Dünyanı adiləşməyə qoymayan şair

Dünyanı adiləşməyə qoymayan şair
14 noyabr 2016
# 12:02

Kulis.Az tənqidçi Elnarə Akimovanın şair Məmməd ismayıla həsr etdiyi “Bircə ana – vətənmiş” məqaləsini təqdim edir.

Yerdə qalanı, qürbət...

XX əsrin əvvəllərində türk şairi Nazim Hikmət “Dünyanı verəlim cocuklara” deyirdi:

Dünyayı verelim çocuklara hiç değilse bir günlüğüne

allı pullu bir balon gibi verelim oynasınlar

oynasınlar türküler söyliyerek yıldızların arasında

dünyayı çocuklara verelim

kocaman bir elma gibi verelim sıcacık bir ekmek somunu gibi

hiç değilse bir günlüğüne doysunlar

bir günlük de olsa öğrensin dünya arkadaşlığı

çocuklar dünyayı alacak elimizden

ölümsüz ağaçlar dikecekler

Həmin əsrin sonlarında isə başqa bir şair - Məmməd İsmayıl dünya nizamsızlığına uşaqların əli ilə son qoyulacağına dəli bir inamla sarılıb yazırdı:

Bağça uşaqlarının birliyi
Yaşıl işıq yandırır,
Maşınları dayandırır.
Bəlkə ordular da dayanar
Bu birliyin önündə...

Bu misralar mənə özünə sarı tuşlanmış süngüyə çiçək sancmağa çalışan körpə və onun məsum təbəssümünün əks olunduğu bir fotonu xatırladır. Əsl ədəbiyyat bu təbəssümün əbədi olmasına tutunan sənətdən başlayır. İnanaraq ki, bu birlik önündə dünyanın bütün orduları nə vaxtsa dayana bilər.

Məmməd İsmayıl poeziyası bu inam və sevgi ahənginin qorunmasında, milli-bəşəri dəyər və sərvət axtarışının həm keçmiş, həm də müasir mərhələsində iştirakda həqiqət və əməl cizgiləri kəsb edən poeziya, şeiriyyatdır.

***

Məmməd İsmayıl adı özü ilə bağlı çeşidli assosasiyalar doğurur. O, “hələ söz Vətəndə, mən qürbətdəyəm” misralarının ağrı yükünü çəkməyi alın yazısına çevirib uzun illər qardaş Türkiyədə yaşayan, mübariz ruhunu daim qoruyan və işıq kimi gələcək nəslə ötürən şeirlərin müəllifi, poetik-bədii təfəkkürü ilə əski qaynaqlara söykənən, dil materialı, bədii təsvir və ifadələr sistemi ilə təbiətə və dünyaya münasibətin özünəqayıdış qütbünü nişan verən yaradıcı enerji ünvanımızdan biridir. Kösöv misralarım dilimdə qürbət,/ İçərim də qürbət, çölüm də qürbət”, - deyərək daha çox qəribiyi ədəbiyyatımızın ağrı yaddaşına çevirməyə bacaran bu poeziyada poetik düşüncəmizin, intellekt potensialımızın bir hissəsi yaşayır. M.İsmayıl bu şeirləri ilə göstərir ki, harada olmasından asılı olmayaraq, şairin yazdığı misraların qanadında torpaq, xalq və millət sevgisini - ünvana, Söz adlı vətənə yetirmək olar. Çünki yaxşı dərk edir ki, insan ilk növbədə, öz yurdunun şairidi. Bu sabit sənət kredosu və ona sadiqliyi isə şairin yaradıcılığının ilk illəri sərgiləyir:

Mənim pisliyim də, yaxşılığım da

Sənin ayağına yazılır, Vətən...

M.İsmayıl ilk şeirlərindən özünün şair obrazını cızaraq yola çıxır: milli ruha, mübariz əhval-ruhiyyəyə, yaşamaq və yaratmaq həvəsinə köklənən bu şeirlərdə Vətən sevdası daha diri, daha oyaq görünürdü. Şair təbiətin gözəlliyini poeziyanın musiqisinə - səs keyfiyyətinə çevirməyi bacarırdı və bu musiqinin füsunkar ahəngində yaddaşın duyumu tərpədən nidası daha zil notlarla eşidilirdi. Təbiət lirizmi, sevgi həzinliyi içrə qərq olmuş ruhun tarixə və dünənə baxışı, bağlılığı, mühafizəkar marağı daim öndə idi. İkinci dünya müharibəsinin özü ilə gətirdiyi dağıdıcı mənzərənin ritmi, onun qanlı-qadalı olaylarının təsiri şairin yalnız şeirlərinə deyil, həm də yaddaşına və ruhuna çökən ağrı kimi təzahür edirdi:

...Ağlımız yenicә kәsirdi onda,
Bir həsrәt didirdi ürәyimizi
Bir ad dolaşırdı söz arasında.
Umuddan asılan qılınc kimiydik-
Analar qınından sıyırıb bizi
Qoymuşdu baxtıyla öz arasında.

Bu yerlә,
bu göylә,
bu dünya ilә
Eşqiylə, әhdiylә öz arasında!..

Bəlkə, buna görə 1990-cı ildə baş verən 20 Yanvar faciəsindən sonra bu qanlı hadisənin bədii əksini ədəbiyyatda ifadəyə çalışan və vətəndaşlıq qayəsi ilə işıqlandıran şairlərdən olur M.İsmayıl. Onun faciənin baş verməsindən az sonra qələmə alınan “Bu qan yerdə qalan deyil” şeiri 20 Yanvar faciəsinin fəlsəfi-poetik dərkində öz bədii-estetik siqlətini bu günədək qoruyub saxlayır.

Demә varlığını illәt әyibdir,
Dәrdlә öcә düşüb, millәt әyibdir.
Xalqımın köksünә güllә dәyibdir,-
Qan axır şeirimin misralarından,-
qan, qan, qan!
...
Bir Ay adı, bir gün adı
Tapındığım görkün adı.
Yerdә qalmaz Türkün adı,
Yerdә qalmaz yurdun adı,
Yerdә qalmaz qurdun adı,-
Bu qan yerdә qalan deyil.
Bu qan yerdә qalan deyil!

Sonralar da millətin yaddaşına həssas, vəfalı oldu. Bu ağrını, vətən sevgisini, nakam şəhid ruhlarını poeziyasının başı üzərinə qaldırıb unutmamağın nişanlarını verdi şeirlərində:

Bir zaman yoğrulub qanla bu torpaq,
Bəlkə azadlığın mayası qandı?
Canı unutmaqdı qanı unutmaq,
Qanı unudanlar unudulandı.

Unutmaq sırası sənəmi düşdü?
Unutma, elə bir an gələ bilər.
Bu gün şəhidləri unutsan işdi,
Sabah bulaqlardan qan gələ bilər.

1990-cı illərdən sonra şairin yaradıcılığı daha çox həzin, minor notlar üzərində qərar tutur. Təbiidir, özünü millətin bir parçası sayan şair onun çətin məqamlarında azadlıq ideallarının tribun ifadəçisinə çevrilir. Üzləşdiyimiz fəci proseslər şairin yaradıcılığında öz izini qoyur, ağrı, şikayət, qınaq amili önə keçərək şairin özü ilə “mən”i arasında çarpışmaya, ziddiyyətə rəvac vermiş olur.

Bu xalq yeddi yerdən zavala gəldi,
Bu xalqın danışan dili olmadım.
Bu xalqın başına min bəla gəldi,
Mən ki dözüb durdum, dəli olmadım,
Mən şair deyiləm, atam balası!

Digər mövzularda da Məmməd İsmayılın poeziyasında cavanlıq çağlarının nikbin və çılğın ovqatının, gənclik hərarəti, nikbin ruh və yaşamaq eşqinin yaşadığı mərhələnin sərt, müdrikanə təsviri ilə əvəzləndiyini görürük. Hərçənd sərt və müdrik başlanğıc bu poeziya üçün həmişə xarakterik bir hal olmuş. Amma görünür, su kimi axan zaman da öz sözünü deyirmiş. Odur ki, şair ömrün ahıllıq kürsüsündə əyləşib həyat, zaman, insan haqqında meditativ düşüncələrini bölüşür, dünəndən bu günə deyil, bu gündən keçmişə boylanır. Şairin “Göy qurşağı” şeirində taleyə, qəzavü-qədərə verilən qiymətin ictimai tutumu dərindir və yüksək poetik formada ifadə olunub:

Göy gövsü-qüzeh.

Altdan keçəsən.

Ot üstündən şeh.

Alıb içəsən.

Arzuya çatar,

Eşitmədin sən?

Göy qurşağının

Altından keçən...

Getmə desə də

Yadın-yaxının

Ardınca qoşdun

Göy qurşağının.

Günün bələni

Asan çağıymış.

Yetməyən arzu

Göy qurşağıymış.

Nə səmir, nə səs,

Nə qövsü-qüzeh.

Ömür nəydi bəs

Ot üstündə şeh.

Dağ, dərə, meşə, çəmən, yaylaq, ümumən yol simvolikasına tutunmuş təbiət mənzərələri, əbədilik axtarışlarında olan insanı torpaq və təbiətin, zaman və tarixin bir parçası kimi görükdürmək əzmi şairin yaradıcılığında əzəli ahəngdarlığını qorumaqda davam edir. Bu mənada, M.İsmayılın şeirlərindəki bədbinlik, əslində mən buna bədbinlik də deməzdim, sadəcə həyatın faniliyi, ömrün varlıq-yoxluq məqamı ilə bağlı düşüncələrin sirayət etdiyi ovqat - hansı ki, M.İsmayıl bunu da özünəməxsus müdrikliklə bədii sözün predmetinə çevirir - şəxsi kədər və ağrı notlarından, dar düşüncədən uzaqdır. Bu poeziyada ölüm, yoxluq həyatın sonu, sonluğudur, yaşanılan ömrün halallıq səviyyəsidir, insan nə edirsə etsin, necə yaşayırsa yaşasın, sonu yoxluğa müncərdir - “Ölüm son duracaqdır”. Odur ki, bu şeirlərdəki həyata və ölümə ayıq-sayıq yanaşma, bədii-fəlsəfi mühakimələr onları bədii ümumiləşdirmə səviyyəsinə qaldırır.

Qәrib gecәlәrin yuxusu sәrvaxt,

Qürbәt gündüzlәrә zülüm dolanır.

Anam dolanardı başıma bir vaxt,

İndi әtrafıma ölüm dolanır.

Yox daha içimә bәnzәmәz çölüm,

Ömrün ağ günlәri qaradan çıxar.

Ölmәyin zamanı gәldi, gәl, ölüm,

Mәn ölüm, gәl mәni aradan çıxart.

Yaxud:

Ümidləri kül olub saqqalında, saçında

Buludu tüstü bilər vaxtsız sönən ocaqlar.

Qismətinə düşən nə qərib yol ayrıcında

Qatarları yan keçən səssiz dayanacaqlar...

Sızım-sızım sızlayar dağlanmış bir ney kimi

Duyğuları qürbətin yağmurundan, qarından.

İlham ənginlərində arayışlar peykimi

Yeniliklər boylanar əski misralarından!

Heç əzəldən yoxuymuş səsi-sorağı sanki,

Soruşsan, xəbər verən tapılmaz həyatından.

Sahildə unudulmuş limanmış. Bir liman ki,

Yan almaq gəmilərin çoxdan çıxıb yadından...

Yeni deyim tərzi, intonasiya zənginliyi, fikrin ifadəsində konkretlik, ifadə üsulunun yığcamlığı, ekspressiv lövhələrin bir-biri ilə əvəzlənməsi halları onun poeziyasında əsas üslubi çalarlar kimi qabarıqdır. Bu fərdilik daha çox yeni emosional keyfiyyət, intonasiya planında baş tutur. M.İsmayılın yaradıcılığında daim həm forma, həm də məzmun planında aşıq şeirindən yararlanma da müşahidə olunub. Dünyadan şikayət, haqq-ədalət axtarışının ənənəvi ifadəsi və s. şairin yaradıcılığında diqqət çəkən əsas xüsusiyyətlər olub.

Məni yaşamağa qoymaz bu dünya,

Ölüb gedəsiyəm həsrət içində.

Qəlbimdən keçəni duymaz bu dünya,

Sirrinə dalaram həsrət içində.

Bir oğul toyu var, bir ana çatmaz,

Bir ömrün sevinci bir ana çatmaz.

Əlin dağa çatmaz, arana çatmaz,

Boğulub qalarsan qeyrət içində.

M.İsmayıl ədəbi ənənəyə qayıdış və əsaslanma, ənənəvi poetik forma, intonasiya və ritmlə yeni poetik nəticələrin əldə oluna biləcəyini sübut edən şairlərdəndir. Bu şeirlərdəki ədəbi ənənəyə qayıdış şeirin məzmunu ilə yanaşı onun poetik sistemində də özünün orijinal təcəssümünü tapır. Belə hallarda ritm, intonasiya şairin daxili duyumlarını, onu narahat edən problemləri, mövcud mənfi halların bədii təhlilini kəskinləşdirmək də poetik məzmun daşıyır. Meditativ başlanğıca bağlılıq, kədər, dərd, bəxtsizlikdən şikayət şairin müstəqillik dönəmindən sonrakı yaradıcılığında da aparıcı xətti təşkil edir:

Dünya da gözəldi... Ömür də gözəl,

Sinəni göynədən eşq sarı simdi.

Arxadan gözünü bağlayan bir əl

Hərdən soruşardı: tap görüm kimdi...

Ad sayıb çəkdiyin çilələr hədər

Tapmadın! Boynunda babalı qaldı.

Çəkilib getmədi üzündən əllər

O vaxtdan gözləri qapalı qaldın...

Ümid – korun-korun sönəcək ocaq,

İçində səssizcə inləyən uddu...

Bağlayan bağladı gözünü, ancaq

Qayıdıb açmağı çoxdan unutdu..

Gör harda fürsəti verdin əlindən

Gözünü bağlayan korun bəxtimi?

Sən xoşbəxt olmadın dərdin əlində,

Bax sənə dərd verən dərd, xoşbəxtdimi?

Buna baxmayaraq, 90-cı illərdən başlayaraq, çağdaş şeirdə edilən yeniliklər, forma və məzmun axtarışları şairin də poeziyasından yan ötmür. Bu illər şeirində müəlliflər daha çox insan düşüncəsini oynatmağa çalışır, düşüncələrini antitezalar, biri digərini inkar edən fikirlər üzərində qurmaqla şüuraltını hərəkətə gətirməyə çalışırdılar. M.İsmayıl da yaradıcılığı ilə yeniliyin ön sıralarında görünür, şeirlərində bu oyunun əlamətləri uğurla əksini tapır, poeziyada güclənməkdə olan təmayülü təmsil edirdi. Həm də şairin üçüncü minilliyin “yeni şeir”lə bağlı irəli gələn ideya döyüşlərində yaxından iştirak etməyə hazır olduğunu görükdürürdü:

-Bahar, hardan gәlirsәn?

-Haqqı bulduğum yerdәn.

-Yaz, hayandan gәlirsәn?

-Yaşa dolduğum yerdәn.

-Güz, hayandan gəlirsәn?

-Xәzan olduğum yerdәn.

-Qış, hayandan gәlirsәn?

-Unudulduğum yerdәn.

Ötәn ömrün yasında,
Quzey yaxasında mәn.
Gün bulud arxasında
Qürbәt arxasında mәn.

Varmı verәn bir soraq
Nerdәyәm mәn, nerdәyәm?
Yaddaşına yaxşı bax,
Unutduğun yerdәyәm

Maraqlı məqam budur ki, M.İsmayılın istənilən mövzulu şeirlərində bütün ovqat və çalarlar bir yekuna gətirib çıxaran məntiqi ifadə edir. Bütün mövzuda yazdığı nümunələrdə sevgi adlı duyğu nizam və səhmanındadı. Xalqına, vətəninə, təbiətə, ata və anaya, qadına, dosta... Hamısı küll halında sevgi həzinliyi içrə anılırlar. Bəlkə də bu səbəbdəndir ki, M.İsmayılın qürbət həyatı da miqyaslı kədərlə hüznün orbitində qərar tutur. Geridə qoyulan, sevgi ilə yaşanılan ömrün «Vətənin bütün yolları/Axırda qürbətə çıxdı” misralarındakı təəssüf nidasına köklənməsi həssas şair ruhu üçün asan başa gəlmir.

M.İsmayıl şeirlərində həzin bir qürbət simvolikası var. Bu simvolikanın çağdaş poeziyada daim mövcud olmuş üç şəkli, üç istiqaməti olub həmişə: vətəndə qəriblik, insan ruhunun dünyada qəribliyi və qürbətdə qəriblik... Adətən, bütün şairlər üçün bunların ikisi daim xarakterik olmuş: vətəndə qəriblik – ki, əsl şair ruhu daim tək və tənhadır, laməkandır, zamanın və məkanın fövqündədir, eləcə də qlobal mənada şairin dünyaya sığmayan ruhu – bunu da əksər poeziya yaradıcılarının şeirlərində görürük – dünya düşüncəsi fonunda daim işlək, diridi. Dünya işləklərindən keçən şair ruhu öz tənhalığına, qəribliyinə daha sıxı bir inadla, daha məhrəmcəsinə sarılmış olur. Şairin qürbətdən əvvəl ruhuna çökmüş qəriblik həsrətini onun əksər şeirləri daha yaxşı anladır.

Bir qədər keçir, “Qəriblik Allahın hədiyyəsiymiş” deyən M.İsmayıl poeziyasına sonralar qəribliyin üçüncü şəklinin ağrılı bir yaşantısı hakim olur. Qürbətin gətirdiyi qəriblik - qəribliyin epizod kimi deyil, ömür kimi yaşantısı...

Sənə nələr demədim
Keçən bu on üç ildə…
Sən də pıçılda, qürbət,
Sən də bir şey pıçılda…

İşdi yalan söyləsəm,
Çıxart yalanı, qürbət..
Bircə Ana-vətənmiş
Yerdə qalanı, qürbət…

"Ömrün uşaqlığı Vətəndi bəlkə, sonra əlimizdən çıxan Vətəndi!" təskinliyi ilə özünü ovutsa da vətən və qürbət birgəliyini alın yazısı kimi yaşamaqdan başqa çarə tapmır.

Nə ordadı, nə burda

Bəs neyləsin bu asi?

Bir ömür vurhavurda

Vətən qürbət arası..

Qapını döyə-döyə

On ildi vaxtın alır.

Bəlkə bir gün geriyə

Qayıtmaq ehtimalı...

Vətən,...sındı o şüşə

Bərkinə varılan sən.

Kimin yadına düşər

Yaddan çıxarılan sən...

XX əsrin sonlarında bir-birinin ardınca baş verən məlum olaylar çağdaş insanın dünya, kainat, Tanrı və ən əsası, özü ilə bağlı təsəvvürlərini modifikasiyaya uğratdı. Çağın insanı daha çox böhran ab-havasını yaşamış olduğundan poetik “mən”ini də bu ovqat üstündə kökləməli oldu. Belə məqamlarda M.İsmayıl da içinə dolan bu narahatlığın ağırlığı altında bir də poetik yaşamını qorumağa çaba göstərir: “Tale ilə baş-başa/Durub oğulsan yaşa”. Bu dəfə onun dünya ilə dialoqunun özgə hava-havacatlara səmt aldığını isə sezməmək mümkün olmur:

Bu yerlər göylərin kəsik dilimi,
O yerə, bu göyə maraq acıyam!
Çarmıxa çəkmişəm neçə ilimi,
Mən başdan-ayağa dar ağacıyam!

Böyük və fəci sarsıntılar qarşısında ruhunu itirmək təhlükəsi ilə üzləşən şairin bu səbəbdən dünyadan şikayəti təbiidir. Çünki şair ruhu nə qədər göylərlə əlləşsə də onun varlıq, gerçəklik, bir çox başqa yaşamlarla bağlı düşüncələri məhz, bu obraz vasitəsilə təcəssümünü tapır. Dünya obrazı poeziyada daim faniliyin rəmzi kimi (“Dünya mənim, dünya sənin, dünya heç kimin”- M.Araz) xarakterizə olunsa da, nəhayətində bir də insanın duracaq, yaşayacaq yeri kimi də dərk olunmuşdur. İnsan anlamışdır ki, əslində fani olan dünya yox, o özüdür (biz gəldi-gedərik, sən yaşa dünya – S.Vurğun). İnsanın düşüncələrində, həyata yanaşmasında da hakim olan biganəlik, yadlaşma sindromunun zəmini dünyanın insana ayırdığı diqqət(sizlik) payından qaynaqlanırdı. Müasir insan sürətlə gedən yeniləşmələri, texnogen sivilizasiyanın pik inkişafını, onu lazımsız şeyə çevirən hakimiyyət, güc amilini laqeydliklə izləyir, dünya prosesləri fonunda unudulan insanı - görünməz, eşidilməz olan fərd problemlərini hər vəchlə qabartmağa çalışırdı. Bu dövr poeziyasında hakim olan çöküş ruhunun kökündə də bu amil dayanırdı. “Son duracaq” isə deyəsən, ölüm yox, Tanrı məqamı idi:

Unudulmaq növbəsi...

Mәnim dә gәldi sıram,

Bizi ölümә çәkәn zaman arıdı bәlkә.

Onu sevmәk var ikәn kimdәn, nәdәn gorxuram,

Hәr kәsin qәlbindәki sevgi Tanrıdı bәlkә?

O ovçu, dәrd sürәkçi...

Varmı bir ümid yeri?

Harayacan aparar ilahi vәdlәr mәni?

Sevmәyә nә qaldı ki dünyada ondan qeyri,

Ona tәrәf qovmada verdiyi dәrdlәr mәni...

90-cı illərdən başlayaraq poetik düşüncə məkanını zəbt eləyən daha bir təmayülə rast gəlinir. Vaxtilə poetik fikri məşğul edən kənd, el-oba, doğma ocaq məfhumları öz yerini daha çox şəhər, vətən anlayışlarının təsvirinə verməyə başlayırdı. Bu ifadələr əlbəttə, daim poetik sözün təcəssümünə çevrilmiş, bu və ya digər şəkildə şeirimizin əsas qanadını təmsil etmişlər. Lakin müstəqillik dövrü poeziyasına nəzər saldıqda onun şəhər həyatına həssaslığını, bu mövzunun şeirimizin aparıcı qollarından birinə çevrildiyini görürük. Bu mövzu poeziyamızın ictimai-sosial məqamlara mövqeyinin güclənməsinə təsir göstərməklə yanaşı, onun axtarışlarına yeni istiqamət aşılamışdır. Bu şeirlərdə əsas, fərqli olan nəsnə şəhər, vətən anlayışlarının dünəndən fərqli şəkildə sərgilənmələridir. Onlarda şəhər, daha geniş kontekstdə vətən anlayışının şeirə gətirilməsi məqamı daha çox üsyan, etiraz xarakteri daşıyır. Hətta üçüncü minilliyin əvvəllərində sərgilənən bu etirazı müstəqillik dönəminin ilk on ilinin poeziyasındakı revanşist ovqatla, ondakı radikal mövqe ilə müqayisə eləmək də olar. Bu dövr şeirlərində vətən anlamı insan içinin çöküşü, dərin böhranı ilə harmonik verilir, milli-mənəvi-əxlaqi idealların tənəzzülə uğradığı yer(lər)dən, natur-fəlsəfi qatlardan nəşət tapır. M.İsmayıl isə vətənlə bağlı şeirlərində sınanmış, dəyişməz əxlaqi-mənəvi dəyərlər axtarır, amma pessimizmə qapılmır, bu dəyərləri mehrab kimi tapındığı Sözün yaşamında, gücündə, sehrində tapır. Onun üçün vətən elə sənətin var olduğu məkandadır, şairin içinin “sənətin qürbətindən sənətin vətəninə” doğru yol alan və daim sabit qalan mövqeyindədir. Vətənlə bağlı işıqlı və kövrək hisslər onun misralarında yaşanan ən qüvvətli və səmimi duyğulardandır.

Gedərsən, məchula yol gedər gedən,

Qürbət, bir açılmaz sirdən başlıyar.

Burnunun ucunu göynədən vətən

Yadına düşdüyü yerdən başlıyar.

Gedərsən, vətənin qalar vətəndə,

İçinin içində köz vətən olar.

Dərdinə, sərinə vətənsən sən də,

Qürbətdə sənə də söz vətən olar.

***

Şeirlərinin birində “Qoymayın dünyanı adiləşməyə” deyir M.İsmayıl. Onun poeziyasının ümumi ahəngi indi də bu niyyətin ifadəsinə yönəlikdir. Hamıya, bəlkə hamıdan əvvəl özünə adiləşən dünyanı şahlıq taxtından salmamaq üçün qürbət hüznünə baxmayaraq sevməkdə və ona inanmaqda davam edir. Bəlkə ordular da dayanar/ Bu sevginin önündə”...

Məmməd İsmayıl poeziyası bu inamdan və ona doğru yol alan sənətdən başlayır.

“Ədəbiyyat qəzeti”, 12 noyabr 2016

# 3538 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #