“Azdrama” aktyorlarının bufet təfəkkürü

“Azdrama” aktyorlarının bufet təfəkkürü
6 yanvar 2016
# 14:43

Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun işdən azad edilməsini (daha dəqiq desək müqavilə müddətinin başa çatmasını) teatrın bir qism aktyoru maraqlı selfi ilə qeyd edib və facebookda paylaşıb.

Bayram əhval-ruhiyyəsi içində olan aktyorlar fotoya belə başlıq qoyublar: "Bufetimiz yenidən canlanır!"

Çox güman ki, onlar eşitdikləri xəbərdən eyforiyada olublar, sevincdən özlərini necə itiriblərsə həqiqi mahiyyətlərini bu başlıqda üzə çıxarıblar: “Bufetimiz yenidən canlanır!”.

Özləri də fərq eləmədən (və adım qədər əminəm ki, onların buna sadəcə savadları çatmayıb) davalarının sənət yox, bufet davası (bufetin təyinatını nəzərə alsaq, onu qarın davası kimi də oxumaq olar) apardıqlarını etiraf ediblər.

Əgər həmin aktyorlar selfiyə “Sənətimiz canlanır, tetarımız canlanır” kimi başlıq qoysaydılar, indi bu yazını yazmayacaqdım.

Aktyorların İ.İsrafilovun mediada onların teatrın bufetində toplaşmasına mane olması haqda şikayətləri bu “mübarizənin” kökündə bufet amilinin həlledici rol oynadığını göstərir.

On-on beş ilin söhbətidir. Azdramaya aktyorlardan biri ilə müsahibəyə getmişdim. O, təklif elədi ki, bufetdə söhbət edək. Bufetdə tanınmış aktyorlar toplanmışdı, siqaret tüstüsündən salon dumanlanmışdı, səs-küydən, ucadan olan danışıqlardan məndə təəssürat yarandı ki, bu, onların təbirincə desək, teatr məbədinin, mədəni məkanın bufeti yox, 28 Mayda, avtovağzalın yanındakı kafedir. Müsahibim ətrafa ehtiyatla, ürkək nəzərələrlə baxıb, “Mümkün qədər yavaş danışaq. Çox oturmayaq, bildilər ki, siz jurnalistsiz, müsahibə alırsız, qısqanclq ola bilər” - dedi. Məni heyrətdən nə deyəcəyimi bilmədim. O gün bu gün Dram Teatrının bufetinin məndə travmatik obrazı formalaşdı.

Amma yəqin ki, “Bufetimiz yenidən canlanır” ifadəsi çox ədalətlidir. Çünki onsuz da bizim aktyorlarımız heç vaxt SƏNƏT davası aparmayıblar, yenilənmək istəməyiblər, müasirlikdən, aktuallıqdan geri qalıblar. Onlardan yeni teatr tendensiyaları, Artonun, Brextin, Berqmanın teatrı bir tərəfə, Mehdi Məmmədovla Tofiq Kazımovun estetikasının fərqinin, konkret xüsusiyyətlərinin nə olduğunu soruşsanız, çətin ki, bu suala cavab verərlər. Zatən müsahibələri də, selfiləri də, oynadığı rolların səviyyəsi hər şeyi deyir. Çünki onların mübarizəsi ya bufet davasıdır, ya da ən yaxşı halda baş rol uğrunda mübarizə...

Fotoya yazılan şərhləri diqqət yetirirəm: “Sizi bu qələbə munasibəti ilə təbrik edirəm”, “Cəngavərlər!!! Təbrik edirəm. Məbədi işğaldan qurtardız!!!” və s.

Primitiv, köhnəlmiş, yararsız təfəkkür əlaməti olan şərhləri oxuyanda bir daha əmin oldum ki, milli teatrımız heç vaxt dünya teatrının bir parçasına çevrilə bilməyəcək, hətta Berqman da qəbirdən dirilib gəlsə, o səhnədə Füzuli Hüseynov, Nurəddin Mehdixanlı, Ramiz Məlik, Vəfa Zeynalova kimi ortabab aktyorlar böyük sənət yarada bilməyəcəklər. Çünki bunun üçün hər şeydən əvvvəl özlərini, teatr anlayışına münasibətlərini dəyişməlidirlər. Bufetdə çay içib, siqaret tüstülədən, Facebookda əyləncəli şəkillər paylaşan aktyorların oxuduğu kitablardan, dünya teatrında gedən proseslərdən (əgər təbii ki, bunlardan xəbərləri varsa) bəhs edən, oynadığı rolu analiz edən statuslarına rast gəlməmişəm. Bir dəfə də eşitməmişəm ki, aktyorlar sanballı sənət müzakirəsi eləsin. Ancaq intriqa, intriqa, intriqa....

Deyilənə görə, Tofiq Kazımov Tovstonoqovun (teatr rejissoru və pedaqoq - S.S.) tamaşalarını izləyib, Bakıya qayıdandan sonra deyib ki, o tamaşaları hazırlamaqda çətin bir şey yoxdur. Onu mən də hazırlayıram. “Nə mane olur” sualını verəndə “Bu aktyorlarla necə hazırlayım” deyib.

Hərdən mənə elə gəlir ki, T.Kazımov çox yaşaya bilərdi. Amma aktyorlar qoymadı...

# 1207 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #