Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri

Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri
7 aprel 2026
# 10:00

Kulis.az Kəmalə Nəcəfovanın "Zəfərdən sonra Şuşada çəkilən ilk bədii film - "Doğma torpaq" yazısını təqdim edir.

Zəfərdən sonra müharibə mövzusunda bir çox tammetrajlı və qısametrajlı bədii filmlərimizin çəkilməsi olduqca aktuallaşdı. Bu filmlərin hər biri müharibə, zəfər, geri qayıdış, müharibənin izləri (“Mən burdayam, İlahi”, “İlğım”, “Titrəmə” və s.) arxa cəbhənin göstərdiyi şücaət və cəbhədən kənar ərazilərimizin düşmən hədəfinə çevrilməsinə (“Arxa cəbhə”), qəhrəmanlarımızın igidliyinə həsr edilmiş (“Dastana döndü”, “Göz bəbəyim” və s.), hətta düşməni tənqid edən, onu gülünc vəziyyətdə göstərən qrotesk (“Son payız”), tragikomedik (“Həyat, deysən, gözəldir”) filmlər də çəkilmişdir. Əlbəttə ki, bunlarla yanaşı Qarabağ mövzulu müstəqil və silsilə sənədli filmlərimiz də (“Şuşa, sən azadsan”, “Şuşaya gedən yol – Qələbəni gətirən hərbi əməliyyatlar – Böyük Zəfər”, “Hadrdud, sən azadsan”, “Xocalı. Son toy”, “Edam kötüyü, “Oğul” və s. ) kifayət qədər çəkilmişdir.

Bu kontekstdə İlqar Safatın 2021-ci ildə çəkilişinə başlayıb, 2025-ci ildə yekunlaşdırdığı “Doğma torpaq” filmini nəzərdən keçirmək məqsədəuyğundur. Ərsəyə gəlməsi haqda qeyd edək ki, “Narimanfilm” və “Azərbaycanfilm” kinostudiyalarının birgə istehsalı olan layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və müxtəlif özəl şirkətlərin maliyyə və təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Filmin uğurlarını vurğulamaq baxımından qeyd edilməlidir ki, film Qazaxıstanın Aktau şəhərində keçirilən Türk dünyasının “Qorqud Ata” beynəlxalq film festivalında nümayiş olunub. Eyni zamanda İstanbulda 10–12 dekabr tarixlərində Fotofilm Culture and Arts təşkilatı tərəfindən İstanbul Aydın Universitetinin Kommunikasiya fakültəsi ilə əməkdaşlıq çərçivəsində keçirilən Golden Horn International Film Festival (“5.Goldenhorn International Film Festival – IFF”) çərçivəsində “Doğma torpaq” filmi “ən yaxşı film” və “ən yaxşı operator işi” mükafatlarına layiq görülmüşdür. Bəli, filmin operator işi həqiqətən təqdirə layiqdir. Bakı, Qobustan, Qax, Zaqatala, Quba, Qusar və Şuşa kimi gözəl təbiətə malik ərazilərimizi operator Konstantin Esadze ekranda valehedici şəkildə canlandırıb. Şuşada Gövhərağa məscidini həm pəncərədən (Şuşanın fəthi səhnəsində), həm küçədən (1980-ci illərdə Cəmilə ilə Emil məktəbdən qayıdarkən), Qax rayonun Sarıbaş kənd məscidini, Ləkit kəndində mamırlı şəlaləni çox gözəl vizuallaşdırıb. Qaxda Cinli Qalanı payız, yaz və qış fəsillərində müxtəlif rakurslardan — quş baxışı, göz səviyyəsi, yaxın və uzaq planlardan çəkilmiş kadrlar vasitəsilə zəngin vizual-kompozisiya həlli çərçivəsində yüksək bədii ifadəliklə təqdim olunmuşdur.

Filmin ssenarisi ENW-TV kanalının bəbirlər haqqında sənədli film çəkmək məqsədilə bölgəyə gələn gənc jurnalist Miranda ilə ona bələdçilik edən, Ziveraboy ləqəbi ilə tanınan hərbçi Emil arasında iki gün ərzində baş verən hadisələrə, eləcə də bu prosesdə Emilin xatirələrinin retrospektiv təqdimatına əsaslanır. Əsas hadisələr 1992-ci il, 25-26 fevral tarində baş versə də film Azərbaycanın üç əsas tarixi hadisəsini; ermənilərin dinc sakinləri Qafandan amansızlıqla qovması, qanlı Xocalı faciəsi və nəhayət 44 günlük müharibənin bəxş etdiyi zəfər – Şuşanın fəthini bir-birinə bağlayır. Ssenariyə ümumi yanaşmada, Azərbaycan tarixinin incəsənət vasitəsilə təbliği və dünyaya çatdırılması baxımından bu layihənin böyük miqyaslı və uğurlu bir iş olduğu vurğulanmalıdır.

Film kantuziyalı hərbçinin hospitalın pəncərəsindən baxaraq “Bağışla məni, hirslənmə mənə” sözlərini öz-özünə təkrarlaması ilə başlayır. Bu ifadə təsirli və düşündürücüdür və insanda bir sıra suallar doğurur: Baş verən bu qədər hadisələrin içində biz haradayıq? İşğal olunmuş və yenidən qanla geri qaytarılan torpaqlar, tökülən qanlar, axıdılan göz yaşları və verilən qurbanlar qarşısında kim müqəssirdir? Biz kimdən üzr istəməliyik? Kimdən əfv diləməliyik? Yoxsa kimsə bizdən?.. Amansız müharibə doğrudanmı qaçılmazdır? Belə mənalı və təsirli ifadənin filmin sonrakı dəqiqələrində Qafandan köç zamanı bir qadının “Mən getmək istəmirəm, getmək istəmirəm! Axı niyə görə? Evimə istəyirəm!” sözləri ilə əvəz olunması isə diqqət çəkir. Lakin bu ifadələr və xüsusilə onların səsləndirilmə tərzi sürgün zamanı yaşanan dərin ağrını tam əks etdirmir və daha çox süni təsir bağışlayır.

Filmdə aktyor oyununa gəldikdə isə, Rəşad Səfərov, Azər Aydəmir, Hacı İsmayılov, Əbdül Məhərrəmov və digər peşəkar aktyorların iştirakı filmin mühüm müsbət cəhətlərindən biri kimi qiymətləndirilməlidir. Baş rolları Rüstəm Cəbrayılov və Alina Vorontsova ifa edirlər. Alina Vorontsovanın canlandırdığı obrazın təbiiliyinin və emosional dolğunluğunun tamaşaçıya çatdırılmasında Rüstəm Cəbrayılovın ifasının müəyyən qədər məhdud ifadə imkanları rol oynayır. Emil obrazı həyat yoldaşını itirmiş, övladını yaxınlarına əmanət edərək torpaqların müdafiəsinə həsr olunmuş, daxili təmkin və soyuqqanlılıq nümayiş etdirməli olan bir xarakter kimi qurulsa da, aktyorun ifasında bu xüsusiyyətlər bəzən kifayət qədər dərin və inandırıcı şəkildə ifadə olunmur. Nəticədə, obrazın emosional yükü və psixoloji qatları tam açılmır və bu da ümumi ifanın təsir gücünü müəyyən qədər zəiflədir. Bu hal filmin aktyor seçimi və obrazların işlənməsi baxımından müəyyən çatışmazlıqlara işarə edir və ümumi təsir gücünü zəiflədir. Filmdə ən zəif performansın baş rolu ifa edən Rüstəm Cəbrayılova aid olduğu qənaəti yaranır. Belə mühüm və məsuliyyətli bir rolun ona həvalə olunması sual doğurur: bu seçim hansı meyarlara əsaslanaraq həyata keçirilmişdir? Şəxsi münasibətlər, subyektiv yanaşma, yoxsa yalnız vizual estetikanın təmin olunması kimi amillər burada rol oynamışdırmı?

Aktyorun daha əvvəl rol aldığı “Xosrov və Şirin” kimi yüksək bədii-estetik quruluşa malik layihədə də müşahidə olunduğu kimi, onun ifası əsasən vizual təqdimatla məhdudlaşır və obrazın emosional-psixoloji dərinliyini tamaşaçıya ötürməkdə yetərli təsir gücünə malik olmur. Bu isə nəticə etibarilə aktyor oyununda təəssüratın ötürülməsi baxımından zəiflik yaradır.

Qeyd etmək lazımdır ki, Rüstəm Cəbrayılov vizual baxımdan cəlbedici görünə bilər, lakin kino sənətində əsas tələb yalnız xarici görünüş deyil, eyni zamanda emosional ifadə və daxili dinamikanın inandırıcı şəkildə çatdırılmasıdır. Tamaşaçı məhz bu xüsusiyyətlərə malik peşəkar aktyorun ifasını gözləyir. Məsələn, Emil obrazının Niyaz İlyasoğlu tərəfindən ifa edilməsi halında, obrazın daha dolğun və inandırıcı təqdim olunacağı ehtimal edilə bilərdi. Albert Aqarunov obrazına həyat verən Qorud Cəfərov obrazı son dərəcə təbii və inandırıcı şəkildə təqdim edir. Onun ifasında müşahidə olunan təbiilik və daxili uyğunlaşma nəticəsində aktyor sanki obrazı yaşayır, bu hissi isə tamaşaçıya uğurla ötürməyi bacarır. Həsən dayı (Əbdül Məhərrəmov) da ən parlaq obrazlardan biridir. Onun Emil və Cəmiləyə bəbir haqqında danışdığı elizod, “Disko rəqqası” filminin aktyorunu təqlid edərək ifa etdiyi möhtəşəm rəqs səhnəsi yüksək peşəkarlığın nümunəsidir. Ümumilikdə qeyd etmək olar ki, filmdə qəhrəmanlıq yükü Rüstəm Cəbrayılovun canlandırdığı obrazdan daha çox, “Doğma torpaq”ın özü və onun ifadə etdiyi ideya üzərində cəmlənir.

Filmin üç müxtəlif dövrü əhatə etməsi nəzərə alındıqda, hər dövr üçün uyğun məkanların seçilməsi, müxtəlif ərazilərdə çəkilişlərin aparılması və bunun üçün yüksək büdcənin ayrılması heç də asan məsələ deyil. Bu baxımdan filmi müəyyən dərəcədə müsbət qiymətləndirmək mümkündür. Lakin qeyd olunan çətinliklərin yaratdığı çatışmazlıqlar ekran əsərinin ümumi bədii mükəmməlliyinə kölgə salır. Digər tərəfdən, elə nöqsanlar da mövcuddur ki, onların büdcə və texniki məhdudiyyətlərlə birbaşa əlaqəsi yoxdur.

Buna nümunə olaraq Emil və Cəmilənin toy səhnəsini göstərmək olar. Səhnənin tərtibatı olduqca kasad təsir bağışlayır. Kadrlarda toy məclisinə xas olan təntənə, izdiham və ümumi bayram abu-havası demək olar ki, hiss olunmur. Toy səhnəsi quş baxışı planından təqdim edilir və bu zaman ətraf mühit bütünlüklə görünür. Lakin kadrda nə kənd mühiti, nə tikili, nə də əlavə məkan elementləri nəzərə çarpır. Yalnız yanları açıq bir mağarda bəy-gəlin masası, kənarlarda isə qonaqlar üçün nəzərdə tutulmuş oturacaqlar yerləşdirilmişdir. Kənarda isə ocaq üzərində iki yemək qazanı, bir samovar, bir masa və üzərində qab-qacaq görünür. Bununla belə, ayrıca yemək masasının və ya ikinci (yemək üçün nəzərdə tutulmuş) mağarın olmaması səhnənin kompozisiya baxımından yetərsiz qurulduğunu göstərir.Halbuki toy kimi izdihamlı bir məclisdə rejissor həmin çoxluq və canlılıq təəssüratını yaratmağa borcludur. Əgər texniki və ya maddi imkanlar məhduddursa, operator həlli vasitəsilə planların elə seçilməsi mümkün idi ki, bu boşluqlar tamaşaçının diqqətini cəlb etməsin. Digər tərəfdən, səhnədə iştirakçıların sayının olduqca az olması – əsasən gənclər və uşaqlardan ibarət olması (yalnız qazanların yanında olan üç orta yaşlı qadın və nəmər yazan kişi istisna olmaqla) – toy mühitinin inandırıcılığına xələl gətirir. Bu hal büdcə ilə əlaqələndirilə bilər, lakin kino praktikasında bu tip səhnələrdə yerli sakinlərin kütləvi səhnələrə cəlb edilməsi geniş yayılmış üsuldur və burada da tətbiq oluna bilərdi. Bundan əlavə, toyda valideynlərin, yaxın qohumların və ümumilikdə ailə böyüklərinin iştirak etməməsi, eləcə də milli toy adət-ənənələrinin təsvir olunmaması səhnədə ciddi məzmun boşluğu yaradır. Görünür, rejissor əsas diqqəti süjet xəttinə yönəltmək məqsədilə bu detalları ikinci plana keçirmişdir. Lakin bu yanaşma filmin ümumi dolğunluğuna və inandırıcılığına mənfi təsir göstərir. Filmin emosional təsir gücünü zəiflədən digər mühüm məqam isə Cəmilənin ölüm səhnəsidir. Bu epizod ssenarinin ən dramatik nöqtələrindən biri olsa da, ekran həllində lazımi emosional gərginlik yaradılmır. Belə ki, Cəmilə gözlərini yumduğu anda Emil dərhal xəncəri çıxararaq onun bətnindəki uşağı xilas etməyə çalışır və bütün bu proses olduqca qısa – təxminən yarım dəqiqə ərzində baş verir. Qəhrəmanın bu qədər sürətli və demək olar ki, düşünülməmiş şəkildə qərar verməsi tamaşaçıya hadisəni anlamaq və emosional reaksiya vermək üçün kifayət qədər zaman tanımır. Nəticədə səhnənin dramatizmi zəifləyir və təsir gücü gözlənilən səviyyəyə çatmır. Filmdə bəzi məqamlar isə ümumi mühitdən fərqli olaraq daha çox Bakı abu-havası yaradır. Buna misal olaraq nərd oynayan yaşlı kişilərin təsviri, onların geyim üslubu (xüsusilə papaqları), eləcə də əllərindəki tatular göstərilə bilər. Bu detallar ekran əsərinin təsvir etdiyi məkan və dövr kontekstindən müəyyən qədər uzaqlaşaraq vizual uyğunsuzluq yaradır. Filmin ilk səhnələrində diqqəti cəlb edən digər mühüm məqamlardan biri isə qrim məsələsidir. Hospitalda üzü yanmış əsgərin qrim həlli kifayət qədər qeyri-real təsir bağışlayır. Ehtimal ki, bu qrim daha çox uzaq planlar üçün nəzərdə tutulmuşdur. Lakin kadrların yaxın plandan təqdim edilməsi nəticəsində qrimdəki texniki qüsurlar açıq şəkildə nəzərə çarpır və bu da səhnənin inandırıcılığına mənfi təsir göstərir.

Filmdə musiqi məsələsinə gəldikdə, ümumilikdə qəbul olunmuş prinsipə görə, musiqi ekran əsərində hadisələrin təqdimatına xidmət etməli və dramaturji xəttlə üzvi vəhdət təşkil etməlidir. Bəzi hallarda ssenaridə sirli təqdim olunan məqamlar məhz musiqi vasitəsilə aydınlaşır, digər tərəfdən isə aktyor oyununun kifayət qədər ifadəli olmadığı situasiyalarda musiqi tamaşaçıya obrazın daxili hisslərini – qorxu, gərginlik, həyəcan və ya sevgi kimi emosiyaları – daha dolğun şəkildə hiss etdirməyə imkan yaradır. Bu baxımdan sual yaranır: bəstəkar Araz Hümbətli “Doğma torpaq” filmində buna nə dərəcədə nail olub? Bəstəkar filmin musiqisində tardan istifadə etməklə milliliyi müasir formada təqdim etdiyini, eyni zamanda özünəməxsus üslubunu tətbiq etdiyini qeyd edir. Həqiqətən də, filmin musiqisi ümumi olaraq uğurlu təsir bağışlayır. Lakin nəzərə almaq lazımdır ki, film musiqisi müstəqil bir yaradıcılıq sahəsi olmaqla yanaşı, bütövlükdə kollektiv ekran əsərinin tərkib hissəsidir və onun digər komponentləri ilə ahəngdar vəhdət təşkil etməlidir. Bu mənada musiqi yalnız estetik səviyyədə deyil, həm də dramaturji baxımdan filmin ümumi ideyasına xidmət etməli və əvvəl qeyd olunan emosional və məna qatlarını daha dolğun şəkildə tamamlamalı idi. Çox təsirli və uğurlu final səhnəsi ilə yekunlaşan bu film haqqında geniş şəkildə danışmaq mümkündür. Ümumiləşdirərək qeyd etmək olar ki, “Doğma torpaq” filmi böyük zəhmət və peşəkarlıqla ərsəyə gətirilmiş, Azərbaycan tarixinin mühüm məqamlarını əks etdirən və zəfərdən sonra Şuşada çəkilən ilk bədii film kimi təqdirəlayiqdir. Film 24 apreldən etibarən kinoteatrlarda nümayiş olunacaq və onun izlənilməsi məqsədəuyğundur. Bu cür dəyərli ssenariyə və filmi rahat şəkildə izləyib təhlil etməyə şərait yaratdığı üçün rejissor İlqar Safata dərin təşəkkürümü bildirirəm.


Kəmalə Nəcəfova

# 188 dəfə oxunub

Oxşar xəbərlər

"Analıq hissini yüksək sənətə daşıya bilmək..."  - Bahəddin Həzi

"Analıq hissini yüksək sənətə daşıya bilmək..." - Bahəddin Həzi

13:00 6 aprel 2026
“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

10:40 4 aprel 2026
“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə”  sənədli filminin ilk bölümü yayımlandı

“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü yayımlandı

17:34 3 aprel 2026
Ronaldinyo haqda serial çəkilir

Ronaldinyo haqda serial çəkilir

10:06 3 aprel 2026
"Bir adam yaratmaq"  filmi nə vaxt yayımlanacaq?

"Bir adam yaratmaq" filmi nə vaxt yayımlanacaq?

17:49 2 aprel 2026
Məşhur serial yenidən çəkiləcək

Məşhur serial yenidən çəkiləcək

13:00 2 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər