Qəpiyi sərnişinin üstünə atan avtobus sürücüsü

Qəpiyi sərnişinin üstünə atan avtobus sürücüsü
4 iyul 2018
# 14:10

İşdən evə qayıtdım. Özümə yeni telefon almışdım. Dedim ki, ayaqlarımı uzadıb oturaram, internetin ləzzətini çıxararam. Bunu demişdim ki, işıqlar söndü. Səhər saat 10-dan bəri yanan işıq axşam 7-in yarısı söndü. Elə o dəqiqə bütün qonşular küçəyə axışdı. Hərə bir stul götürüb qoydu qapısının ağzına. Evdə hava yox, küçədə də ondan betər. Axşam qaranlığı düşdü. Telefonların enerjisi azdı deyə işlətməyə qorxurdum. Axşam düşdü. Artıq 1 saat keçib, hələ də işıq yanmayıb. Su da gəlmir. Qonşumuz Xanbacı nənə ərinin sağ olan vaxtlarından danışır, anam da ona dəstək kimi öz xatirələrini. Mənsə, siqaret fasilələri ilə onlara qulaq asıram. Bütün məhəllələrdə eyni vəziyyətdir. Bircə yol qırağında böyük bir marketdə işıqlar yanır.

Qəfil anam dedi:

- Bəlkə yığılıb gedək o işıqlı marketə?

- Niyə mama?

- Gedək də. Həm gəzərik marketdə, həm sərinlikdir, həm də işıqlı. Çıxanda da nəsə alarıq. Ki, guya nəsə almağa gəlmişdik.

Gülüşməyə başladıq.

Zarafata bonus kimi də mən dedim: “Hə, Gün verib, işıq vermirlər də”.

Dünənki gecə yadıma düşdü.

Dünən gecə anamın səsinə oyandım. Ki, mama təngənəfəs məni səsləyir. İstidən ürəyi sıxılmışdı, həm də yuxudan qəfil oyanıb, görüb hər yer qaranlıqdı. Anamı çaş-baş şam axtarmağını, şamı yandırandan sonra oturub nəfəs dərməyini görəndə birtəhər oldum. Bu gün işdə bütün fikrim anamda qalıb ki, görəsən, necədi? Tək nə edir? Qaranlıqda qorxmur ki?

Bayaqdan elə hey öz-özünə deyir, atan sağ olsaydı, generator alıb qoymuşdu evə. Şikəst gənclərik, vallah. Bizdən kimisə xoşbəxt edən çıxmaz, elə evlənməsək yaxşıdı...

Anam bir çimdik götürdü böyrümdən.

- Emin, gic-gic danışma. Nə olub, şükür Allaha, çətinlikdir də, olur.

- Sözdür də dedim.

Bu qaranlıqdan ürəyim sıxıldı. İnternetə də girə bilmirəm ki, görüm, ölkədə nələr baş verir. Dedim, heç olmasa camaatın bir az da sıx olan yerinə çıxım, bəlkə ağlım nəsə kəsdi. Gəldim həmin işıqlı marketin yan-yörəsinə. İşıqların sönməyindən artıq 4 saat keçib. Mən hələ küçədə bu qədər adam görməmişdim gecə vaxtı. Qəfildən yol qırağı dükanların işıqları yanmağa başladı. Bir-bir... Aha, deyəsən, qəsəbə işıqlı gecəyə qovuşdu. Hə, özüdür ki var. Yolu keçib qaçdım evə. Evə gələnə kimi küçədə bir nəfər də adam qalmamışdı. Bizi birləşdirən qaranlıqlar imiş, ilahi!

İnterneti açdım. Ki, aləm dəyib bir-birinə. Gündəmdə o qədər hadisə var ki, adam bilmir, hansından yazsın. Metroda qalan adamlar, Gəncənin icra başçısının güllələnməyi, suyun, işığın yoxluğu, isti hava və daha nələr, nələr. Hərə bir avaz oxuyurdu.

Səhəri açdım. Əynimi geyinib evdən çıxdım. 165 nömrəli marşrutun qapısından sallana-sallana 20 yanvara çatdıq. Tıxac... İnşaatçılarda basabas yox olsa da, əynimdəki köynəyim çulunu sudan quru çıxara bilməmişdi.

Avtobuslar pulsuzdur, əla. Amma avtobus sürücüləri, xüsusən Bakubus olmayanlar...

Yol boyu əsəblər tarıma çəkildi. Bu il deyəsən rayona gedən olmayıb, şəhər basırqdı. Mən bir şeyi başa düşmədim. Kaktusda dayandıq. Çoxumuzun xəbəri yox idi pulsuz olmağından. Sürücü verdiyimiz qəpiklərin hamısını ovcuna yığıb atdı avtobusdan çölə, birinin başına, birazını da asfaltın ortasına, sürdü getdi. Görəsən, xəbəri varmı ki, etdiyi bu hörmətsizliyə görə cinayət işi düşür? Arxadan bir nəfər yaxınlaşdı: "Qardaş, al qəpiyini götür”. Sürücü yerə atdı qəpikləri. “Niyə götürmədin?" dedi. Susdum. Susuram. Belə getsə, susacam da./adalet.az/

# 2587 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #