Qadının yaxasına boylanan mömin kişi

Qadının yaxasına boylanan mömin kişi
19 avqust 2014
# 10:06

Kulis.Az Cavid Zeynallının məqaləsini təqdim edir.

Tənqidçilər adamın zəhləsini tökməyələr, oturub kövrək sevgi romanı yazasan. Girişi də belə: qalsan mənimsən, ölsən torpağın.

* * *

Evdən baş götürüb getdiyin gecə oğlun yuxuna gələ: ata, bəs mənim dırnaqlarımı kim tutacaq?!

* * *

“Elmlər”də metronun yan-yörəsi kirayə elanları ilə doludur. Hamısında da eyni cümlə: “Tələbə qızlar üçün kirayə ev”. Deməli, bu il tələbə oğlanlar ağacda yatacaqlar. Hərəsi bir budaq tutub, sentyabrda köç daşıyacaq.

* * *

Cavad Heyətlə vida mərasimində mənə ən çox təsir edən Rafael Hüseynovun əlləri oldu: Cəmil Həsənliyə uzananda dırnaqlarının ucuna qədər utandı.

* * *

Adamın yeddi min manat maaşı, yeddi otaqlı evi, yeddi aslan kimi oğlu ola, qızlarla xısın-xısın danışdıqları eşidib paxıllıqlarını çəkəsən. Sonra tülkü-tülkü deyəsən: konturunuz olmasa, mənim telefonumdan zəng edin.

* * *

Həzrəti İsa əlini adamın çiyninə qoyub deyə: yazılarınızı oxuyuram, gələcək sizindir.

* * *

Allah haqq-hesabı qarışdırıb bəşəriyyətə fövqəladə təlimatla bir peyğəmbər göndərə: “Ya Nuşirəvan, de: “Xəzər” TV-yə baxanlar bizdən deyil”.

* * *

Kulis.az-ın redaksiyasına girəndə çaşıb Qan Turalıya deyirəm: düşək aşağıda bir qonorar çəkək, mənim siqaretimi aralığa salıb bu aya verərsən.

* * *

Qadının açıq yaxasına boylanan hündürboy mömin kişinin telefonu zəng çaldı, azan səsindən diksindi...

* * *

Adamın qızına elə yerdən elçi düşələr, irişə-irişə deyəsən: nə əziyyət çəkmisiniz, özümüz gələrdik də.

* * *

Qəzetlərin nəzərinə: Zahir Əzəmətin nikbinliyi ilə Rasim Qaracanın qərəzi arasında kəskin döyüş baş verib. Nəticədə Aydın Xanın üsyankarlığı qalib gəlib.

* * *

Ən böyük arzum istedadlı adamların qonorarını buğda hesabı verməkdir. Tutalım, Etimad Başkeçidlə Şərif Ağayara yazırsan: keçən aydan hərəyə yeddi kisə qonorarınız var, uşağı göndərin, aparsın...

* * *

Belə: oxunmayan saytlardan tədbirlərə jurnalist qızlar göndərirlər. Baş redaktorları adından hədər gedən zəhmətlərinə görə o gözəl qızlardan üzr istəyirəm.

* * *

Tiflisin küçələrində gözlərim Seymur Baycanı axtarırdı. Guya Axundovla Zərdabi görüşəcəkmiş...

* * *

Tənbəllik eləməyib elə bu gecə yollanasan kəndə. Uşaq vaxtı budağını sındırdığın alma ağacının dibini belləyəsən, su verəsən, yarpaqlarını öpüb ağlayasan. Bircə qalır gövdəsini qucaqlayıb ölmək. Ya da yol yorğunluğunu çıxarmaq üçün dərin avqust yuxusuna getmək...

# 6228 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
#
#
# # #