Uşaq evində qız gözaltı edib ərə verən hacıxanımlar

Uşaq evində qız gözaltı edib ərə verən hacıxanımlar
22 iyun 2017
# 11:27

Kulis.az Təranə Fazilqızının “Atılmışlar” yazısını təqdim edir.

Qışın gəlişi soyuq küləklər, yağışlarla başladı. Küçələri su basmış, tıxaclardan yaranan gediş-gəliş zülmə dönmüşdü. Kövrək ağacların qaməti əyilmiş, bəzi elektrik xətləri sıradan çıxmışdı. Pəncərəni döyən yağış kədərdən don geyib üstümə gəlirdi. Həmən gün dostlarımla birgə Binədəki uşaq evinə getməliydik. İliyə işləyən soyuq da bir yandan tənbəllik azarımı artırır, evdən çıxmağıma mane olurdu. Könülsüz olsa da, geyinib hazırlaşdım. Çətirimi götürüb qaçaraq görüşə tələsdim.

Xeyli ərzaq, oyuncaq, müxtəlif geyimlər, uşaq arabalarını maşınlara yükləyib yola düzəldik. Yolboyu uşaqları düşünürdüm. Xoşbəxtlikdən yağış dayanmış, şəhər qara buludlardan təmizlənmişdi. Yarım saatdan sonra, torpaqdan gələn nəm qoxunu ciyərlərimizə çəkib göy darvazadan içəri girdik. Gələcəyimizi qabaqcadan xəbər versək də, həyətdə ins-cins gözə dəymirdi. Çox da böyük olmayan, təmizliyi göz oxşayan həyətin bir küncündə sıra ilə əkilmiş qızılgüllər vardı. Nəzərimi daha çox cəlb edən eyvanın sütununa ilan tək dolaşan üzüm meynəsi oldu. Torpağı kəhrəba qumlu, bağ evlərini xatırladan bu həyətdə baş-başa vermiş əncir ağacları, bir də uşaqlar üçün qəribsəyən üç yelləncək vardı. İkimərtəbəli, uzun şüşəbəndli bu evə giriş iki müxtəlif qapıdan keçirdi. Kim var, kim yox deyə, xeyli çağırandan sonra, dolu bir qadın şəp-şəplərini sürütləyərək bizə tərəf yeridi. Sağlam görünüşlü, qırmızı yanaqlı qadının mehriban təbəssümü vardı. Paltarın üstündən keçirtdiyi önlük aşpaz olduğunu bildirirdi. Əllərini önlüyə silib bizə “xoş gəldiz” - deyərək, uşaqların Ağ şəhərə şənliyə aparıldığını dedi. Narahat olmayın, çoxdan gediblər, indilərdə gələrlər. Gətirdiklərimizi eyvana boşaltdıqdan sonra, uşaqların yaşam şəraitilə maraqlandıq. İkinci mərtəbədə yerləşən yataq otaqları oğlanlar və qızlar üçün uzun dəhlizdən sonra iki hissəyə bölünürdü. Otaqlarda istilik sistemi, müasir mebellərlə təchiz olunmuş nərdivanlı yataqlar, daimi interneti olan kompüterlər, kino zalı, idman otaqları göz-könül oxşayırdı. Bütün bunlara baxmayaraq, bu rahatlıqda ata-ana sevgisini verməyən boşluq, kimsəsizlik vardı.

Pilləkənlərlə aşağı düşüb şüşəbəndə bitişik kiçik otaqları da gəzdik. Otaqların birində təxminən 4-5 yaşlı iki oğlan uşağı oyuncaq üstdə bir-birini didirdi. Onları sakitləşdirib həyətə çıxartdım. Məlum oldu ki, hər ikisi uşaq evinə təzə gəliblər. Daha çox ağlayan, mühitə uyğunlaşa bilməyən körpələrdən biri az qala yalvararaq əlimdən tutub: “Apar məni evimizə nolar, mən anamı istiyirəm” –deyəndə dolub qalmış, bir müddət nə deyəcəyimi, necə ovunduracağımı bilməmişdim. Hələ uzun illər qulaqlarında əks-səda verən “atılmışlar” sözünün ağırlığını daşıyacaq bu uşaqlar təkliyə düşəndə göz yaşlarıyla həmdərd olacaqdılar. Ana sevgisindən məhrum bu körpələrə tale daha hansı acıları yaşadacaqdı görən?

Təzə gətirdiyimiz oyuncaqlarla başlarını qatıb ovundurdum. Ağrısının faciəsini dərk etməyən saf uşaqlar hoppanıb-düşür, yelləncəkdə şənlənirdilər. Üzülmüş halda soyuq olsa da, pilləkəndə oturdum. Nəzərimi zivədən uşaq paltarları sərən arıq qadın cəlb etdi. Bayaqdan varlığı belə gözə çarpmayan bu qadın hardan peyda oldu, deyə düşündüm. Yaxınlaşıb hal-əhval tutdum. Onun təmizləyici olduğunu bildim. Elə yenicə söhbət edirdik ki, ağlayan çağa səsi hər ikimizi diksindirdi. Qadın yan otağa keçib beşikdən 8-9 aylıq körpəni qucağına aldı. Qıvrımsaçlı, qara gözlü çox şirin bu qız diqqətlə mənə baxırdı. Uşağın qeyri-qanuni doğulduğunu bildirən ana getməyə yeri olmadığı üçün evdən qovulmuş, bura pənah gətirmişdi. Valideynlərinə üz qaralığı gətirən, günahı olsa belə övladını ana sevgisindən məhrum etməyən qadın əməlinin peşmançılığını simasında gəzdirirdi. Süd qoxulu körpənin totuq əllərini öpdüyüm zaman ana sevgisinin böyüklüyünü bir daha yaşadım.

Ətrafa yayılan uşaq səsləri, hay-küy məni duyğulardan ayırdı. Uşaqlar yeni il şənliyindən qayıtmışdılar. Təxminən 40-50 nəfərdən ibarət olan bu uşaqlar müxtəlif yaş qruplarında idilər. Yeniyetmə qızlar, oğlanlar çoxluq təşkil edirdi. Hay-küy salan 9-10 yaşlı uşaqlar olmaqla hər kəsin geyimi təmiz və səliqəli idi. Məktəbin direktoru Fəridə xanım çıxışının sonunda təşəkkürünü bildirib, bizə söz verdi. Arzularını uşaqlara bildirən böyüklər gətirdikləri hədiyyələri bir andaca paylaşdırdı.

Söhbətə baməzə yanaşan oğlanlar əksər suallara istehza ilə cavab verirdilər. Bir-birindən əzbərləmiş kimi çoxu rəssam, aktyor olacağını deyirdi. Səbəbini soruşanda çiyinlərini çəkib gülür, söz tapmırdılar. İzahı isə, sonradan mənə məlum olan keçmiş məzunlardan birinin aktyor, digərinin rəssam olması idi. Divar boyu yağlı boya ilə çəkilən təbiət təsvirləri rəssam məzunun əl işi idi. Şagirdlərin uğurları, gəlin köçən qızların xoşbəxt izdivacını müəllim fərəhlə danışırdı.

Bir neçə ay öncə Maştağa kəndindən gələn Hacı xanımlar burdan qız gözaltı edib kasıb bir oğlan üçün elçi düşmüşdülər. Hamılıqla razılığa gəlib qıza cehiz verən, toy edən dindar xanımlar da, gənclər də bu izdivacdan çox məmnun idilər.

Övladlığa götürülən, ailə mühitinə alışmayıb qaçan uşaqlar da olmuşdu, yeni ailəsinə bağlanıb dərdini unudanlarda. Uşaqların hər birinin dünyaya sığmayacaq arzuları var. 10 yaşlı Əli mahnı oxumaqla yanaşı dediyinə görə tütəkdə ifa da edir. Uşaqlarla mübahisə vaxtı tütəyi sındırılan Əli gələn dəfəki görüşümüzdə bizdən tütək gətirməyimizi istədi.

Yeniyetmə qızlara gəlincə kameradan qaçır, ünsiyyətdən çəkinirdilər. Pəncərə önündə pıçıldaşan sarışın qızlarla maraqlandım. Məlum oldu ki, onlar bacıdılar. Anaları maşın qəzasında həlak olandan sonra, içkiyə qurşanan ata günlərlə evə gəlmirmiş. Böyük qızın on iki, digərinin yeddi, kiçiyinin üç yaşı olub o zaman. Qohumları yiyə durmadığından qonşuların köməkliyi ilə beş il idi ki bu uşaq evini qızlar özlərinə ocaq, isti yuva bilirdilər. Dərdini içində çəkən bu uşaqların gözlərindəki kədər adamı üşüdürdü. Onlar dağılmış yuvalardan perik düşən körpə qaranquşlara oxşayırdılar.

Düşüncələri də tam fərqli idi.

Həyat oğlanların gözündə macəra dolu əyləncə, qızların kədərli baxışlarında soyuqluq və tənhalıq idi...

# 1705 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #