Ərinin şantaj elədiyi qadının yerində olmaq

Ərinin şantaj elədiyi qadının yerində olmaq
4 iyul 2013
# 11:26

Qarşımda bədbəxt bir qadın dayanıb. Bədbəxtlikdən dəli olmaq həddində olan qadın...

Əslində, etiraf edim, bilmirəm hansımızın özümüzə problem elədiyimiz məsələlər daha ciddidir. Yox, onun yerində olsam, asanlıqla çıxış yolu tapardım. Onun yerində olsam... Yox, mən bu situasiyaya düşə bilməzdim. Mən onun yerində ola bilmərəm...

Gah ərinin başına gətirdiyi sözəgəlməz, təsvirəsığmaz vəhşiliklərdən danışır, gah ona bəraət qazandırmağa çalışır. Belə də deyirəm: "Sən ona haqq qazandırırsan". Reallıq barədə məndən eşidəndə gözləri dolur. "Sevirəm" deyir. Evinə geri qayıtmaq istəyir. Onu polis idarələrində sürünməyə məcbur edən, mənəviyyatını alçaldan, canını sözün həqiqi mənasında ağrıdan kişinin yanına... Kişi... Əcəb kişidir... Qadının çılpaq şəkillərini internetdə yayımlayan kişi... Gördüklərim, tanıdıqlarım, incidiklərim, sevdiklərimin, nifrət etdiklərimin ətəyində namaz qılmaq olar e...

Deyir: "O məni sevir, əminəm, saatlarla telefonda danışırıq"...

Sevgini nə hesab edir bu qadın, o kişi? Bilmirəm...

Susuram. Səbəbini anlayır. Ağlayır, deyir ki, ölkədən çıxıb getsə, heç kəs onu tapa bilməyəcək. Rahat və xoşbəxt olacaq. Qulluqçu işləməyə də hazırdır...

Evlilikdən öncəki şəklinə baxıram. Yaraşıqlı qadın olub. İndiki halı ilə müqayisə etmək olmaz. Sümüklərini saymaq olar. Hə, mən artıq çəkidən əziyyət çəkirəm. Amma onun kimi olmaqdansa...

- Evdən çıxıb bacımgilə getmişdim. Səs-küy götürə bilmirəm. Əsəblərim imkan vermir. Bacımın oğlu anamgilə gəlmişdi. Şuluq uşaqdı, bir yerdə dayanmır. Üstünə qışqırdım. Bacım zəng elədi. Dedi ki, sənə görə mənim oğlum anamın evinə gəlməməlidi? Bircə sözlə evdən çıxdım...

Natamam ali təhsili var. Yaxşı yeməklər bişirir, səliqə-sahmanına söz ola bilməz. Görünür, özünüqiymətləndirmə əmsalı aşağıdır.

- İstəyirəm ailəm olsun. Gecələr tək yatmayım. Namuslu qadınam mən. Heç kəsin məşuqəsi olmaq istəmirəm.

Başa sala bilmirəm ki, ailə başqa şeydi. Başa sala bilmirəm ki, ömrü boyu normal ailənin nə olduğunu görməyib. Başa sala bilmirəm ki, normal insani münasibətin nə olduğunu göstərməyiblər ona...

- Beş ay xoşbəxt yaşadıq. Mən heç vaxt o qədər xoşbəxt olmamışdım. Sonra içməyə başladı. Tərgitsə, əvvəlki adam olacaq...

Başa sala bilmirəm ki, alkoqol - səbəb deyil, olsa-olsa, katalizatordur. Normal adam arvadını qorxutmaq, cəzalandırmaq üçün belə onun yanında pişiyin başını mişarla kəsməz. Normal adam... Hardan bilsin axı... Hər adam üçün norma onun müşahidələridir...

"Həkimə get" deyirəm, bilirəm ki, gedən deyil. Onun üçün həkim-filan mövcud deyil. O inanmır. Yaxşı heç nəyə inanmır və düşünür ki, manyak ərindən yaxşı heç kəs olmayacaq...

Az qalıram onu çevrəmdəki adamlarla tanış edim, başqa adamlar, başqa münasibətlər görsün. Özünü başqa qadınlara müqayisə etsin. Sonra başa düşürəm ki, mümkün deyil. Adaptasiya oluna bilməyəcək. Ona vərdiş etdiyi zorakılıqlar daha doğmadır. O, artıq öyrəşib. Vərdiş sevgidən betərdir...

# 3820 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #