Qızlar şəhərdə nə axtarır?

Qızlar şəhərdə nə axtarır?
21 noyabr 2014
# 12:54

Heç kimə sirr deyil ki, hələ sovet vaxtı əyalət qızlarının şəhərə ərə getmək üçün ürəkləri atırdı. Onlar ağına-bozuna baxmadan, gözlərini yumaraq kimə gəldi gedirdilər - təki şəhərdə yaşasınlar.

Rayonumuzdan qonum-qonşunun neçə qızı şəhərə ərə getmişdi, əri narkoman, içki düşkünü çıxmışdı, boşanmışdı. Özü də şəhərə gedənlər elə bil qara daş kimi dərin bir quyuya düşürdülər. Boşansalar da geri qayıtmırdılar. Ya məhkəməyə verir, ərlərinin evini yarı böldürür, ya da dar, balaca qutu kimi evlərdə boşandıqları kişi ilə ayrı-ayrı otaqlarda yaşayırdılar.

Təzədən rayona qayıdıb gəlmək onlar üçün cəhənnəmə düşmək kimi qorxulu idi.

İndi də kənd qızları rayona, rayon qızları şəhərə ərə gedəndə hamı bəxtəvərlik oxuyur. Şəhərə rayondan köçüb gələn, sonra da şəhər həyatından şikayətlənən, kəndlə şəhəri daim müqayisə eləməkdən doymayan, “ağlım olsaydı şəhərə gəlməzdim” - deyən qadınların çoxuna dilindən tutaraq üstüörtülü bu sualı vermişəm. “Ərinizi niyə şəhərə köçməyə məcbur elədiniz? Axı burda sizi cəlb eləyən nədir?” Cavablar eynidir: “Rayonda evdən bayıra çıxmalı deyil. Hamı gözünü zilləyir ki, görəsən bu hara gedir? Sözbazdılar. Dedi-qodu çoxdu”.

Bu cavabdan matım-qutum quruyur. Gözüm kəlləmə çıxır. Axı, ay adam, ay qadın, sən kənddən şəhərə köçəndən nə həyat tərzini dəyişmisən, nə xasiyyətini, nə xislətini. Sən orda necə idinsə, burda da elə qalmısan. Sən yenə kənddəki həmyerlilərin kimi onun-bunun qapısını pusur, evinə kim gəlir - kim gedir qulaq asırsan. Sən qonşunun həyatını müzakirəyə çıxarırsan. Özündən çox başqaları haqqında düşünür və danışırsan. Başqalarının geyimi-keçimi, özünü necə aparmağı səni nə gecə rahat buraxır, nə gündüz. Qonşuların qızlarının ətəklərini az qala düşüb metrə ilə ölçürsən. Kiminki nə qədər uzundu, kiminki nə qədər qısa.

Sən bir dəfə də ərini, oğlunu, qızını yanına salıb teatra, kinoya, konsertə getmirsən. Bir dəfə də kitab yarmarkalarında iştirak eləmirsən. Sən bir dəfə də muzeyə ayaq qoymursan. Sən heç bir dəfə də dönüb filarmoniyanın qapılarına gözucu baxmamısan.

Ola bilsin ki, ayda-ildə bir dəfə bulvara çıxır, arxası dənizə sarı şəkil çəkdirib feysbuka-zada qoyursan ki, kənddəki qohumların baxıb paxıllansın. Amma, inan mənə bundan ötrü evini-eşiyini satıb, torpağından çıxıb şəhərə gəlməyə dəyməz. Sən orda da müəllimə işləyirdin, burda da. Sənin üçün şəhərlə kəndin arasındakı fərq nədədir?

Belə çıxır ki, sən kəndin təmiz, aydın səmasını, torpağını, suyunu, havasını yalançı və gözqamaşdıran gecə işıqlarına dəyişmisən. Sən hündür binaların əlindən üfüqü də görə bilmirsən. Dəniz ürəyini bulandırır. Sən dənizə də paltarlı gedirsən. Çimərlik geyimi geyinənlərə əxlaqsız deyirsən.

Əgər desən ki, avtobuslarda, metrolarda ət-ətə gəzmək xoşuna gəlir, tıxaclarda ürəyinin sıxılmasından gözəl şey yoxdur, inanmaram.

Və nəhayət sən uşaqların üçün də fərqli gələcək arzulamırsan. Onları da özün kimi böyüdürsən. Sənə oxşamaları, fərqli düşünməmələri üçün dəridən-qabıqdan çıxırsan. Yer üzündə anlaya bilmədiyim yeganə məxluq varsa, o da sənsən! Axı sən nə istəyirsən? Sən niyə müharibəsiz-savaşsız öz doğma yurdundan, evindən-eşiyindən didərgin düşmüsən?

# 3979 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #