Aşiq olmaq üçün darıxmışdım

Aşiq olmaq üçün darıxmışdım
21 dekabr 2017
# 14:03

Kulis.az “Qadın məktubları” rubrikasında şair-esseist Rəbiqə Nazimqızının növbəti məktubunu təqdim edir.

Cənab k. üçün beşinci (altıncı) məktub

Xatırlayırsan, Eponinanın qarşılıqsız sevdiyi qəhrəman onun ölüm ayağında gəlib çıxdı. Bəlkə də, o zaman qızın dilindən səslənən cümlə ömrünün yeganə etirafı idi: "Mən, deyəsən, sizə bir balaca... vurulmuşdum". Hə, əlbəttə, son nəfəsini tapşıranda Marius onun alnından öpdü. Əmin edirəm, qız canını xoşbəxtcəsinə (olar, belə də ifadə olar, bu gün olar, mənə olar, sənə yazdığım məktubda olar) tapşırdı. Yox, əzizim, məsələ nə öpüşdədir, nə son nəfəsdə sevdiyinin gəlib çıxmasında. Nədədir, bunu da izah edə bilməyəcəyəm, səmimi deyirəm, özüm də bilmirəm...

Xatırlayırsan, Mariya ömrünün cəmi 72 saatını Robert Cordanla keçirmişdi. Amma dünya yaranandan, bəlkə də, heç yaranmamışdan ona yol gəlirdi. Müəllif deyir, insanlar bir-birini başa düşəndə həmişə belə olur. Bilirsən, bu yerdə mənim hörmətli Heminqueyə bircə iradım ola bilər: “başa düşəndə” yox, “hiss edəndə”. Elə şeylər var ki, onları başa düşmək mümkün deyil, ehtiyac da yoxdur. Onları yaşamaq lazımdır. Bu hissiyyat özündə elə başa düşməyi də ehtiva edir. Amma ruh beyindən həmişə ən azı yüz addım öndədir. O, səhv eləmir. Ya da... o, səhvləri belə gözəl edir...

Əlbəttə, yalnız axmaq adamlar "xoşbəxtlik nədir" sualı üzərində düşünürlər. Bu, düşüncə məsələsi deyil çünki. Bu, bacaranlar üçün yaşam tərzidir, vəssalam...

Ölümə gəlincə, suala cavab tapdığımı zənn edirəm. Bir neçə il əvvəl yolun ortasında, işıqfora baxdığım yerdəcə ayağım burxuldu, qarşıdan sürətlə gələn avtomobilin işığı üzümə tuşlananda nə qızım yadıma düşdü, nə anam. Tunel-filan görməyə, ömrümü lent kimi beynimdə canlandırmağa da vaxt yox idi. Bircə cümlə dedim: "bu da son" və gözlərimi yumdum. Sıfır hiss və həyəcan. Gözümü açanda gördüm ki, rəngi ağarmış sürücü qolumdan tutub nəsə çığırır... Ölmək istəmirdim. Yox, xüsusi səbəb-filan yox idi, elə bir yaşamaq həvəsi də...

Romantik vaxtlarımda, ölümdən min ağac olduğumu düşünəndə mənə elə gəlirdi ki, son nəfəsdə sevdiyin adamı arzulamalısan, hətta bəlkə, onun gəlişi səni həyata qaytara da bilər. Ölümün bir addımlığında hər şey fərqli oldu. Niyə, bilmirəm. Bircə şeyi bilirəm, ömrü boyu bir arzum olub: xoşbəxtlikdən olmasa da, xoşbəxt anımda canımı tapşırmaq...

Ümumiyyətlə, mənim arzularımın hamısı bir az gülməlidir. Məsələn, əllərimi gödəkçəndə gizlətmək, çiynimi təbəssümünə söykəmək, səsini oğrulayıb şərfimin arasında gizləmək... Və eyni zamanda bunların heç birini eləməmək, bunların hamısını arzulamaqla kifayətlənmək. Hələ də bilmirəm, arzu gözəldir, ya onun həyata keçməsi? Bilirəm, bir az öncəki fikirlərimin hamısının üstündən xətt çəkmiş oluram. O qədər rahatam ki, hər şeyə inanmağa hazıram, daha doğrusu, inanmaqla inanmamaq arasında fərq görmürəm, təxəyyüllə gerçəkliyin sərhədlərini itirmişəm və heç nədən zərrəcə narahat deyiləm. Niyəsini də deyim, bu, mənə gələcəkdə lazım olacaq. Məsələn, özümü inandıracağam ki, hər şey təxəyyül oyunu idi, ya da əksinə, burada təxəyyüllük heç nə yox idi. Hansı sərf eləsə, onu... Səmimi deyirəm...

Axmaqladığımı bilirəm, amma nə gizlədim, aşiq olmaq üçün darıxmışdım. Bir saniyə səni tək qoymayan təbəssüm, yüngül sərxoşluq, qulaqcığımdakı mahnıları (eybəcər səsimlə və biabırçı musiqi duyumumla) hündürdən oxumaq üçün piyada getdiyim yolları süni şəkildə uzatmaq, özümü az qala çəkisizlikdə hiss etmək, aclıq duyğusunu itməsi. Yüz faiz, bunlar əvvəllər də olub. Amma nə vaxt, kiminlə, inan, xatırlamıram. Bəlkə də, on il əvvəl... Bəlkə, ondan da uzaq...

Eponina demişkən, mən, deyəsən, bir balaca... Amma həm də çox, çox, çox xoşbəxtəm axı...

Stefan Svayqın “Yad qadın”ı yadıma düşür, yazıçı ömrü boyu onu tanımadı. Tanısa, nə dəyişəcəkdi? Hər il ad günündə naməlum qadından ağ çiçək almayacaqdı. Ya da Svayq başqa süjetli əsər yazacaqdı.

Onun məktubunu çox gec oxumuşdular. Ya mən xeyli şanslı çıxdım, ya...

Bir halda ki, mən ölmədən gəlmisən, nə olar, bir əziyyəti də sən çək: son cümləni özün tamamla...

# 2866 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #