Namus ləkəsini qanla yuyanlar

Namus ləkəsini qanla yuyanlar
12 noyabr 2014
# 13:36

Dionis, Odisseyin dərdlərini incələyib öz dərdlərini bilməyən dilçilərə, musiqi alətini kökləyib, öz həyatını “kökləyə” bilməyən musiqiçilərə, ədalətdən danışmağı bacarsa da ədalətli olmayanlara lağ edərmiş.

Mişel de Monten, “Necə yazmalı?”

Yazıçı Səfər Alışarlının kulis.az saytındakı “Yazıçı nəyi necə yazmalıdır?” başlıqlı yazısı geniş polemika mövzusudur. Sadəcə yazının başlığını günlərlə müzakirə etmək olar.

Mən şəxsən yazıda qoyulan problemi aktual hesb edirəm və Səfər Alışarlının narahatlığını tam mənasıyla başa düşürəm. Amma problemə münasibətdə müəlliflə razılaşmaq fikrində deyiləm.

Konkret müzakirə olunan fikir; "Arvadım o qələti eləsydi, mən onun başını kəsərdim". – fikridir. Yazıçı əsərində hansısa personajın dilindən bu fikirləri səsləndirə bilərmi? Mənim fikrimcə bu mümkündür. Bu fikrin ifşaedici tonda işlədilməsi məqbuldur.

Ustad hesab etdiyim dəyərli yazıçımıza irad bildirmək fikrindən uzaq olsam da, bu fikirdəki mövqeyini bölüşmürəm.

Biz mental dəyərlərin və dinin hegemon olduğu, əxlaq anlayışının qurşaqdan aşağı qavranıldığı, namus cinayətlərinin törədildiyi bir cəmiyyətdə yaşayırıq. Namus cinayətləri və cəmiyyətin mental təfəkkürünün basqısı altında törədilən qətllər şəxsən bir yazıçı kimi məni də narahat edir. Bənzər situasiya ilə bağlı yüzlərlə nümunə göstərmək olar.

Yazıçı personajının psixoloji durumu açmaq, situasiyanı aydınlaşdırmaq və ya vəziyyətin ağırlığını göstərmək üçün hansı vasitədən istifadə etməlidir?

Mental düşüncəli, geriqafalı, xəyanətin qanla yuyulmasını normal hesab edən personaj necə ifşa olunmalıdır? Yazıçı bu iyrəncliyi necə yazmalıdır?

Bütün bu faciələri, qətlləri, insana qarşı vəhşi münasibəti pisləsəm də, vəziyyətin ağırlığını göstərmək üçün mən də məhz personajın dilindən – "Arvadım o qələti eləsydi, mən onun başını kəsərdim" cümləsini yazardım. Belə yazardım ki, personajın nadanlığı, gerizəkalılığı daha aydın, daha anlaşılan olsun.

Çünki Azərbaycan kişisi oxşar situasiyalarda məhz “başını kəsərəm”, “səni tikə-tikə doğrayaram”, “öldürərəm səni”, “səni öldürüb, sonra da gedib türmədə yataram” tipli ifadələr işlədir. Təəssüf ki, namus cinayətlərində günahkar bilinənlər həbsxanada da xüsusi münasibətlə qarşılaşır. Cəmiyyət gizli-gizli bu zehniyyətə heyranlıq duyur.

Qatilə – məsələn xəyanət etmiş qadının başını kəsən kişiyə, kişinin cinsi orqanını kəsən cinayətkara münasibətdə yazıçı tərəf tutursa və haqq qazandırırsa bu ən böyük əxlaqsızlıqdır. Amma ironiya edirsə, personajın dili ilə oxşar vəziyyət ifşa olunursa yazıçıya haqq qazandırmaq olar.

Bəs bu cür obrazı mətndə necə “danışdırmalıyıq”? Namusunu təmizləmək üçün personaj mütləq baş kəsib, qan tökməlidirmi? Bəli, mental personajları, cəmiyyətin bağrından qopub gələn “namus, qeyrət, əxlaq” keşikçilərini bu şəkildə ifşa etmək lazımdır. Onların danışıq tərzi, düşüncəsi və həyata baxışı məhz öz dilindən, öz ifadə tərzi ilə ifşa olunmalıdır.

Yazıçı bu məqamda güzgü rolunu oynamalı, cəmiyyəti özünə tanıtmalı və ifşa etməlidir.

Səfər Alışarlının dediyi kimi yazıçı “bu faciələri görən, onlara acıyan və onların azalmasını istəyən”dir.

Düşünürəm ki, yazıçı personajın dilindən “ölümdən qat-qat acı və ağır” ifadələr yazmaqla fiaskoya uğrayar və prosesi, situasiyanı anlamayan yabançı təsiri bağışlayar. Qısacası, bu cür münasibət mənim fikrimcə uğursuzdur.

Yazıçı bu yolu seçsə televiziyaların dublyaj zamanı “Fuck your mother” ifadəsini “Sənin anan düz eləmədi” kimi səsləndirən aktyora bənzəyəcək…

Yazıçı ifşa etməli, yeri gələrsə məzələnməli, bu zehniyyəti ələ salmalı, lağ etməlidir.

Yazıçının mirzədən, qəzet reportyorundan da fərqi məhz bu incə məqamdadır…

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #