Gənc yazarlar nə istəyir?

Gənc yazarlar nə istəyir?
15 avqust 2019
# 11:20

Kulis.az tənqidçi Əsəd Cahangirin "Gənc yazarlar nə istəyir?” yazısını təqdim edir.

Son illərdə dünyasını dəyişmiş gənc yazarlar – Fərhad Mete,

Zərdüşt Şəfi, Mövlud Mövlud

və II Mahmudun ruhuna ithaf edirəm.

Birinci hissə

Möhtərəm oxucu!

Öncə onu deyim ki, indiyə qədər gənc yazarların 4 antologiyasının tərtibçisi olmuşam. Bunlardan birincisini (2004) Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, ikincisini (2016) Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun, üçüncüsünü (2017) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, nəhayət, bu sonuncusunu yenə də Anar müəllimin təklifiylə hazırlamışam. Bəs, bu 15 il, bir az da geniş götürsək, siyasi müstəqilliyə qovuşduğumuz 30 ildə gənc yazarların düşüncəsində nələr axıb, nələr bulanıb, nələr durulub, bir sözlə, hansı dəyişmələr baş verib?

Ədəbi gəncliyin aşağı-yuxarı hər on ildə bir yol üzə çıxan dalğalarını durğun suya atılmış daşın yaratdığı çevrələrə bənzədirəm. Daş 90-cı illərin başlanğıcında atılmış, dəyişkənlik onda olmuşdu, indi o daşın yaratdığı dalğalanmalar gedir. Amma bu, müstəqillik dönəmi ədəbi gənclərinin ayrı-ayrı nəsilləri arasındakı müəyyən fərqləri inkar etmir.

Ədəbi gəncliyin 80-90-cı illər təmsilçiləri – M.Köhnəqala, R.Qaraca, E.Z.Qaraxanlı, H.Herisçi, A. Yaşar, Y.Əliyev, E.Hüseynbəyli, R.Məcid, Ə.Nuri, A.Turan, E.İsgəndərzadə, E.Başkeçid, Salam, Ə.Qiyas, M.Cəfərli, S.Əhməd, H.Şəmi, F.Uğurlu, E.Mirzəbəyli, O.Fikrətoğlu, D.Osmanlı, P.Cəbrayıl, R.Sabir, Q.Ağsəs, Q.Yaquboğlu, B.Əvəzoğlu, E.Muradxanlı, Xanəmir, A.Xan, S.Babullaoğlu və digərləri tarixdə ən nəhəng imperiyanın çöküşünü görmüş, "fırtınadan doğulmuşdular.” Filosoflardan Uilyam Ceymsin bir sözü var – "çox böyük tarix lazımdır ki, heç olmasa bir az ədəbiyyat alınsın”. Yazmağa tarixin qlobal parçalanma dönəmində başlayan bu gənclərin yaradıcılığında "bir az ədəbiyyat” alınırdı.

Amma, məncə, onların önəmli bir qismi (bəlkə də heç biri) öz daxili imkanını sözün tam anlamında gerçəkləşdirə bilmədi:

– Bayram 90-cı illər ədəbi-tənqidinin qaranlıq göylərində bir şimşək kimi çaxıb, bir ulduz kimi axıb keçdi;

– poetik ilhamlarını son 20 ildə dincə qoyan Salam və Qulu ötən yüzilin (minilin!) "canlı klassikləri” kimi qalmağa üstünlük verdilər;

– Əlizadənin şeir, Elçin (Hüseynbəyli) və Mübarizin nəsr çabaları daha çox kəmiyyət artımıyla səciyyələndi;

– Elxanın türkçü şeirlərdən şəhər poeziyasına, Rasim, Səhər, Pərviz, Qurban, Xanəmirin şeirdən nəsrə keçidi, Həyat və Səlimin şeirdən heç yerə keçməməsi də qeyri-adi uğurla sonuclanmadı;

– Azad və Yaşar orijinal yaradıcılığı bədii çevirməyə, Rəşad qəzetçiliyə, Orxan telejurnalistikya, Elçin (Mirzəbəyli) siyasi, Rəsmiyyə elmi, Aydın Xan ictimai fəaliyyətə dəyişdi;

– Dəyanət 10-15 il öncəki şeirləri, Fəxri hekayələrinin havasından hələ də çıxmaq istəmir;

– şeirlərindəki uğurlara baxmayaraq, Həmidin də son işi – "Solaxay” romanının parlaq bədii özəlliyindən danışmaq şişirtmə olardı; romanın hətta inqilabi ideya və postinsan qəhrəmanı belə bu barədə ürəklə və birmənalı söz açmağa ciddi əsas vermir;

– şeirdən nəsrə keçiddə bədii tarazlığı saxlayan Murad, fəlsəfi altyapı (daosizm), bitkin süjet və parlaq üsluba malik "Min yol mənə söylər” romanıyla bir addım irəli atan isə Etimad oldu; amma Etimadın romanı bir az da on səkkizinci yüzil (!) türkmən şairi (!!) Məhtimqulu (!!!) ruhundakı şeirlərinə nəzərən irəliləyiş kimi görünür.

90-cı illərin sonu, 2000-ci illərin başlanğıcında qalxan yeni dalğanın təmsilçiləri – Z.Əzəmət, S.Baycan, Ş.Ağayar, S.Sədaqətoğlu, A.Yenisey, N.Kamal, Q.Turalı, Ə.Əkbər, S.Elsevər, E.Aslanbəyli, G.Mövlud, S.Çılğın, C.Cavanşir müəyyən istisnaları –K.Hacı, Ə.Cabbarlı, F.Hüseynbəyli - çıxmaqla Allah, millət və topluma nihilisit yanaşırdılar. Çünki onlar təkcə postmodernist yox, həm də posttravmatik dönəmin yetirmələriydi. Əksərən sosioloji qatda düşünən, toplumla öcəşən, "ədəbi iqtidar”a qarşı "müqəddəs müharibə”yə çağıran bu gənclər üçün metafizika o qədər də önəmli deyildi. Bu, 90-cı illərin yerlə-göylə əlləşən "metafizik qiyamçı”larından sonra bədii fikrin, şübhəsiz ki, dayazlaşması əlamətiydi. İndi – üstündən 20 il keçəndən sonra daha aydın görünür ki, onların Elxan kimi türkçü, Xanəmir kimi sufi, Elçin (İsgəndərzadə) kimi modernist, Murad və Salam kimi postmodernist, Rasim və Səlim kimi eksperimentalist, Əlizadə kimi lirik şairləri, Etimad kimi daosist, Fəxri kimi magik realist nasirləri, Qulu kimi "novellisti”, Azad və Yaşar kimi tərcüməçisi, Rəşad kimi redaktoru, Pərviz kimi ziyalısı, Səhər kimi Səhəri, Həyat kimi Həyatı, nəhayət, Həmid kimi metafiziki olmadı. Postmodernizmin ilk örnəkləri Həmidin məşhur çantasından çıxdığı kimi, postinsanın qaranquşu da onun yazı(q) masasından uçdu.

Hər şeyə, hamıya tənqidi yanaşan 2000-cilər bir neçə uğursuz çabaya baxmayaraq, lazımı filoloji özülün olmaması üzündən özlərinin hətta Bayram kimi bir çaxım – bir axımlıq tənqidçilərini də yetirə bilmədilər. Və bunun heyfini öncəki ədəbi nəsillərin tənqidçiləri, özəlliklə də mənim üzərimə illərlə sürən ardıcıl, mütəşəkkil (və bəhrəsiz!) hücum cəhdlərində çıxmağa çalışdılar. O qaragüruhçu hücumlar bir az fərqli biçim, amma eyni bəhrəsizliklə bu gün də davam edir.

Z.Şəfi, F.Mete, M.Mövlud, İ.Mahmud, Q.Rüstəmov, M.Ağaoğlu, P.Nurəliyeva, A.Əlizadə, R.Nazimqızı, C.Zeynallı, A.Amin, Q.İman, K.Arif, E.Barat, S.İbrahimova, F.Hüseyn, S.Talıblı, A.Əlioğlu, A.Ayvaz və digərləri ilə təmsil olunan növbəti dalğanın əksər üzvləri istər siyasi, istərsə də ədəbi baxımdan öncəkilərdən öz mötədil yanaşmalarıyla seçilirdilər. Bu durmadan yeniləşən tarixi durumla bağlıydı. Onlar coşqun siyasi, inqilabi, hərbi olayların tarixə qovuşduğu dönəmin gəncləriydi – xaotik keçid dövrü artıq başa çatmışdı. Birinci dalğanın bir çox təmsilçilərindən fərqli bu gənclər Qorki adına "litinstitut”u bitirməmiş, rus dili və mədəniyyətinin təsiriylə formalaşmamışdılar. Amma ikinci dalğanın üzvləri kimi sadəcə Azərbaycan ədəbi mühitinin də yetirməsi deyildilər. Onların aparıcı imzaları internet, televiziya, mətbuat, tərcümə hesabına Avropa ədəbiyyatıyla dialoqda yetişirdilər.

Ayrıca bir qol yaradan A.Buzovnalı və Ə.Qurbanlının yaradıcılığı göstərirdi ki, əruzun yeni dirçəlişi yeni ifadə vasitələri istəyir, duyğusal və idraki gücünü tükətmiş çoxsərlik təşbeh və istiarələrlə bunu eləmək isə getdikcə daha mümkünsüzdür. Qərb və şərqi, klassika və çağdaşlığı, kino və ədəbiyyatı, şeir və nəsri, ədəbi nəzəriyyə və bədii praktikanı bir araya gətirən İlqar Fəhmi isə bədii fikrin yeni universallaşma cəhdinin səciyyəvi ifadəçisi kimi görünür. Amma bu universalizm İlqarın özəlliklə də esseist cəhdlərində bəzən formal təsir bağışlayır.

Ədəbi gəncliyin 90-cı illərdən bu günə qədərki ən ümumi – təbii ki, qaçılmaz subyektivizmdən xali olmayan – mənzərəsi təxminən belədir.

***

Bəs, bu günün gəncləri nəyi necə yazır? Oxuyacağınız antologiyaya toplanmış 70-ə qədər gəncdən seçmələr bu suala əyani cavabdır.

Antologiyalar adətən şeir və nəsrdən ibarət olur. Bu kitab isə ədəbi-tənqid, nəsr, şeir və dram kimi 4 bölümdən ibarətdir və ənənədən fərqli öncə şeir yox, ədəbi-tənqid verilib. Niyə?

Gənclərin çoxu ədəbiyyata şeir və ya nəsrlə gəlir və bu, yaradıcılıq sahələri arasında disbalans yaradır – görürsən ki, gənc şair və nasirlər var, amma tənqidçiləri yoxdur. Halbuki, hər hansı ədəbi nəslin əyər-əskiyini ən yaxşı onların yaşıdı olan tənqidçi göstərə bilər. Məsələn, uyğun dönəmlərin ədəbiyyatı M.Hüseyn, Q.Xəlilov, Y.Qarayev, A.Əfəndiyev, Elçin, N.Paşayeva, A.Məmmədov, N.Cabbarlı, A.Hüseynov, V.Yusifli, N.Şəmsizadə və digərlərinin yazılarında sadəcə öz əksini deyil, həm də bu yazılarla öz bütövlüyünü tapır. Bunu nəzərə alıb, antologiyaya analitik yazılar da daxil etdik. Əlbəttə, bu yazılar sözün ciddi anlamında ədəbi-tənqid örnəkləri olmaqdan daha çox, ən yaxşı halda uğurlu qələm məşqləridir. Lakin onların bəziləri, özəlliklə də Qismət Rüstəmovun parlaq üslub, axıcı dillə yazılmış "Trierin mifologiyası” məqaləsində gələcəyin ciddi sənət təhlilçisini görməmək mümkün deyil. Onun bir çox fikirlərinin vikipedik məlumat xarakteri daşıması, dünya rejissorlarının ideoloji yöndən ən zərərlisinə dəbə uyğun simpatiyası belə bu qənaətə mane olmur.

Bununla belə, Qismətə ünvanlayacağım suallar var:

– Görəsən, gəncləri niyə bülbül yox, qarğa, mələk yox, şeytan, Məcidi yox, Trier, Allah yox, Dəccal özünə çəkir? "Allahın rəngləri”nin (Məcidi) "Dəccal”dan (Trier) nəyi pisdir ki? Sevgi, ümid və imanı yox, nifrət, ümidsizlik və küfrü yayan sənətə bu aşırı vurğunluq hardandır?

– Bəlkə, yüzillər boyu təbliğ edildiyindən cazibəsini itirən "ağ kitab”a baxanda indiyəcən gizlədilən "qara kitab” gözə (sözə!) yeni görünür?

– Bəlkə, bu maraq yasaq edilən meyvənin şirinliyindən irəli gəlir?

– Bəlkə, gəncləri özünə çəkən trierkimilərinin "sərt”, "amansız”, "güzəştsiz”, "bəzək-düzəksiz” həqiqət iddiasıdır? Bəyəm, əsl həqiqətin bu iddianın o üzündə qaldığı, bir az dərinə gedən kimi trierizmin ruhi korluqdan doğan illüziyadan – "qaranlıqda rəqs eləməkdən” başqa bir şey olmadığı aydın deyil?

– Bəlkə, Allahsız dünyada insan özünü mənəvi təzyiqdən azad hiss edir? Doğrudanmı, 90-cı illərin kataklizmləri o dövrdə öz uşaqlığını yaşayan gənclərin ruhunda bunca zədələnmələrə səbəb olub?

– Bəlkə, səbəb tarix yox, gələcəkdədir – robotlaşma erası öncəsi ədəbiyyatın qisməti ruhsuzluqdur?

Əslində, Həzrəti Musanın qızıl lövhəsinə yazılmağa layiq və hamısı bir yerdə 10 sual! Amma nə Tanrı hökmü, nə də farisey qanunu yox, sadəcə sual. Lakin məsələ bu suallarla bitmir, ədəbiyyatın fərqli sahələrinə meyl edən Qismət, məncə, aşırı enerji itkisinə yol verir. Olsun ki, mən oxumamışam, amma 30 yaşını artıq geridə qoyan bu gəncin hansısa janrda möhür vurduğu yazısı yadıma gəlmir. Halbuki, o indiyəcən belə bir yazıya artıq çoxdan imza atmalı və istedadın ilkin açılışını (partlayışını!) göstərən bu yazı onun sənət vəsiqəsinə çevrilməliydi. Bu yazını oxuyub deməliydin ki, bax, Qismət budur! Hətta su kimi lətif bir şey belə eyni nöqtəyə ardıcıl düşsə, daşı deşə bilər. İllər gedir və məncə, Qismət bu haqda düşünməlidir.

Ümumiyyətlə götürəndə isə o, son 30 ildə üzə çıxanlar arasında Həmid və İlqarla yanaşı intellektualizmə iddialı üç nəfərdən biridir. Hərçənd ki, bu intellektin səciyyəsi İlqarda Həmiddən, Qismətdə isə İlqardan fərqlidir, özü də o dərəcədə ki, hər dəfə səciyyəsini dəyişdiyindən axırda gəlib erudisiyaya çevrilir (Bizdə bir qayda olaraq intellekt və erudisiyanı qarşıdırırlar, halbuki, bunlar fərqli şeylərdir) Amma bu, Qismətin sözügedən məsələdə öz yaşıdları arasında forposta çıxmasına mane olmur. Mənim indi Qismət məsələsi üzərində özəl dayanmağım, onun tənqidinə geniş yer ayırmağım da təsadüfi olmayıb, ciddi perspektiv vəd edən bu erudit gəncin təkcə nöqsanları yox, həm də imkanlarıyla bağlıdır. Hər kəsdən də qabiliyyətinə görə gözlənilir.

Günel Eyvazlının "Postinsan” məqaləsini bir müddət öncə "Ədəbiyyat qəzeti”ndə oxumuşdum və antologiyaya məhz bu yazını verməsini özüm ona təklif elədim. İnanmıram ki, ən qabaqcıl Avropa ölkəsində belə gənc yazarlar antologiyası dünya ədəb-fəlsəfi fikrinin bu son anlayışına dair yazıyla açılsın. Halbuki, "postinsan” sözü ilk dəfə 1999-cu ildə qərb fəlsəfəsinə gələndə bizdə hətta postmodernizm mücadiləsi belə başlamamışdı. Günelin postinsana birtərəfli (pozitiv!) yanaşması və onu milliləşdirmə (hürufiləşdirmə!) cəhdinə baxmayaraq, anlayışı tanıtmaq istəyi razılıq doğurur. İnanıram ki, o, bilgilərini gəlişdirmək şərtilə bir neçə il sonra ortaya postinsan və onun ədəbiyyatda ifadəsiylə bağlı yetkin bir kitab qoya bilər. Zəka və fəhminə güvəndiyim keçmiş tələbəmdə bu daxili imkanı görürəm.

Yeri gəlmişkən deyim ki, Günelin – gənc bir xanımın fəlsəfi, özəlliklə də, ezoterik ədəbiyyata marağı, Y.Blavatskaya, M.Gendel, yaxud R.Genonu oxuması mənim üçün sözün yaxşı anlamında gözlənilməz oldu. Əlbəttə, bu maraq Elxan, Həmid, Xanəmir, Səlim və İlqarda da var. Amma Günel bu məsələdə yaşıdları arasında, yəqin ki, birincidir və arzu edirəm ki, onun ezoterik və bədii fikri bir araya gətirmək cəhdləri adını çəkdiklərimdən daha uğurlu alınsın. Çünki təkcə gənc yazarlar arasında yox, ümumən ədəbiyyatımızda ezoterik (batini!) təyinatlı imzaya ehtiyac var.

Amma burda bir qeyd eləmək zorundayam və bu, sadəcə Günel yox, ümumən qələm adamlarımıza adiddir – hər hansı məsələdə təsirləndiyin qaynaqları göstərməmək. Axı, postinsan mövzusuyla bağlı dünyada, elə bizim özümüzdə də yazanlar var, özündən öncəkini yada salmaq isə rəsmi prosedur, ən azı etiket qaydasıdır.

Eyni fikri özünün kiçik həcmli esselərində milli və dünya ədəbi-mədəni faktlarına söykənib, söz, səs və rəngi fundamental estetik kateqoriyalar kimi çözməyə çalışan Elmin Nuriyə də aid etmək olar.

Mən bu qeydləri etməyə də bilərdim, amma hər iki gənci az-çox tanıdığımdan əminəm ki, onlar bunu mərifət sahibinə uyğun anlayışla qarşılayacaq. Füzuli demişkən, "təriq əhlinə adətdir təvazö aşina görgəc”. Günel və Elmini təriq (yol) əhli sayır, hələ ilk kövrək addımlarını atdıqları bu yolçuluqda onlara uğurlar arzu edirəm. Amma hər ikisinə xatırlatmaq istəyirəm – çətin yola girmisiz, bir az da dərinə getsəz, istəsəniz belə geri dönə bilməyəcəksiz. Ordan geriyə yol olmur.

Nəsimi haqqında Leyla Əsədullayevanın elmi-kütləvi, Şəhla Aslanın publisist üslubdakı yazıları gənclərin aktuallıq duyğusundan xəbər verir. Axı, Respublika Prezidenti cənab İlham Əliyev 2019-u Nəsimi ili elan edib! Arzu edirəm ki, gənclərin dahi şairə marağı sadəcə günün tələbindən (dəbindən!) doğmayıb, ardıcıl səciyyə daşısın və gələcəkdə də davam etsin.

Tural Adışirinin öz həmməkanı B.Vahabzadənin, Gülnar Səmanın isə öz həmzamanı Ruslan Dost Əlinin şeirləri haqda yazıları gənc araşdırmaçıların sovet dönəmi klassikləri və öz yaşıdlarına yanaşması kimi maraqlıdır. Şeir çabaları da göstərən Turalın məqaləsi göstərir ki, yüksək ziyalı etikasıyla seçilən bu gənc gələcək ədəbi karyerasını ümumən tənqidə də bağlaya bilər və bəlkə də, bu daha yaxşı olar. Bu həm də ona görə lazımdır ki, son illər tənqidə gələnlərin çoxu xanımlardır: B.Əlibəyli, İ.Musayeva, N.Cabbarlı, E.Akimova, M.Vahid... nəhayət, Gülnarın özü.

Gülnar Ədəbiyyat İnstitutunun doktorantı, iki monoqrafiyanın müəllifidir (onlardan biri hətta Azərbaycanın sərhədlərindən kənarda işıq üzü görüb) Antologiyaya verdiyi məqaləsindən də görünür ki, peşəkar tənqidə iddialıdır. Amma bir çox tənqidçilər kimi onun da yazısında maraqlı incələmələrlə yanaşı ümumiləşdirmə görmədim. O, Ruslanın şeirlərini misra-misra analiz edir, amma bu istedadlı şair haqqında sintez aparmır. Elə bil ki, avtomatı söküb, eləcə alt-üst qoyursan. Halbuki, məqsəd onu sadəcə sökmək yox, öyrənmək və sazlamaq, sonra yığaraq, daha peşəkar atəş açmaqdır./artkaspi.az/

# 5466 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #