“Allah” sözü nə vaxt böyük, nə vaxt kiçik yazılmalı?

“Allah” sözü nə vaxt böyük, nə vaxt kiçik yazılmalı?
15 yanvar 2018
# 11:58

Kulis.az Ağalar Məmmədovun “Nə üçün allah? Niyə Allah?” yazısını təqdim edir.

Gəlin, əvvəlcə, “nə üçün?” ilə “niyə?” sualları arasındakı fərqi aydınlaşdırmağa çalışaq. “Üçün” qoşmasının ilkin mənşəyi “uc” sözüdür. “Uc” səbəb deməkdir. Amma indi bu köməkçi söz vahidi təkbaşına işlənmir, daim nəyəsə qoşulur, onun müstəqil mənası yoxdur. Dilçilikdə bu hadisəyə desemantizasiya – müstəqil mənasını itirmə adı verilir. Vaxtilə məna daşımış dil vahidi, öz müstəqil mənasını itirərək, hansısa ifadədə və (və yaxud da) cümlə daxilində mənalı olmağa başlayır. Desemantizasiya budur. Məsələn, ilə, görə, üçün və s. bunların yalnız qrammatik baxımdan mənası var, təkbaşlarına mənaları yoxdur.

Bunun əksi olan prosesə, müstəqil mənası olmayan dil vahidinin müstəqil məna qazanmasına isə deqrammatikalizasiya – qrammatiklikdən xilas olma deyilir. İndi mən “üçün”ün “uc” sözündən törədiyini deyərkən, “üçün”ü deqrammatikalizasiya etmiş oldum.

Dilimizdə “ucundan”, “ucbatından”, “üzündən” hamısı eyni köklüdür. Kök birdir: uc. Dədə Qorqudun dilində “son ucu ölümlü dünya” bizə hər halda tanışdı. “Son ucu”, yəni axırı, qurtaracağı, nəticəsi. Türkiyə türkcəsində “son uc”un nəticə mənasında “sonuc” kimi bir yerdə yazılması doğru deyildir.

Görünür, səbəb-nəticə əlaqəsi zəncirvari, bir-birilə uc-uca bağlanmış şəkildə təsəvvür edilmişdir. Məsələn, mən evdə pişiyi qəfil hürkütdüm, pişik qorxub tullanarkən, süd fincanını dağıtdı. Onda mən belə deyə bilərəm: süd fincanı pişik ucbatından (ucundan, üzündən) dağıldı. Burada əsas səbəb pişik deyil, mənəm, mənim pişiyi hürkütməyimdi. Fəlsəfi incəliklə yanaşanda, fincanın dağılmasında mən səbəbəm, pişik vəsilə (vasitə), yəni aralıq səbəb, orta səbəbdir. Dilimizdə “vəsilə” sözü işlənmədiyindən və o sadəcə qadın adı kimi yaşadığından, biz səbəb-vəsilə fərqi qoymuruq, səbəbləri əsas səbəb və qeyri-əsas səbəb kimi fərqləndiririk.

Beləliklə, “ucundan, ucbatından, üzündən” deyərkən, biz vəsiləni nəzərdə tuturuq, yəni hadisənin baş verməsinə səbəb olan son səbəbi, uc səbəbi, baş verən hadisəyə ən yaxın səbəbi. “Nə üçün?” deyə soruşarkən də, əslində soruşduğumuz, öyrənmək istədiyimiz bu səbəbdir. Ona görə də, “Nə üçün?” sorğusuna cavab verərkən, “lap başdan başlamaq” düzgün deyil.

İndi də keçək “niyə”yə. Əvvəla, Azərbaycan dilində “ni” sözkökü yoxdur, “nə” var. (Yeri gəlmişkən deyim ki, “ne” sözkökü də dilimizdə yoxdur, yenə “nə” vardır. Ona görə də, “necə”nin əsli “nəcə”dir. “Necəsən?” deyə soruşmaq, “nə kimisən, nəyə oxşayırsan, halın nəyi, hansı şeyi xatırladır?” deyə soruşmaqdır). “Niyə” nitqdə “nəyə”dən törəmədir. “Nə” – bir şey, “nə isə” mənasını verən “nəsnə”nin qısa variantıdır. (Füzuli deyir: “Gördüm ki, sualimə cavabdan qeyri nəsnə verməzlər…”).

Yönlük hal şəkilçiləri -(y)a və -(y)ə istiqaməti, yönü bildirir. Deməli, “Niyə?” – bir şeyə, hansısa nəsnəyə doğru istiqamətlənməyi, yönümlənməyi bildirir, daha doğrusu soruşur, xəbər alır. “Niyə?” irəlini, “Nə üçün?” gerini axtarır. Bu, o deməkdir ki, “Nə üçün?” səbəbi axtarırsa, “Niyə?” məqsədi soraqlayır. Məsələn, “filankəs vəfat edib” deyəndə, biz bəzən “o, niyə vəfat edib?” deyə, soruşuruqsa da, dilçilik baxımından, əslində səhv edirik, çünki adam, adətən, hansısa məqsədlə vəfat etmir, hansısa səbəb üzündən (ucbatından, ucundan) vəfat edir. Buna görə də, “o nə üçün vəfat edib?” deyə, soruşmaq doğrudur.

Burada belə bir etirazla qarşılaşa bilərəm ki, axı “üçün” qoşmasından məqsədi ifadə etmək məqsədilə də istifadə edilir, məsələn, “universitetə daxil olmaq üçün”, “hakimiyyətə gəlmək üçün” və s. ifadələrində olduğu kimi. Verə biləcəyim birinci cavab ondan ibarətdir ki, dilin qayda-qanunlarına zidd (yəni səhv!) olan belə dil faktlarına həmişə, hər yerdə rast gəlmək olar. Məsələn, Azərbaycan dilinin qanunauyğunluqlarına görə, “m” səsi ilə söz başlamır, amma “mən”, “min” və s. kimi sözlər bu qanunu dinləmirlər. Belə hallar həmişə ola bilər. Çünki bir var sərt qanunlarla mövcud olan dil, qrammatika kitablarındakı dil, nəzəriyyə; bir də var azadlığın hökm sürdüyü nitq sahəsi, danışıq dili, praktika. Nitq dili dinləməyə bilər, onun normalarından kənara da çıxa bilər. Və bu kənara çıxmalar dili zənginləşdirir. Amma nitqin dil üzərindəki “özbaşınalıqları” sonradan qrammatika kitablarına daxil edilərək, normaya çevrilirlər. Necə ki, “üçün” qoşmasından səhvən, məqsədi də ifadə edərkən istifadə etdiyimiz kimi, “nəyə”nin “niyə”yə çevrilməsi kimi və s.

“Üçün” qoşmasından dilimizdə məqsəd bildirən ifadələrdə də istifadə edilməsinə bir az fəlsəfi izah da vermək olar. Aristotelin “dörd səbəb konsepsiyası”ndan bilirik ki, bir şeyin varlığının dörd səbəbindən biri də məqsəddir. Məsələn, kərpicin varlıq səbəblərindən biri də, palçıqdan kərpic kəsməyi qarşısına məqsəd qoymuş şəxsin məqsədidir. Belə ki, əgər birinin kərpic kəsmək adlı müəyyən bir məqsədi olmasaydı, ortada bu kərpic də mövcud olmayacaqdı. Ona görə də, deyirik ki, bu kərpici mövcud edən səbəblərdən biri də məhz kərpickəsənin məqsədidir. Yaxud da mən, təsəvvür edək ki, hüquqşünas olmaq məqsədilə universitetə daxil olmuşam və hal-hazırda universitetdə tələbə olmağımın səbəblərindən biri mənim hüquqşünas olmaq məqsədimdir. Bir sözlə, məqsəd də səbəbdir. Amma geridəki yox, irəlidəki səbəbdir o. Belə demək mümkünsə, o, arxadan irəliyə itələyən səbəb deyil, irəlidən öz arxasınca dartan səbəbdir. Məsələyə bu cür baxanda, “üçün”ü məqsədi də ifadə etmək üçün istifadə etməkdə heç bir səhv yoxdur.

Dünyanın və həyatın mənasını düşünərkən, fəlsəfi yükü ağır sualları necə ifadə etməyimiz, yəni onların quruluşu veriləcək cavabın məzmununu təyin edir, amma bizim çox vaxt bundan xəbərimiz olmur. Məsələn, “Dünya nə üçün var?” sualı gizli-gizli ayrı cavaba sarı dartınır, “dünya niyə var?” ayrı. Yaxud da, “biz nə üçün yaranmışıq?” sualı cavab üçün ayrı üfüqə boylanır, “biz niyə yaranmışıq?” sualı tamam ayrı üfüqə. “Nə üçün?” sualı təbiətin şəxssiz, şüursuz səbəblər zəncirini axtaran elmi yanaşmanın, “niyə?” sualı isə şəxsiyyəti, şüuru, məqsədi olan Allaha ibadət etməyin vacibliyinə inandırmaq istəyən dini yanaşmanın ifadəsidir.

Qədim insan müşahidə etdiyi qüvvələrə fərdi sima qazandırmağa (personifikasiya etməyə) meyilli olub. Məsələn, eşqin insanı hərəkətə gətirən qüvvəsini ifadə edən sözü (“eros” sözünü) qədim yunanlı böyük hərflə yazaraq, onu Eros adı altında şəxsləşdirib (personifikasiya edib). Erosun gözləri bağlı halda sağa-sola ox atması ilə gözlənilməz cütlükləri “vurmasını”, Eros tərəfindən “vurulmaları” qədim insan hərfi mənada başa düşürdü. Bu ona oxşayardı ki, biz belə deyək: Yerin Cazibəsi isə filankəsi balkondan yerə çırpıb öldürdü. Necə ki, bizdə əksəriyyət hələ də Fələk, Əcəl kimi böyük hərflə yazılan qüvvələrin varlığına inanır. Göründüyü kimi, mifik təfəkkür dünyanın hər yerində eyni vaxtda elmi təfəkkürlə əvəzlənmir. Bu keçid nə avtomatikdir, nə də biryolluq.

Yeri-göyü bilən qədim Şumer müdriklik allahı “Anki”nin adı “an” (yer) və “ki” (göy) sözlərindən əmələ gətirilmişdi. Qədim şumerli də qədim yunanlı kimi təbiətin ayrı-ayrı hissələrini, ayrı-ayrı qüvvələrini personifikasiya edirdi. Sanki Anki deyə, istəyi, iradəsi, ağlı, şüuru, bir sözlə, konkret varlığı olan bir persona var.

Qədim Misirdən tapılmış (e.ə. XVI əsrə aid) papirusların birində əks olunmuş tibbi traktatda həkim qeyd edir ki, o, allahlardan göndərilmiş xəstəliyi qovmağı (?) bacarır. O, yazır: “Mən onu (xəstəni – A.M.) düşmənlərdən (?) qoruyuram”. Burada söhbət qədim alleqorik üslubun ekzotikasından getmir, söhbət təfəkkür tərzinin fərqliliyindən gedir. Qədim insan baş vermiş hadisədə “necə”ni yox, “kim”i axtarırdı (J.P.Weinberg). O, səbəbi səbəbkar kimi təsəvvür etməyə meyilli idi. Səbəbin personifikasiyası budur.

Platondan etibarən bilirik ki, reallıqda “ağ” deyə bir “şey” yoxdur, ağ rəngdə konkret bir şey (məsələn, ağ kağız, ağ paltar və s.) vardır; “gözəllik” deyə bir “şey” yoxdur, konkret gözəl bir şey (məsələn, gözəl qadın, gözəl mənzərə və s.) vardır; “bir” deyə bir “şey” yoxdur, bir ədəd konkret bir şey (məsələn, bir qoyun, bir çiçək və s.) vardır. Misalların sayını çoxaltmaq olar. Bəs, “ağ”, “gözəllik”, “bir” – bunlar hardadırlar? Zehində! (Bu sualı Platonun özündən soruşa bilsəydik, o, belə cavab verərdi: ideyalar aləmində!). Ağ, gözəllik, bir və s. kimi ümumi anlayışlar zehnin abstraksiyalarıdırlar, yəni ayrı-ayrı konkret şeylərdən zehnin quraşdırdığı təsəvvürlərdirlər. Bu isə o deməkdir ki, heç bir zamanda və məkanda Ağ deyə, Gözəllik deyə, Bir deyə şeylər yoxdur. Necə ki, pis adam var, xəbis xarakter var, murdar cəhət var, alçaq xasiyyət var və s., amma Şeytan deyə, xüsusi şəxsiyyəti olan bir “Varlıq”, konkret bir “şey” yoxdur. Və nəhayət, yaxşı adam var, fədakar xarakter var, müqəddəs cəhət var, gözəl xasiyyət var və s., amma Allah deyə, konkret bir “Varlıq”, müəyyən bir persona yoxdur.

Əgər biz müəyyən keyfiyyətləri bir ad altında topalayıb, zehnimizdə Allah kimi, Şeytan kimi, Əcəl kimi, Fələk kimi və s. ilk hərfini böyük yazdığımız personal varlıqlar yaradırıqsa, deməli, əslində qədim insanın bəsit təfəkkür əməliyyatını təkrarlayırıq. Qərb fəlsəfəsində abstraksiya, xristianlıqda inkarnasiya, hindlilərdə avatara, ümumiyyətlə, antropomorfizm qədim insanın mifik təfəkküründən qalma müxtəlif personifikasiya formalarıdır.

İxtisasca filoloq olan F.Niçe (Nietzsche) müşahidə etmişdi ki, Qərb dillərində mübtədasız (subyektsiz) cümlə qurmaq olmur. Və bu da ona gətirib çıxarır ki, insan dərhal səbəb (səbəbkar) axtarışına çıxır, səbəbsizliyi, mənasızlığı, məqsədsizliyi, hədəfsizliyi, yiyəsizliyi qəbul edə bilmir. Yolları qədim insanın primitiv-mifik təfəkkürü ilə çəkilmiş dilin yol işarələri müasir insanı azdıra, onu mağaralara geri qaytara bilər…

Beləliklə, qəbul edilmiş son orfoqrafik tələblərə görə “allah” “Allah” kimi yazılmalıdır. Mən isə sübut etməyə çalışdım ki, “Allah” düzgün yazılış deyil, düzgün yazılış “allah”dır. Çünki allahın Allahdan fərqi var: allah varlığı-yoxluğu müzakirə edilən, son dərəcə maraqlı fəlsəfi-elmi mövzudur, Allah isə yoxluğu müzakirəyə çıxarılmayan dini doqmadır. Buna görə də, allah ancaq dini kitablarda böyük yazıla bilər, fəlsəfə dərsliklərində yox!

Nə üçün allah? Niyə Allah?

2007

# 6851 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #