Evlilikdən əvvəl birgə yaşamaqdan qorxanlar

Evlilikdən əvvəl birgə yaşamaqdan qorxanlar
25 avqust 2017
# 12:43

Ayvaz Ayvaz

Bizdə tarixən münasibətlər düzgün qurulmayıb. Hamı bir-birindən ehtiyat edir, qorxur. Bir yerdə olmaq, yaşamaq müşkülə dönür. Özü də cəmiyyət bu birgəliyə razılıq verməyəndə lap çətin.

Bir qızla bir oğlanın evlilikdən əvvəl birgə yaşaması nə böyük qəbahətdir? Onlar bir-birilərini sevirlər, dünya nüfuzunu ikinəfərlik hesab edirlər. Bizim cəmiyyət isə həmin iki gənci ordan qovur, burdan qovur. Axırda faciələr üst-üstə gəlir. Biri qarajda partlayır, o biri transformatora çarpılır, bir digəri isə... adamın deməyə dili gəlmir.

Ən çətini də qızlar üçündür. Biz axı kişi cəmiyyətiyik. Düşünür ki, kişiyə hər şey olar. O, kişidir, istəyər evlilikdən əvvəl birgə yaşayar, istəyər evlilikdən sonra. Onun üçün nə fərqi var ki? Bakirəlik problemi yoxdur onlarda. Sabah evə “başıaşağı” qayıtmayacaq.

Onun yerinə bir qızı düşünün. Birgə yaşayışa razılıq verib, ancaq hər an qorxu içindədir, səksəkədədir, birdən ailəsindən, qohumlardan kimsə görüb eləyər. Bakirəliyini ciddi-cəhdlə qoruyur. Çünki başqa çarəsi də yoxdur. Cəmiyyət yırtıcı heyvan kimi onun üstünü kəsdirib. Bir qızın evlilikdən əvvəl birgə yaşayışa razılıq verməsi çox çətin başa gəlir. Bu çətinliyin dozası da hər gedən gün daha da artır. Onun özünü qoruması həyatının amalına çevrilir.

Nə qədər amansızdır, elə deyilmi? Halbuki dünyanın inkişaf etmiş ölkələrində evlilikdən əvvəl birgə yaşamaq normal haldır. Hətta sən bunu böyüdərək danışsan, gülərlər. Yəqin Azərbaycan dilini bilən bir ingilis bu yazını oxusa qarnını tutub şaqqanaq çəkər. Amma bu bizim üçün vacibdir. Vacib, həm də çox qəliz.

Biz sənəd olmadan birgə yaşaya bilmərik. Gərək əlimizdə təsdiqimiz olsun. O sənədi anamıza, atamıza, qohum-əqrəbaya göstərib Qıl körpüsündən keçək. Sonra da dörd divar arasına gir, tanımadığın, huyuna-suyuna bələd olmadığın bir adamla yaşa görüm, necə yaşayırsan? Yaşamaq olarmı belə? Mümkündürmü?

Qətiyyən. Boşanmaların, davaların səbəbi məhz evlilikdən əvvəl birgə yaşayışın olmamağından yaranır. Aqressiyamız artmaqda davam edir bununla. Bir-birimizə güvənimiz sarsılır. Yəqin ki, hamı evlənəcəyi adamı tanımaq istəyər. Ancaq onu tanımadan bir yerdə yaşamağa məcburdur. Bu cümlə qədər kədərlidir bizim münasibətlərimiz. Ardınca depressiya, dəhşətli əzablar, faciələr gəlir. Sonra əlimiz qoynumuzda dərin fikirlərə qərq oluruq: Axı niyə belə oldu? Səbəb isə evimizin içində bardaş qurub oturub. O səbəbə toxunan, tozunu alıb təmizləyən yoxdur.

# 1193 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #