Bu yaxınlarda internetdə bir video rekord qırdı: Paltar sərən qadın yıxılıb eyvandan sallana qalıb. Əri onu 8 dəqiqə ərzində tutub saxlasa da, gücü tükəndiyindən qadın 5-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.
Məsələnin maraqlı tərəfi budur ki, sonradan o bəxti gətirməyən qadının əri müsahibəsində gileyləndi. Söylədi ki, mən onu 8 dəqiqə saxladım, heç kim köməyə gəlmədi, hamı telefona çəkirdi. Düzü, mən bunu oxuyarkən eyni hadisəni yaşamaq, kiminsə telefonuna o formada düşmək istəməzdim.
Amma analiz etməyə çalışıram və o videoya ürəyim ağrısa belə baxıram: deməli, qadın eyvandan şaquli vəziyyətdə sallana qalıb, qoca kişi dillənir: "Hamı mal kimi baxır" və birdən vay səsləri göyə ucalır. Qadın yerə düşən kimi hardansa ağı deyən bir qadının səsi eşidilir.
Deməli, çəkən var, narazılıq edən var, ağı deyən də var. Bircə kömək edən yoxdu. Hətta görünür ki, həmin an eyvanın altı adamla doludu. Amma bir ağıllı tapılmır ki, orda operativ iş görsün. Kiçik dəstə yaradıb, məsələn, 8 dəqiqə ərzində yuxarı qalxıb, qapını sındırıb evə daxil olub ərə kömək etmək, yaxud əyinlərindəki isti paltarları, gödəkcələri çıxardıb eyvanın altına düzmək, yaxud birinci mərtəbədə yaşayan qonşulardan yorğan, iri bürüncək alıb, dövrə vuraraq qadını tutmağa çalışmaq və s. etmək olardı. Amma telefonla çəkmək hamının ağlına gəlir. Adamlar sanki tamaşa, şou görmək arzusuyla alışıb yanırlar.
Bu yaxınlarda bir sosial reklam izləmişdim. Deməli, iki aktyor liftdədir. Biri digərinin boğazına ip salaraq onu boğmağa çalışır və təsadüfən lifti basıb onu çağıran adam bu zorakı mənzərəylə qarşılaşır. Mənə insanların reaksiyaları çox maraqlı oldu: bəziləri qorxub qaçır, bəziləri kömək etməyə çalışır. Ən təhlükəli adam tipi isə soyuqqanlıqla baş verənləri telefonunun yaddaşına köçürməyə başlayır.
Bu yeni insan növü məni doğrudan da qorxudur. Sosial şəbəkələrdə izlənmə rekordu qırmaq istəyən adam tipi yaranıb. İnternet ovçuları hadisələrə ov kriteriyası ilə yanaşırlar. Onlar sanki mənşəyi bəlli olmayan robot insanlardı, bütün dəyərləri internet ölçü, izlənmə kriteriyaları ilə ölçən qeyri-normal adam tipləridir. Onlar bizim aramızdadı və qorxuram ki, sabah küçənin ortasında bizim başımıza bir iş gələndə insanlar sənə, mənə kömək etməyə deyil, telefonuna çəkməyə tələsəcək.
Umberto Eko bir dəfə essesində qeyd edirdi ki, mən hər şeyin fotolentə alınmasına qarşıyam və belə bir misal çəkirdi ki, hardasa 40 il bundan qabaq o yolda bir arabanın aşdığının şahidi olmuş, arabaçının arvadı qan içində yerdə uzanmışdı. Və indi o hadisə baş versəydi, hansısa əclaf onu tezcə lentə alıb internetə qoyardı. Və bu dəhşətlidi. Faciəni belə lentə alıb, paylaşmaq həvəsi...
İş yoldaşım küçədə belə bir hadisənin şahidi olmuşdu: Kamaz maşını sürücüsü qadın olan balaca minik avtomobilinin üstünə aşmışdı və qadın ölmüşdü. Qadının meyiti maşında əzildiyindən onu çıxarmağa bir saata yaxın vaxt lazım oldu. İş yoldaşım özü qeyd edirdi ki, onu çıxarmağa çalışan zaman bir neçə kişi maşının ətrafına yığışıb bu hadisəni telefona çəkirmişlər.
Mən bunu anlamıram. Kiminsə qızı, arvadı, ay nə bilim, bacısı və ən əsası bir qadının meyiti bu axmaq kişilərin nəyinə lazımdı? Bilinmir. Bu cür faciəvi videolar maraqsız həyat sürən insanların elə bil monoton həyatlarına rəng qatır. Yəqin, bu videoları özlərinə oxşar adamlara göstərib fərəhlənirlər də. Texnika, kosmos dövrü olduğundan bu əşyalar da get-gedə bizə qarşı çevrilir. Özünüzü telefona düşəcək təhlükəli hadisələrdən qoruyun!