Sunay Akının Oyuncaq Muzeyindən REPORTAJ

Sunay Akının Oyuncaq Muzeyindən <span style="color:red;">REPORTAJ
9 dekabr 2014
# 16:58

Mirmehdi Ağaoğlu

Şair Sunay Akının bir fikri var: avropalılar uşağa oyuncağı xəyal dünyası genişlənsin deyə alırlar, biz isə uşaq başını qatsın deyə. Altı gündür İstanbuldayam oğluma nəinki, xəyal dünyasını genişləndirməyə, heç başını qatmağa belə bir oyuncaq almamışam. Sabah Türkiyədə son günümdür. Gələndən yediyimi yemişəm, içdiyimi içmişəm, gəzdiyimi gəzmişəm, bir çamadan kitab da almışam, üstəlik əyin-baş. Di gəl ki, oğlumun məni yola salanda bərk-bərk tapşırdığı “Playdoh” oyuncağını hələ almamışam. Bu azmış kimi hələ uşağa yalan da satmışam; sifarişin çamadandı, ayağını aşır ayağının üstünə, kef elə...

Evə əliboş qayıtsam gərək uşağın üzünə baxmayım. Tərslikdən hələ ki, qabağıma oyuncaq mağazası çıxmayıb, ya da oyuncaq mağazalarını türklər demiş, unutuvermişəm, nəzərdən qaçırtmışam.

İndi də Qismətlə İstanbul Oyuncaq Muzeyinə gedirik, “Playdoh” üçün yox, şair Sunay Akının qurduğu muzeyi ziyarət etmək üçün. Daha dəqiqi həm Sunay Akını orda tapıb müsahibə almaq, həm də şair Şəhriyar del Geraninin tapşırığı ilə ona Akının imzalı kitabını gətirmək istəyirik. Gələndə bərk-bərk tapşırmağı azmış kimi Facebookda da hər gün dəng edir ki, Küçük İskəndəri-zadı boş verin, əsas Sunay abidir, imzalı kitabı unutmayın.

Ha oğlum, ha Şəhriyar. Şair də uşaq kimidir, gərək söz verdin yerinə yetirəsən, yerinə yetirə bilmirsən heç olmaya cəhd edəsən, yoxsa elə inciyər ki, lap Füzuli gələ yenə barışmaz. Odur ki, işimiz əngəldi. Ya Allah deyib yola çıxmışıq.

Şairlərlə uşaqların ortaq tərəfləri olmasaydı o boyda Sunay Akının oyuncaqlarla nə işi vardı. Zarafat deyil, düz 20 il dünyanın müxtəlif kolleksiyaçılarını, hərraclarını, əskiçilərini gəzib oyuncaqları toplayıb. Şair adamsan, nə işinə qalıb, rakını iç, şeirini yaz də... Sən göy adamısan, yerdə nə işin. Lap tutalım kolleksiya yığırsan, başına iş qəhətdi? İçki kolleksiyası yığ, silah kolleksiyası yığ, yoxsa oyuncaq...

Bilmirəm Hollivud kino-istehsalçılarının “Görkəmli centlmenlər liqası” filmində kapitan Nemo obrazını sultanlara, padşahlara bənzətmələri təsadüfdür, ya yox, amma Marmarayla Boğazın altından keçəndə (elektron tablosu qatarın yerini göstərirdi) özümü həqiqətən Kapitan Nemonun o əfsanəvi sualtı qayığında hiss elədim. Sultan Əbdülməcid Jül Verni oxumuş, ondan təsirlənmişdimi, bunu da bilmirəm. Amma deyilənə görə Boğazın altından keçən qatar xətti kimi çılğın proyektin ideyasını hələ əsr yarım əvvəl sultan özü veribmiş. Stansiyanın girişində “Marmarayın açılışını edən Erdoğan” şəkli ilə həmin ideyanın yarım əsr əvvəlki çertyojunun yanaşı qoyulması AKP-nin özünü Osmanlının varisi kimi göstərməsinin başqa bir əyani sübutudur.

Qarşı tərəfdə Marmaraydan çıxıb muzey olan səmtə gedirik-Göztəpəyə. Budur, bu da muzey. Bunu lap uzaqdan hiss etmək olur. Hündürmərtəbəli binaların arasında iki nəhəng zürafə heykəli dayanıb. Bir tərəfdə isə ağ rəngə boyanmış tarixi taxta bina.

Heykəllərin çox maraqlı tarixçəsi var. Bunlar 1823-cü ildə İstanbula ilk dəfə gətirilən zürafələrin simvoludur. Bütün saray Afrikadan gətirilmiş bu naməlum heyvanların onun seyrinə çıxıb. Bu zaman sarayda hamıya ilişən təlxəkdən qisas almaq üçün əyanlar onu küyləyib zürafənin boynuna mindirilər. O tərəf bu tərəfə qaçan naməlum canlının belində qorxudan özünü itirən təlxək qışqırırmış: “Mindik bir alamətə, gedirik qiyamətə”. O məşhur məsəl də burdan qalıb. Bu haqda ayrıca məqalə də yazmışdım.

İstanbul soyuğuna davam gətirməyən zürafə o qış canını tapşırır. Həmin zürafənin nəhəng heykəli indi burda, İstanbul Oyuncaq Muzeyinin qarşısında qərar tutub.

Muzeyin qapısının girişində adam hündürlükdə iki Şelkunçik əsgər qarovulçuluq edir.

Gəlin əvvəlcə muzey haqqında məlumat verim. İstanbul Oyuncaq Muzeyi 2005-ci ildə şair Sunay Akın tərəfindən yaradılıb. Muzeydə şairin 1990-cı illərindən başlayaraq Türkiyədən və dünyanın müxtəlif yerlərindən topladığı eksponatlar yer alır. Muzeyin ən qədim eksponatları 1820-cı illərdə istehsal olunmuş oyuncaqlardır. Bununla yanaşı muzeydə nadir nüsxələr, eksklüziv eksponatlar da yer alır, onların sayı günü-gündən böyüyür. Bura Türkiyənin ilk oyuncaq muzeyidir. Dünyanın başqa ölkələrindəki oyuncaq muzeyləri arasında önəmli yerə sahibdir.

Biletlərimizi alırıq. Elə ilk mərtəbədəcə oyuncaqlar bizi öz sehrli, rəngarəng dünyalarına aparır. Birinci mərtəbənin eksponatları türk istehsalı oyuncaqlardı. Əksəriyyəti əsrin əvvəllərində istehsal olunub; avtobus, gəmi, təyyarə oyuncaqları, gəlinciklər, milli geyimli türk adamlar.

Oyuncaqların arxasında qapı dekoru var. Bu qapı da xüsusi məna kəsb edir. Şəhər uşaqları adətən harada oynayırlar, əlbəttə qapının qabağında. Qapının ağzı, kandar şəhər uşaqlarının oyun sahəsi olub həmişə. Qapının ağzından uzağa getməyə icazələri olmayıb. O atmosferi yaratmaq üçün bu cür dizayndan istifadə edilib.

Muzey olduqca maraqlı şəkildə dizayn olunub. Bütün salonlarda bu dizayn hiss olunur. Onun dizaynı səhnə dizayneri Aydın Doğan verib.

Məsələn, zirzəmidəki tualet hissə sualtı qayığın içi kimi dizayn olunub. Müxtəlif borular uzanıb gedir, illüminatordan balıqlar görünür. Muzeyin kafesi isə böyük bir uşaq evciyini xatırladır. Sanki nəhəng bir uşaq evciyinin içində oturmusan.

Qatarların sərgiləndiyi salon isə vaqon şəklində dizayn edilib. Bunun üçün xüsusi vaqon alınaraq kəsilib və hissələri istifadə edilib. Bu salonda özünü kupedəki kimi hiss edirsən.

İkinci Dünya Müharibəsinin, kosmos oyuncaqlarının olduğu salonlarda da müvafiq atmosferlər qorunub saxlanılıb. Çardaq isə daha maraqlıdır. Buradakı eksponatlar evin damına atılmış köhnə oyuncaqları xatırladır. Hansımızın evinin damında belə oyuncaqlar, uşaqlığımıza aid küvəc, taxta at, velosiped və ya dəmir maşın olmayıb ki?

Bura bəlkə ailənin bütün üzvlərini xoşbəxt edəcək yeganə məkandır. Burda ana-ata da, nənə-baba da uşaqlara qoşulub sevinə bilər. Çünki muzeydə üç nəsli də əhatə edən oyuncaqlar yer alır. Nəvəsini muzeyə gəzdirməyə gətirən bir baba qəfildən əsgər oyuncağının qabağında əyilib yarı-kədərli, yarı-sevincli bir səslə “A, bu oyuncaqdan məndə də vardı” deyə bilər. Muzey işçiləri tez-tez belə nidaları eşitdiklərini deyirlər.

Ən maraqlı salonlardan biri İkinci Dünya Müharibəsinə həsr olunub. Dəmir əsgərlərdən, tanklardan, qırıcı təyyarələrdən, hərbi çadırlardan ibarət müharibə səhnəsi yaradılıb. Yandakı lövhədə isə bu cür yazılıb: “1933-cü ildə Almaniyada iqtidara gələn Hitler əvvəlcə kitabları yandırmışdı. “Hausser” oyuncaq şirkətinin istehsal etdiyi nasist oyuncaqları siyasi təbliğat məqsədi ilə istifadə olunurdu. Bu oyuncaqlarla oynayan uşaqlar İkinci Dünya müharibəsi başlayanda onların yerinə keçdilər. Uşaq oyunlarının işğalı ilə başlayan bu prosesdən geriyə qalanları vitrində görə bilərsiz”.

Bəli, Hitler dünyamızı qaranlığa bürüməyə ilk növbədə uşaqlardan başlamışdı. Əvvəlcə bu oyuncaqları uşaqlara verən nasistlər sonradan onların özlərini oyuncağa çevirdilər.

Həmin salonun başqa bir stendi Xirosima və Naqasakiyə həsr olunub. Bu da həmin səhər üzərinə atom bombası düşən bir məktəbin xarabalığından qalan mıxlar, saxsı qab qırıqları, daş parçasına bənzəyən ərimiş pəncərə şüşəsi. Bunları Sunay Akına Yaponiya dövləti hədiyyə edib. Hədiyyə edib ki, Türkiyədən və dünyanın müxtəlif yerlərindən muzeyə gələn ziyarətçi uşaqlar ötən əsrdə insanlığın yaşadığı o dəhşətləri, vəhşilikləri görsünlər...

Dünyamızın gələcəyini indidən düşünmək lazımdır. Uşaqlardan başlamaq lazımdır bu işə. Bəlkə o zaman dünyamız ötən əsrdəki vəhşilikləri, faciələri, qırğınları bir daha yaşamaya.

Başqa bir salonda kosmos oyuncaqları, skafandrlı fiqurlar, kosmik gəmilər, raketlər, uçan naməlum boşqablarla yanaşı türk bayrağını da görürük. Bu bayraq 1971-ci il 26 iyul 7 avqust tarixlərində Aya uçuş həyata keçirmiş ABŞ kosmik aparatında yer alıb. Dərhal fotoaparatı Qismətə verib deyirəm: “Məni bu bayraqla çək”. O da obyektivi mənə tuşlaya-tuşlaya gülümsəyir: “Facebookda şəkli paylaşanda yazarsan ki, Ayda olmuş ilk Amerika gəmisindəki türk bayrağı ilə şəkil çəkdirən ilk azərbaycanlı”.

Kosmosda 295.2 saat, Ayda 3 gün qalan bu tarix bayrağı Ekmel Anda adında bir iş adamı hərracda alaraq muzeyə hədiyyə edib. Bu əşya hansısa messenat, incəsənət sevdalısı tərəfindən muzeyə verilmiş yeganə eksponat deyil. Belə eksponatlar çoxdur. Misal üçün, dünyanın ən böyük uşaq evi İsveçrədə hərraca çıxarılacaqmış. Amma Sunay Akının onu muzey üçün almaq istədiyini öyrənən kolleksioner hərraca girmək fikrindən vaz keçir və çox ucuz qiymətə şairə satır. Aktyor Müjdat Gəzən də özü dizayn etdiyi oyuncaqları muzeyə hədiyyə edib.

Əlbəttə əsas yük yenə də Sunay Akının boynuna düşüb. Məsələn, Çarli Çaplin oyuncağı. Bu oyuncaq 1914-cü illərdə aktyor o məşhur Şarlo obrazını canlandırdıqdan sonra şəxsən onun üçün hazırlanıb. Çaplin 1920-ci ildə oyuncağı hərraca çıxaraq satıb. Gəliri məktəb tikintisi üçün sərf edib. Bir neçə dəfə sahibi dəyişilən oyuncağı Sunay Akın ABŞ-da hərracdan aldıraraq muzeyə gətirib.

Muzeydəki digər maraqlı oyuncaq isə fransız yazıçı Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsrinin qəhrəmanıdır. Balaca Şahzadə oyuncağı 1945-ci ildə, yazıçının təyyarə qəzasına düşərək həlak olmasından bir il sonra hazırlanıb. Müxtəlif təyyarə oyuncaqları ilə bir arada sərgilənən Balaca Şahzadə boynunu büküb dayanıb. O qədər kədərlidir ki, sahibinin bədbəxt taleyinə üzüldüyü dərhal hiss olunur. Bir tərəfdə isə məşhur əsəri ilə təkcə uşaqların deyil, böyüklərin də könlünü fəth etmiş Ekzüperinin oyuncaq fiquru yer alır.

Bütün salonları ziyarət edib yenidən birinci mərtəbəyə enirik. Muzeyin işçisindən şairin burda olub-olmadığını soruşuruq və cavabda şairin Amerikada olduğunu öyrənirik. Yəqin yeni bir oyuncaq əldə edib muzeyinə gətirmək, türk uşaqlarına, dünyanın müxtəlif yerlərindən gələn uşaqlara göstərmək üçün gedib.

Digər iki işçi isə girişdə yolka qurur, qrilyandlar asırlar. Yeni ilə hazırlıq gedir. Muzey təkcə eksponatların sərgilənməsi ilə məşğul deyil, burada uşaqlar üçün müxtəlif tədbirlər, taxtadan, kağızdan oyuncaq düzəltmə dərnəkləri və başqaları təşkil edilir.

Muzeyi tərk edirik. Məbəddən, müqəddəs məkandan çıxmış kimi arınıb, durulmuşuq. Bir anlıq öz uşaqlığımıza getmişik, öz oyuncaqlarımızı xatırlamışıq. Hələ qarşı tərəfə keçmək istəmirik. Bir az Göztəpənin hündür binalı məhəllələrində gəzişmək istəyirik. Binanın ətrafı yaşıllıq, bağçadır. Qismət yenə başı ilə işarə edib deyir: “Hə, necədi? Bir stul qoy ağacın altına, otur kitabını oxu. Əladır e”.

Eh... Yanından ötüb keçdiyimiz ətrafı bağ-bağatlı binalara baxıram, bu hüzur dolu məhəllələrə göz gəzdirirəm. Bir də bizim binaları düşünürəm, Bakının bağrına ox kimi sancılmış, o quru, zövqsüz, yaşıllıq düşməni beton konstruksiyaları.

Bir də bizi düşünürəm... bizim ədəbi mühiti... bizim şairləri... bizim yazarları. Eynən şəhərimizin yeni ucalan binaları kimi boz, yeknəsəq, iş-gücləri ancaq yeyib-içmək olan, o məclislərdə oturub böyük ədəbiyyatdan gen-bol danışan, dünya yazarlarını bəyənməyən, məclis dağılandan sonra da evə gəlib bir-iki cızma-qara qaralamaqla guya ədəbiyyatda qalmaq istəyən şairləri, yazarları...

Hə, bir də... Düşünürəm...

Görəsən axşama yeyib-içmək olacaq?

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #