Sevdiyimiz oğlanlar

Sevdiyimiz oğlanlar
19 noyabr 2014
# 11:12

Səhər Facebookda oxuduğum iki status nələri xatırlatmadı mənə, darıxdım o insanlığın renessans dövrləri üçün.

Çörək mağazalarında yarım çörək satılırdı, yəni israfçılıq olmasın. İndi desən mənə yarım çörək ver, adamı topa tutar satıcı, heç yağı, kolbasanı bəzən kiçik dükanlarda kəsməkdən imtina edirlər ki, bütöv satırıq.

İnsanlar bir-birinin gediş haqqını ödəməklə xoş jest eləyirdilər. Xüsusən əgər salam-kəlamları olan gənc oğlan qızı yola salanda gediş haqqını da ödəyirdisə qızın ürəyinə gedən yolun kandarına yaxınlaşardı, çünki bu çox böyük nəzakət hesab olunardı.

Eyni dövrdə tələbə olduğumuz, ayrı-ayrı ali məktəblərdə təhsil alıb, Dərnəgüldə tələbə şəhərciyində qonşu binalarda yaşadığımız xalam oğlu ilə səhər, yaxud dərsdən qayıdanda eyni marşruta düşdüksə bütün mənimlə olan qızların (bəzən bu az qala trolleybus bütün sərnişinlərini təşkil edərdi) gediş haqqını ödəyib indiki anlamla “yazıq olardı”. Üstəlik İlqar düz beş il rayondan mənə “veş”-azuqə dolu zənbil daşıyıb, mən dil-ağız eləyəndə ki, səni yoruram-“borcumdur”-deyə cavab verərdi. “Borcumdur” ha... Görəsən indi bu ifadəni işlədən bir kimsə var? Çətin.

“Sadko” kafesi vardı, bulvarda. O vaxt bərkgedən kafe sayılardı. Əmim ad günümdə məni iki-üç nəfər də tələbə rəfiqəmlə bir yerdə o kafeyə dəvət elədi. Özü də tələbə olan gənc əmim tərəfindən bu mənim üçün böyük başucalığı idisə, əmimin özü üçün iki tərəfli xoş idi. Əmim həm məni dostlarımın yanında uca tutmaqla qürrələnə bilərdi, həm də qızların yanında centlmen kimi görünmək zövqünü yaşayırdı. Yedik-içdik , dedik-güldük, amma içimdə xəfif bir qorxu vardı ki, əmim şotu necə verəcək. Çantamda ehtiyat götürdüyüm pulu ona vermək imkanı axtarırdım, heç cür düşmürdü o fürsət. Tortdan sonra üstəlik dondurma da sifariş verəndə həyəcandan içimin titrədiyini hiss elədim. Ürəyimdə onu asıb-kəsməyə başladım ki, axı, bunun altından çıxa bilməyəcəksən, niyə belə eləyirsən?)

Sən demə, dondurmanın hesabını verəndə pulu çatmayıb, açıb qolundakı saatı girov qoymaq istəyib ki, sabah gətirib pulun qalanını ödəsin. Dondurma üçün ondan arxada növbəyə duran elə əmim yaşda cavan oğlan – ayıb olar, insan deyilik, bağla saatını qoluna –deyə pulun qalan hissəsini ödəyib satıcıya. Əmim sonra pulu ödəməsi üçün oğlanın koordinatlarını soruşmuşdu, oğlan verməmişdi ki, ehtiyac yoxdur, mən də bu duruma düşə bilərəm-deyib: “Onda da bir insan tapılıb mənə kömək olar”.

İnsanlar bir-birinin qəlbinə belə yol tapardı. Xüsusən gənc oğlanlar qızların qəlbinə. Ona görə də mənim rəfiqələrim ya əmimlə, ya da xalam oğlu ilə ailə qurmağın arzusunda idilər. Belə centlmen oğlanları sevərdik, onların cibi, maşını, evi haqda düşünməzdik. Onlar da bizə zor tətbiq eləməzdi, ürəyimizə sahib olmaq ümdə məqsədləri olardı. Təbii ki, istisna hallar həmişə olub, var. Baxır o istisnalar hansı tərəfdədir-yaxşıda, yoxsa pisdə.

Nostalgiyaya da tutulmamışam ha... Uzaq olsun, sadəcə işimdən irəli gəlir yaxşı olan nə varsa o haqda bilgi vermək... Vəzifə borcumdur :)

# 2497 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #