Metro etüdləri

Metro etüdləri
12 oktyabr 2019
# 13:42

Kulis.az Ayxan Ayvazın “Metro etüdləri” yazısını təqdim edir.

Metroda bir qız "Cinayət və cəza" romanını oxuyurdu. Qulağına əyilib dedim: "Raskolnikov baltayla iki qadını öldürəcək, sonra vicdan əzabı çəkəcək, axırda da katorqaya gedəcək". Bu ara qapılar açıldı və mən aradan cırdım.

***

Hərdən metroda gedəndə insanlarımızın üzünə baxıb qışqırmaq istəyirəm: "Nolar, gülün! Xahiş edirəm!” Bir dəfə bunu içkili demişdim və məni metrodan qovmuşdular.

***

Metrodan çıxanda bir adam yaxınlaşdı. Orta yaşlı, gülərüz bir adam. Dedi ki, evdə pul yox idi, getdim xanımın qızıllarını satmaq istədim, ancaq yaxşı pul vermədilər, hamı aşağı qiymət deyirdi elə.

Bilmədim bunu niyə mənə danışır. Düşündüm ki, yəqin qızılları mənə satmaq istəyir.

- Vallah, o qədər pulum yoxdu, yoxsa alardım. - dedim.

Gülümsündü:

- Hiss elədim ki, sən də mənim kimi kasıb adamsan. "Prosto" bunu kiməsə danışmaq istədim. Sən də üzü yumşaq birinə bənzəyirsən, ondan danışdım. - adam bunu dedi, əlini uzatdı və getdi...

***

Metroda ağlıma hekayə mövzusu gəldi, tez çıxarıb telofona adını qeyd elədim: "Sevişmə mərkəzi". Yanımda qız oturmuşdu, gördüm ki, baxıb yekə arvadlar kimi başını bulayır. İstədim deyəm ki, utanıb-ölmürsən, şortiklə metroya minirsən, hələ bir mənim 18+ hekayəmə ağız büzürsən. Demədim, çünki birdən kimsə videoya çəkərdi, ara yerdə gündəm olardım.

***

Keçmiş gündəlikdən qeydlər:

Həmişə Xətai metrosunda eyni qızla rastlaşıram: işə gələndə, işdən çıxanda. O da məni tanıyır, görəndə gülümsünür. Həmişə ayaq üstə "Söykənməyin" yazılan qapılara söykənirik, heç vaxt oturmuruq. Arada mənə baxır, gülümsünür, mən də guya başımı kitabdan ayırmıram. Səhər vaxtı qulaqcıqla olur, axşam yorğun gözləri üzümdə gəzişir. Hər dəfə metroda onunla qarşılaşanda geyimində, üzündə nəyin dəyişdiyini axtarıram: deməli, səhər saçı açıq olur, sinəsinə tökülür, axşam isə saçını hörülmüş görürəm. Hər dəfə dostlarıma bu barədə danışanda deyirlər, tanış ol. Ancaq mən aramızdakı o sözsüz rabiətini sevirəm, bu sirri dağıtmaq istəmirəm. Fikirləşirəm ki, danışsaq, bir-birimizi tanısaq hər gün səhər-axşam bir-birimizi görəndə elə gülümsəmərik. Ona görə də bəzən hekayələr belə yarımçıq qalmalıdır, onda çox gözəl olur.

Image result for metro basabas

***

Metroda yenə basabas. Dağ boyda adamın arasında bir cüllüt qız, bu tərəfdə mən. Baxışmalar. Heç cür yaxına gələ bilmirik. Mən əsəbləşirəm, dişlərimi sıxıram. Qız da əsəbləşir, sumkasını sıxır. Maşinist də əsəbidir, qatarı bərkdən sürür. Sonra qız birtəhər hansısa stansiyada düşür. Platformada durub mənə baxır: gözlərindən təəssüf oxunur. Demək istəyir ki, basabas xoşbəxt olmağımıza imkan vermədi...

***

Bir dəfə metroda bomba xəbəri verildi. Hamı təlaşlandı. Qatardan düşüb tunelə girdik. Bir qız qəfil qoluma girdi, heç nə demədi, heç nə danışmadı. Elə bil sudan çıxmışdı, tir-tir titrəyirdi. Hiss etdim ki, tükləri biz-biz durub, üzü meyit üzü kimi dümağdır. Biz növbəti stansiyaya çatana qədər nə mən, nə də naməlum qız danışdıq. Sonra elə bil ayılan kimi oldu, yuxudan duran adamlarda olduğu kimi gözlərini ovuşdurdu, ətrafa döyükdü. Qolunu qolumdan çıxarıb “sağ ol”suz, bir kəlməsiz çıxıb getdi.

İndi nə vaxt metroya minirəm o qızı görürəm. Bu əhvalatı danışdığım adamlar iki yerə bölünür: inanan və inanmayanlar. İnananlar: “Yekə kişisən, qızla niyə tanış olmadın, niyə nömrəsini almadın?” İnanmayanlar: “Sən də lap ağ elədin. Elə şey olar?”

***

Bu gün metroda qəribə bir hadisə baş verdi. Ayaqüstə durub kitab oxuyurdum. Yanımdakı kişi dedi:

- O yanındakına fikir ver.

Baxdım ki, orta yaşlı bir adam əyilib, gözünü zilləyib qıza. Qız da utandığından başını qaldırmır.

- Onu çağır... - kişi çiynimə toxundu.

Əyilən qardaşı "Söykənməyən" yazılan qapıya tərəf apardıq.

- Niyə belə eləyirsən? Gözünü niyə zilləmisən? - bunu kişi dedi.

Özümü lap mafya başçısının qoruyucusu kimi hiss etdim.

Kişi hırıldadı.

- Nə gülürsən, ə?

Daha da bərkdən hırıldadı. Və bizim yaratdığımız bu tamaşaya metro əhli baxmaqdaydı.

Növbəti stansiyada qapılar açıldı. Kişi qoluma toxundu:

- Gəl bunu düşürüb bir yerdə döyək.

Mənim cavabıma baxın:

- Dayı, işə gecikirəm e. Sən özün döy.

***

O gün metroda gedərkən maraqlı bir hadisənin şahidi oldum. Deməli, basabasdan xilas olub təzəcə oturmuşdum. Gördüm ki, yanımdakı bir nəfər üzbəüzdəki oğlanla əl işarələri ilə danışır. Əvvəl fikir vermədim, kitab oxumağa çalışdım, alınmadı. Diqqətlə onları izləməyə başladım. Danışma məhdudiyyətli oğlanların birinin yanında qəşəng, saçı dizinə çatan bir qız oturmuşdu. İşarətlərdən belə başa düşdüm ki, onlardan biri qızın arxasınca düşmək istəyir, dostu isə razı olmur. Bir-biri ilə əl hərəkətləri ilə mübahisə etdilər. Qızın arxasınca düşmək istəyən yalvardı elə bil, keçirdiyi hisləri izah etdi. Dostu axırda dözmədi, işarə ilə qandırdı ki, a kişi, arxasınca düşəcəksən, danışa bilməyəcəksən, qız da çıxıb gedəcək. Bu əl hərəkətinin qabağında o birisi susdu, üzündə küsmüş bir ifadə yarandı. Sonra hansısa stansiyada qız düşdü, ikisi də şüşədən ona baxdılar. Qatar hərəkət etdi, üz-üzə gəldilər, eyni anda başlarını yırğaladılar.

***

Dünən Həzi Aslanov stansiyasına çatanda gördüm bir xanım qəşəngcə yatıb. Xanımı oyadanda gülümsündü. Dedim ki, deyəsən, yuxunuzda uşaqlığa aparmışdılar sizi. Gözəl təbəssüm qırışları bir az da artdı xanımın. Mən də bundan qüvvət alıb əlavə elədim: "Bu qatar isə uşaqlığa aparmır, uzaq başı Depoya aparacaq, ordan da Gəncliyə".

# 5721 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #