Şərəfnisənin Axundovdan çox bilməsi

Şərəfnisənin Axundovdan çox bilməsi
24 aprel 2015
# 11:24

Dostumuz Sevinc Elsevərin belə bir şeiri var:

Güləndə gizləyə bilirəm

dişimdəki qara dəliyi,

ağlayanda yadıma düşmür

İlk baxışdan sadə görünən bu misraların inanılmaz məna çalarları vardır.

Gülüş səmimi hadisə deyil.

Qondarmadır.

Beyin məhsuludur.

Axundov istehzası hadisələrin inikasından daha çox ona yazıçı reaksiyasıdır.

Axundov hardasa həqiqətdən “yaxa qurtarmaq”, onu “yola vermək” üçün gülüşdən üsul kimi istifadə edir.

Elə bir müstəvi var ki, orda Şərəfnisə Axundovdan çox bilir və daha xoşbəxtdir.

Özünəironiya insanın ən böyük aldanışıdır.

İnsan tək qalanda, özüylə səmimi olanda gülmür, ironiya etmir, özünü daha çox dramatik ladda tanıyır.

Özünəironiya başqalarına gülən zaman eqoist görünməmək üçün bicliklə icad olunmuş çıxış yoludur.

İnsan mahiyyətcə faciəvidir.

Buddanı narahat edən üç vacib məsələ BÖYÜK KƏDƏRİ əbədi olaraq qidalandırır: yoxsulluq, qocalıq və ölüm.

Budda insanları bu üç bəladan xilas etmək üçün yola çıxdı.

Bacardımı?

Bacardı, demək olar, amma “süni yolla” insanın təbii instinktlərinin üstünə qalxaraq.

Onun təbiətə tapınmağı bu süniliyin kompensasiyası idi.

Buddaya görə, insan təfəkkürünü köməyə çağırmadan xilas ola bilməz.

Ancaq bu təfəkkürlə qazanılanlar insanın canına o qədər hopmalıdır ki, doğallaşsın, beyin yox bədən hadisəsi kimi meydana çıxsın.

İşıq keçicidir.

Kosmosun fonu qaranlıqlardır.

Komediya bu qaranlıqlar üzərində işıq fokusları yaratmaqdır.

Komediya dərdin yüngülləşdirilərək ifadəsidir.

Mirzə Cəlilin ağrısı qarşısındakı gülüş də kədərlidir.

İnsan məğlubiyyətə məhkum olduğu üçün komediyayla “baş girələmək” zorundadır.

İnsan özünü gülüşə məhkum edir.

İnsanın azadlığı qaranlıqlarda və ümidsizliyin sonsuzluğundadır.

“Don Kixot” həm də ona görə dahiyanə əsərdir ki, gülüşün üzdə, göz yaşının dərinlərdə olduğundun ən parlaq sübutudur.

“Don Kixotu” oxuyub yalnız gülən adam təhlükəlidir.

Gülüş təzahür, göz yaşı mahiyyətdir.

Gülüş köpük, göz yaşı çaydır.

Gülüş faciəvi aqibətlər üzərində ümid gəzişmələri kimi çıxır ortaya.

Gülüş göz yaşının təzahürü olmayanda lağlağıya, məzəyə çevrilir.

Gülüş nə həqiqətin tam ifadəsidir, nə də buddist soyuqqanlılıq.

Gülüş - ifadə edə bilməmək, ancaq yekəxanalıq edib laqeyd də qala bilməməkdir.

Gülüş - cahilcəsinə təslim olmamaqdır.

Tanrıya qarşı insanın ən güclü silahıdır.

...Və şeytana quyruq sallamağın ən rahat yoludur.

Gülüş təbiətə etirazdır.

Dağ-daş, meşə-çay təmkini qarşısında insanın yüngüllüyüdür.

Gülüş aşağılayıcı tavır, göz yaşı alçaqkönüllü jestdir.

Gülüş göz yaşından yüngüldür.

Ona görə həmişə üzdədir və populyardır.

# 1776 dəfə oxunub

Oxşar xəbərlər

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
Kül o kişinin başına ki...

Kül o kişinin başına ki...

13:00 6 aprel 2025
# # #