Poetik radarın yaxaladığı xeyirxah şeirlər

Poetik radarın yaxaladığı xeyirxah şeirlər
29 aprel 2015
# 15:42

(Jalə İsmayılın “Birnəfəsə” kitabına önsöz əvəzi)

Allen Ginzberq nə vaxtsa provokativ şeirlərindən birində yazmışdı ki, siz şeirin yanından keçsəniz, tanımazsınız, hətta bəlkə tutub şeiri zorladınız da! Bu qəribə ittihamın içində maraqlı bir məqam var. Ginzberq şairlə şair olmayanın fərqini, hiss etməklə vecsizliyi, yanından ötüb keçdiklərimizə münasibət kontekstində qiymətləndirir və buradaca mənim ağlıma onun fikrinin davamı kimi bir metafora gəlir: poetik radar.

Əgər Platon nəzəriyyəsində olduğu kimi ideyalar haradasa ali instansiyada mövcuddursa və yerdəkilər həmin ana ideyaların kölgəsidirsə, onda demək, ikinci dərəcəli də olsa, həmin ideyaları tutmaq, fiksə etmək üçün üçüncü gözə, “poetik radar”lara ehtiyac var. Buna istedad da, təb də, ilham pərisi də demək olar, fərq etməz. Əsas odur ki, mövzuların, duyğuların, düşüncələrin yanından ötüb keçməyəsən; keçirsənsə, demək, sən dünyaya bir qurğusu kəm gəlmisən.

Jalə həmişə poeziyaya iddialı olmadığını desə də (deyir də!), hər zaman şeirdən söhbət gedəndə, çəkingən, narahat əhvala bürünsə də, əslində, onun sadə, öz sərlövhəsi isə desək, “Birnəfəsə” yazılan şeirlərini oxuyanda, görürsən ki, bu şeirlər məhz elə yanından ötüb keçənləri tezcə fiksə etməyi bacaran birinin yazdıqlarıdı. Və qəribə də olsa, sanki bu şeirlər yazılmayıb, uzaq yol gedəndə ürəyimizdə özümüzlə danışmağımız kimi doğulub, dilin ucunda bəstələnib. Amma həm də müxtəlif formalara müraciət, düşünülmüş struktur, daxili bağlar adama əsas verir ki, desin, bu şeirlər nə yazdığını bilən, ağıllı, ayıq bir müəllifin yazdıqlarıdır.

Çox da uzaq olmayan keçmişdə telekanallardan birində poeziya ilə bağlı müzakirəyə qatılmışdım. Verilişin aparıcısı yeni nəsə kəşf edirmişcəsinə məndən soruşmuşdu ki, niyə şairlərimiz vətən haqqında az yazırlar? Onda mövzunun yanından ötüb keçmək üçün zarafatyana demişdim ki, sifariş verən yoxdur. Gülüşmüşdük, söhbətin məcrası dəyişmişdi. Əslində, həmin vaxt zarafatyana dediyim fikirdə bir əks məntiq gizlənmişdi. Elə mövzular var ki, poeziya ilə onların arası yaranışdan sərindir. Özü də qəribədir, istənilən xalqın ədəbiyyatına baxsanız, görərsiniz ki, paradoksal şəkildə şairlər həmin mövzularda xeyli yazıblar, yazmaq istəyiblər: vətən, millət, bayraq və s. Bir sözlə, kürsü poeziyası, deklamasiya şeiri!

Amma doğrudanmı bu mövzularda yazmaq mümkün deyil? Doğrudanmı poeziyanın genetik kodu, qan qrupu bu mövzularla düz gəlmir? Bu uzun-uzadı araşdırma, beyin səyahəti tələb edən sualın cavabını Jalənin bir neçə şeirini oxuyanda tapdım (bilə-bilə şeirlərdən sitat gətirmirəm). Jalənin sirr saxladığım həmin şeirlərini oxuyanda özüm üçün yəqinləşdirdim ki, publisistik tondan, tribunal pafosdan qaçmağın və mövzunu ritmə salınmış jurnalist materialından xilas etməyin yolu, əslində, çox sadədir: öz yaşantından çıxış etmək, yaxud özünə kənardan baxıb özünü bir ayrı obrazla identifikasiya etmək. Çünki vətən təkcə tarix, məktəblər, evlər, meydanlar deyil, o, həm də və bəlkə də daha çox insanlardı – düşünən, sevən, ayrılan, darıxan, təəssüflənən, inanan, inanmayan insanlar. Jalə, fikrimcə, bunu çox aydın şəkildə dərk eləyib.

Ünlü fransız ədəbiyyatşünası Rolan Bart yapon haykuları haqqında yazırdı ki, onlar içində lent olmayan fotoaparatlardı. Aniliyi, qəfilliyi çox gözəl ifadə edən bu deyimi, Jalənin təkcə haykuvari minimalist şeirlərində yox, həm də həcmcə iri şeirlərini oxuyanda bir də xatırladım. Ayrı-ayrı duyğu-düşüncə fraqmentləri tipində olan kiçik şeirlərində də, bütöv, bitkin həcmli şeirlərində də, Jalə, məncə hayku yazan haijinlərin (ustadların) məntiqinə daha yaxındır.

Bir də deyimin tonu məsələsi var. Jalənin şeirlərindəki deyimin tonu (yeri gəlmişkən, məncə hekayələrində də belədir) ən dəlisov duyğunu, ən qəzəbli hissi, çox dəqiq bir həyat müşahidəsini ifadə edəndə də, dostcadır, xeyirxahdır. Bu, fikrimcə, Jalənin şeirləri üçün çox vacib xarakterik nüansdır.

Mən çox gözəl hekayələr müəllifi olan, elə özü də özünü daha çox prozaik kimi görən gülərüz, işgüzar və savadlı bir dostumun şeirləri haqqında yazdım. Qalanı sənlikdi, əziz oxucu. Oxun şirin olsun!

# 1246 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #