Fazil Mustafanın tənqidlərindən nəticə çıxaraq

Fazil Mustafanın tənqidlərindən nəticə çıxaraq
5 iyun 2014
# 12:42

O günü millət vəkili Fazil Mustafa gənc yazarları haqlı olaraq babat tənqid edib. Şükürlər olsun ki, cəmiyyətimizdə hər şey qaydasındadır, bircə əlahəzrət vəkilimizin yazarları danlamağı çatışmırdı, əlhəmdülilləh, o da baş verdi.

İndi rahatca yazıb-yaratmaq, lap elə ayağını uzadıb ölmək də olar.

Çünki o konseptual açıqlamada, böyük ədəbiyyat yaratmaq üçün ciddi ipucları var.

Bəsirət gözü açıq olan qələm əhli bu yazıdan mütləq faydalana biləcək və uğur qazanacaq.

Vəkili-mötəbər bizim kiçik epizodları tənqid etməyimizdən bir az narahat olub. Hətta bizim fərqli görünməyə çalışdığımızı da üzümüzə vurub.

Sayın millət vəkili müdrik baxışlarını bir nöqtəyə zilləyərək əvvəlcə barmaqlarını şaqqıldadıb, sonra isə qayğılı-qayğılı buyurub: “Daha çox tənqidçi obrazında qalmaq, tənqidçi obrazı ilə insanların dəyişməsinə gətirib çıxaran yazı ortaya qoymaq çox çətindir. Bu baxımdan da daha çox oxuyaraq, daha çox hazırlıqlı olaraq yazmağa girişmək lazımdır. Tək istedad yetərli deyil. Onu da qeyd edim ki, bütövlükdə, qalıcı ədəbiyyat yaratdıqlarını mən düşünmürəm”. Sitatın sonu.

***

İndi ay Fazil müəllim, neyləyək? Bu qədər dərdin-azarın içində güldən-bülbüldən, qara xaldan, çiçək açan alça ağaclarından, perspektivli gələcəkdən yazaq? Yazaq e, amma necə yazaq, nətəri yazaq?

Siz dünyagörmüş, arif adamsınız və eşitdiyimə görə din, fəlsəfə, elm-ürfan, tarix barədə xeyli kitablar oxumuş və özünüz də yazmışsınız. Savadınıza və elminizə zərrə qədər də şəkk edən, kafirdir!

Hərdən, seçicilərinizin taleyi barədə düşünüb yorulanda, elmi-fəlsəfi-dini yazılarınıza nöqtə qoyanda lütfi-kərəm qılıb biz məsum və məzlum gənclərə bir master-klas keçin.

Öyrədin bizə necə yazmağı, dəyər yaratmağı, xalq üçün yanmağı və faydalı insan olmağı.

Nurlu çöhrənizdəki müdrik və şairanə təbəssümünüzü bizdən cüda etməyin, ey böyük insan!

Biz biçarələrə yazığınız gəlsin, bizi nura, haqqa, ədəbiyyata istiqamətləndirin!

Əgər siz bizə ədəbiyyat adlı bu uzun və keşməkeşli yolda yardım etsəniz, biz də sizin seçicilərin problemləri ilə yaxından maraqlanar, seçki marafonunda şəkillərinizi divarlara yapışdırıb, bukletlərinizi paylayarıq.

Bilirəm ki, siz millət vəkili kimi biz yazarların bütün problemləri ilə yaxından maraqlanır, bizə çətin günlərimizdə arxa-dayaq olur, sosial problemlərimizi, evsizliyimizi mütəmadi olaraq gündəmdə saxlayırsınız.

Bilirəm ki, bizim kirayələrdə yaşamağımız, gecə, gündüz demədən, fasiləsiz və istirahətsiz işləməyimiz sizi dərin depressiyaya salır.

Kövrək və incə qəlbinizlə daima xalqımızı və onun biçarə yazarlarını düşünürsünüz.

Bəs bizi siz də danlamayanda, kim danlayacaq?

Tez-tez vaxt ayırıb bizi danlayın, sərt şəkildə tənqid edin, yol göstərin.

Əgər belə olmasa biz öz yolumuzdan azar və böyük ədəbiyyat üçün heç nə edə bilmərik.

Mən sizə söz verirəm ki, xırda məkanlarda qurdalanmağa son qoyub böyük sferalara çıxacağam.

Ümid edirəm ki, digər həmkarlarım da Fazil müəllimin tənqidindən nəticə çıxarıb, özlərini düzəldəcək, avara-avara işlərlə məşğul olmayacaq.

Hamınızı nümunəvi yazıçı olmağa, tənqiddən əl çəkib düz yola gəlməyə çağırıram!

# 2914 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #