Zaman o zaman idi ki, ölkədə nə doğru-düzgün kitab dükanları, nə də ədəbiyyat mükafatları-filan vardı. Hər kəs birilərinin – bu işi bacaran birilərinin ortaya çıxıb nələrsə eləməyini gözləyir, onların gördüyü işlərlə hər şeyin gözəl olacağına inanırdı.
Elə bu heynidə şəhərdə yalnız bircə balaca kitab butkası olan “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli ortaya çıxdı. Milli Kitab Mükafatı təsis edib kitab sahəsində yaxşı işlər görəcəyini, yerli – milli ədəbiyyatın inkişafı üçün əlindən gələni edəcəyini, mükafatını indiyə qədərki kimi yox, daha ədalətli şəkildə və müstəqil münsiflərin əliylə verəcəyini bəyan etdi.
MKM-ə qədər Nigar xanımın milliliyindən – tanınmasından əsər-əlamət yox idi. Hətta milli dildə də doğru-düzgün danışa bilmir, “kitab” sözündə vurğunu birinci hecaya salırdı.
MKM-də baş mükafatın qiyməti toya çağrılıb 3 mahnı oxuyan müğənniyə verilən puldan az olsa da, yazarımız düşündü ki, cəhənnəmə, heç olmasa bu var və ədəbiyyat adına nələrsə edilməyə başlayıb. Axır ki, ədəbiyyatı da, kitabı da səmimi qəlbdən, təmənnasız, hətta fədakarlıq edərək düşünənlər oldu.
Ancaq daha ilk mükafatın əsas qalibi – iki mahnılıq mükafat pulu Qaraqana veriləndə (ki, mükafat almayanlar arasında Rafiq Tağı, Şərif Ağayar, Fəxri Uğurlu və daha kimlər var idi), şəxsən mən şübhələnib şəhadət barmağımı bir gözəl dişləmiş, bir də o mükafatda barmağımın olmayacağına söz vermişdim.
Sonra məlum oldu ki, bu “müstəqil” mükafat Rəşad Məcid kimi münsiflərin inhisarında imiş və onlar istədiyi adama mükafat verə, istəmədiklərini elə başdan mükafatdan çıxara bilirlərmiş.
Sonrakı proseslər də bu şəkildə davam etməkdəykən ədəbiyyat adına heç bir iş görülmədiyi halda ortada qazanan və şöhrətlənən Nigar Köçərli xanıməfəndi idi. Özü də o qədər pullanıb şöhrətləndi ki, axırda bu milliliyə - yerli yazarlara arxa çevirdi. Onların kitablarını yolaverməz qaynana ədasıyla üstlərinə göndərməyə başladı.
Səbəb, daha doğrusu, bəhanə də çox sadə idi: yerli müəlliflər oxunmur, dükanlarda qalır, satılmır.
Bir dəfə mən öz kitablarımdan – adımda olan kitablardan birini almaq üçün iki-üç “Əli və Nino” dükanına getdim. Dedilər, yoxdur ki, yoxdur. Dedim, axı necə ola bilər, mən sizə nə qədər kitab vermişəm?! Axırda zəng elədilər, dedilər, nə bilim harda, hansısa küncdəki dükanda bir dənə var. Sonra bunun səbəbini araşdıranda məlum oldu ki, yerli müəlliflərin kitablarını anbarda saxlayır, heç bir dükanlara doğru-düzgün vermirlər, verəndə də kitabların altına bir yerə atırmışlar ki, onu da heç kim görmürmüş. Və eyni halı bir neçə dəfə gördüm. Bir dəfə hətta kitabların lap altından eşib tapmışdılar kitabımı.
Sonra da adı olurmuş ki, yerli müəllifləri heç kim alıb oxumur...
Qəribəsi o idi ki, mənim adımda təkcə öz kitablarım yox, həm də bir çox dostun – Salam Sarvanın, Etimad Başkeçidin, Şəhriyar del Geraninin və Kamal Abdullanın həmmüəllifi olduğu kitablar da var idi.
Bir gün, romantik şairlər demiş, bir axşamçağı məni çağırdılar, dedilər, bütün kitabları götür apar, anbarımızda artıq yer tutur. O əlahəzrət bəhanə də üstündə: “Yerli müəlliflər oxunmur”.
Halbuki adımda olan kitabların bir çoxundan az qalmış, ikisi-üçü hətta bir neçə dəfə bitmiş, təzədən istəmişdilər...
İndi eşidirəm ki, Qan Turalının kitabını da satmaqdan imtina ediblər. Yazar bu haqda bir yazı yazmış və mağazanın bu addımını inhisar yaratmaq cəhdi kimi dəyərləndirmiş: “Məqsəd? Çox sadədir! İnhisar yaratmaq, yazıçıları istismar etmək, onların bir qəpik belə qazanmadığı kitablar üzərindən varidat toplamaq. Təsəvvür edin ki, məlum nəşriyyat bir manat da qonarar vermir, kitab satışından olan gəlir isə mağaza və nəşriyyat arasında bölüşdürülür. Bu istismar çarxından xilas olmaq istəyən yazıçıların kitablarını satış üçün qəbul etməməklə onlar oyundan çıxarılır”.
Qan Turalının yazısına münasibət bildirən Nigar xanımın əsas dostu, işbirlikçisi Şahbaz Xuduoğlu görün hələ nə deyir: “Ola bilsin ki, Qan Turalı emosiyaya qapılıb belə bir yazı yazıb. Bir müddətdən sonra hər şey öz qaydasına düşəcək. Kitab mağazaları balacadır, kitabların hamısını yerləşdirmək olmur. Kitablardan ancaq bir neçə tiraj götürə bilirlər. Nəzərə alaq ki, yaxın zamanlarda neçə kitab dükanı kirayə pulunu verə bilmədiyinə görə bağlanıb. Həm də bizim yazıçılarımızın kitabları bir o qədər satılmır deyə, mağazalar bunda maraqlı deyillər”.
Adamlar açıq-açığına deyirlər ki, bizə yerli müəlliflər, Azərbaycan ədəbiyyatı və kitabı maraqlı deyil. Bizimçün əsas maraqlı olan pul qazanmaq, öz kitab dükanlarımızı, nəşriyyatlarımızı genişləndirməkdi.
Bütün bu mənzərələri görəndən sonra bir şeyi dəqiq başa düşdüm ki, bu ölkədə ən müqəddəs dəyərlərdən danışan, ən müqəddəs işləri gördüyünü deyən adamlar ən təhlükəli, ən inhisarçı işlərlə məşğul olan adamlardır.
Onlara kitab yox, kitabın pulu lazımdır...