiss edirəm və keçilmiş fəzaların uğultusunu duyuram.

Sözsüz ki, içimi titrədənlər bir xəyaldı, seyrçi ovqatından doğanlardı: çayın dadıyla qırılmaz şəkildə bağlı olduğu üçün, cəhd edir ki, onun ardıyca yuxarıya boy verib qalxsın. Amma o, kifayət qədər dərinlərdə çırpındığına və son dərəcə mübhəm olduğuna görə, qarşımda sayrışan hiss edilməz rənglər burulğanına qarışan anlaşılmaz, solğun şəfəqlərini zülmlə ayırd edirəm, amma mən onun görünüşünü seyr etmək, yeganə yozucu kimi öz çağdaşlarından, yəni onun ayrılmaz yol yoldaşı olan o dadın həzzindən mənə şəhadət gətirməsini diləmək iqtidarında deyiləm, bir də, zamanın hansı dönəmindən, hansı fərdi təsadüfdən söhbət getdiyini sormağa gücüm çatmır.

Özünə xas uzaqlardan boy verən, silkələnərək oyadılmış və ruhumun dibindən yüksələn bu xatırlamalar, keçmişə qovuşan bu bir an, huşumun işıqlı fəzalarına yetişəcəkmi görən? Deyə bilmərəm. Artıq mən heç nə hiss etmirəm, an dediyim dayanıb artıq, olsun ki, yenidən dərinliklərə çöküb; kim bilir, nə vaxtsa, yenidən çırpınıb zülmətlərdən üzə çıxacaqmı? Dəfələrlə yenidən başladım, əyildim o məqamın üzərinə. Hər dəfə də, bizi ağır işdən, böyük başlanğıcdan yayındıran ruh düşkünlüyü mənə bu işdən əl çəkməyi məsləhət gördü, bugünkü kədərimdən və sabahkı planlarımdan başqa heç nə haqda fikirləşməməyi, çay içməyi tövsiyə elədi, necə deyərlər, bu məsələdə ucun tutub ucuzluğa getmək olar işarəsi verdi.

Elə bil, qəfildən huşum özümə qayıtdı. Bu, Kombredə hər bazar günü (mən bazar günləri messaya qədər evdən çıxmırdım), səhər-səhər yanına salamlaşmağa getdiyim Leoniye xalanın çay və ya cökə çiçəyi dəmində isladaraq məni qonaq etdiyi bir loxma piroqun dadıydı. Dadına baxmayana qədər piroqun görünüşü içimdə heç bir hiss oyatmırdı; bəlkə də, bu, sonralar tez-tez həmin piroqu qənnadı piştaxtalarının rəflərində gördüyümdən irəli gəlirdi, amma yemirdim, onun surəti Kombreni tərk etmişdi, daha yeni təəssüratlara qarışmışdı; bəlkə də, çoxdan yaddaşımdan itən bir dənə də olsun xatirəm geri dönmədən, səpələnib yox olmuşdu; bütün görünüşlər – eləcə də, insana kəskin hissiyyat yaşadan, ciddi quruluşlu, dini şirniyyat sayılan və buna rəğmən insan şüurunu çulğalaya bilən balıqqulağına oxşar piroq formaları məhv olmuş, yuxuya dalmış, yayılmaq qabiliyyətlərini itirmişdilər.

Amma o zaman ki, uzaq keçmişlərdən artıq heç nə qalmamışdı, canlı varlıqlar qırılıb qurtarmış, əşyalar dağılmış, yalnız qoxu və dad daha kövrək, əvəzində yaşamağa daha çox qabil olan, daha çox mücərrəd, dözümlü, etibarlı olmuş, ölülərin ruhu kimi hələ uzun müddət özlərini xatırladır, ümid edir, gözləyir və onlar, bu zorla hiss ediləcək xırdalıqlar xarabalıqların arasında əyilib-qatlanmadan öz üzərində xatirələrin nəhəng tikilisini saxlayırlar.

Mən bir daha xalamın qonaq etdiyi, cökə çiçəyinin dəmində isladılmış piroqun dadını hiss edincə (əslində, hələ anlamırdım ki, niyə bu xatirə məni bunca sevindirir və bu müəmmanı uzun müddətə kənara qoymuşdum), həmin an, xalamın otağının pəncərələrinin də baxdığı, üzü küçəyə tikilmiş köhnə, boz rəngli əsas ev və onun yanında, valideynlərimin evlərinin arxasında əlavə tikilmiş, pəncərələri bağçaya baxan kiçik ev, sanki bir teatr dekorasiyasına çevrildi (yalnız keçmişin bu bir parçası hələ də mənim yaddaşımda yaşamaqdadı). Bu evə gəlincə, mən şəhərciyi görürdüm, onun səhərlər, gündüzlər, axşamlar necə göründüyünü, hər cür hava şəraitində mənim səhər naharından öncə çıxarıldığım meydanı görürdüm, aydın havada uzun gəzintilər etdiyim küçələri xatırlayırdım. Bir yapon oyununda olduğu kimi, – yəni, onların suyla dolu saxsı fincana bir-birinə bənzər xırda kağız parçaları tökdüyü, bu kağız qırıqları suda hamarlanıb düzəldiyi, hər biri müəyyən bir şəkil aldığı, boyaları qarışaraq, hərəsində bir cür forma əmələ gətirdiyi, çiçəyə, tikiliyə, gözə çarpan və məlum varlıqlara oxşadığı kimi, indi bizim bağçamızın və Svanın parkının da bütün gülləri, Vivon bardağı, şəhərin möhtərəm sakinləri, onların evləri, kilsə – bütün Kombre və onun civarları – forması və sıxlığı olan hər şey – şəhər və bağlar – bir fincan çayın üzünə çıxmışdı.

Bölümün sonu

# 2001 dəfə oxunub

Müəllifin son yazıları

# # #