Şəhid Xınalı Əlinin həzin hekayəti
Öz müstəqilliyi uğrunda ölüm-dirim savaşına girən qardaş Türkiyə dövləti vaxtilə öz doğma torpaqlarını yağı düşmənlərdən qorumaqdan ötrü milyonlarla şəhid vermişdi.
Aşağıdakı yanıqlı hekayət Vətən uğrunda Çanaqqala savaşında şirin canından keçən vətənpərvər türk övladlarından yalnız bircəciyinin başına gələn əhvalatdır.
Türk ordusunun baş leytenantı Faruq cəbhəyə yeni gələn əsgərləri yoxlayır, onlarla söhbətləşir, "Haralısan?" deyə doğma məmləkətlərini xəbər alırdı. Bu zaman onun gözləri bir anlığa saçının ortası qırmızı rəngə boyanan bir dəliqanlıya sataşdı. Həmin cavanı yanına çağıraraq maraqla soruşdu:
- Sənin adın nədir, övladım?
- Əlidir, komandirim.
- Haralısan?
- Tokatlıyam, komandirim. Tokatın Zilə qəzasındanam...
- Yaxşı, övladım, bəs başın nə üçün bu rəngə boyanıbdır sənin? Saçının ortasına nə üçün xına sürtüblər?
- Cəbhəyə yola düşməzdən öncə anam saçıma xına yaxdı, komandirim. Nə üçün yaxdığını isə bilmirəm.
Baş leytenant:
- Yaxşı, gedə bilərsən, - dedi.
O gündən sonra Əlinin adı taqımda "Xınalı Əli" qaldı. Cəbhədəki bütün dostları ona "Xınalı Əli" deməkdən çəkinmir, saçındakı xına barədə əhvalatı alaydakı hər kəslə paylaşıb, gülürdülər. Bütün bunlardan zərrəcə alınmayan, sınmayan Xınalı Əli isə qısa vaxt ərzində hamıya qarşı doğru-dürüst, səmimi davranışlarıyla bütün yoldaşlarının dərin sevgisini qazandı.
Savadı olmadığından o, bir gün evlərinə məktub göndərmək üçün dostlarından yardım istədi:
- Ata-anama buradakı vəziyyətimin yaxşı olduğunu bildirmək istəyirəm. Amma yazıb oxumağı bilmirəm. Biriniz mənə kömək edə bilərsinizmi?
Bu vəziyyətdə bir deyil, bir neçə əsgər yoldaşı onun köməyinə gəldi. "Sən de, biz də yazaq" - dedilər. Xınalı Əli məktubunu diqtə etdikcə dostlarından biri onun sözlərini kağıza köçürür, digərləri isə söylənənlərin doğru yazılıb-yazılmadığını yoxlayırdı.
Məktubun mətni beləydi:
"Sevimli anam və atam! Həsrətlə əllərinizdən öpürəm. Mənim buradakı vəziyyətim çox yaxşıdır. Ona görə də məndən qətiyyən narahat olmayın".
Xınalı Əli məktubla bacısının, özündən kiçik qardaşının əhvalını da xəbər alandan sonra, kənddəki hər kəsi xatırladığını və kimsənin ondan narahat olmamasını istədiyini söyləyir.
Məktubunu: "Biz burada var olduqca, bilin ki, düşmən bir addım belə irəliləyə bilməyəcək!" - cümləsi ilə bitirir.
Dostları yazını zərfə qoyub, ağzını bağlamaq istəyəndə Əli məktuba iki-üç sətir də əlavə edəcəyini söylədi və sonluq kimi yazıya bunları diqtə elədi:
"Ana, məni buraya göndərərkən başıma niyə xına yaxmışdın? Axı, burada komandirim də, dostlarım da buna görə mənimlə məzələnir, məni lağa qoyurlar. Yaxın vaxtlarda cəbhəyə getmək növbəsi qardaşım Əhmədə də çatacaq. Onu düşmən qabağına göndərərkən məbada saçına xına yaxasan, yoxsa o da əsgər yoldaşlarının gülüş hədəfinə çevrilər. Mənim bu xınadan dolayı çəkdiyim tənələrə onun da qatlaşmasını heç istəmirəm. Ana, bir daha o mübarək əllərindən öpürəm."
Sonrakı günlərdə ön xətdə savaş son dərəcə şiddətləndi. Savaşı qısa müddətdə bitirməyi uman ingilislər olan-qalan güclərini toplayıb, bütün cəbhə boyu hücuma keçmişdilər. Vətən uğrunda gedən döyüşlərdə bir addım da olsun geri çəkilmək istəməyən, əsl ölüm-dirim savaşına girən türk əsgərlər əvvəlcə bir-bir, sonra beş-beş, daha sonra isə on-on şəhid olmaqdaydılar.
Ön xətdəkilərə dəstək məqsədiylə göndərilən hissələr də vəziyyəti dəyişməkdə həm aciz idi, həm də onların da sayları gedərək azalırdı. Gelibolu şəhəri təslim olmaq üzrəydi.
Xınalı Əlinin komandiri çarəsiz və çıxılmaz bir vəziyyətə düşmüşdü, çünki rəhbəri olduğu və hələlik heç bir döyüş təcrübəsi olmayan taqım düşmənlə amansız mücadiləyə hazır deyildi. Bədənlərin süngü və mərmilərlə deşildiyi, gözəgörünməz bir dəryazla biçildiyi bu ölümün ağuşuna komandir öz gənc yetirmələrini göndərmək istəmirdi, onların cavan canına qıymırdı. Günlərin bir günü buna məcbur olmaması üçün isə Allaha dua etməkdən başqa bir çarə bilmirdi.
Komandirlərini fikirli, qayğılı görən Xınalı Əli və dostları cəbhəyə göndərilmələrini ondan dönə-dönə xahış etdilər. Əsgərlərinin israrlarını görüncə, komandirin hər yerdən əli üzüldü, daha dirəniş göstərə bilmədiyindən onların bu istəklərinə boyun əymək məcburiyyətində qaldı.
Xınalı Əli və dostları sonsuz sevinc içində cəbhəyə, bilə-bilə ölümün ağuşuna yollandılar. Həmin gün Gelibolu cəbhəsindən qanlı döyüşlərə yollanan bölükdən heç kim salamat geri dönmədi: Xınalı Əli də daxil olmaqla, ön cəbhəyə yollananların hamısı şəhidlik zirvəsinə ucaldı.
Bu hadisədən az sonra Xınalı Əlinin ata-anasından cəbhəyə məktub gəldi. Onun yerinə məktubu komandiri aldı və qəmli bir ifadə ilə onu açıb, oxumağa başladı. Döyüşə getməmişdən əvvəl dostlarına yazdırdığı məktuba ailənin adından atası belə bir cavab məktubu yollamışdı:
"Oğlum Əli, necəsən, yaxşısanmı? Gözlərindən öpməklə, səni və yoldaşlarını salamlayıram. Biz öküzü satdıq, pulunun yarısını sənə göndəririk, qalan məbləği isə yaxın vaxtlarda cəbhəyə gedəcək kiçik qardaşına verəcəyik. İndi öküzün yerinə tarlanı mən bellə şumlayıram. Heç yorulmuram da. Sən bizdən qəti narahat olma."
Atası məktub vasitəsilə kənddəki bütün qohum-qardaşdan Əliyə xəbər çatdırandan sonra "İndi isə ananın sənə deyəcəyi var" yazmaqla ağbirçək ananın dediklərini qələmə almışdı. Məktubun bundan sonrakı hissəsi Xınalı Əlinin anasının diqtəsi ilə yazılmışdı. Anası belə söyləmişdi:
"Oğlum Əli, yazmısan ki, başındakı xınaya görə orada hər kəs sənə lağ edir. Ona görə də "Qardaşımın başına həmin xınadan yaxma" deyə israr edirsən. Komandirinə və dostlarına de, buna görə sənə tənə etməsinlər.
Bizim adətlərə əsasən 3 halda xına yaxarlar:
1) GƏLİNLİK QIZA - ÖZ AİLƏSİNİ QORUSUN, UŞAQLARINA QURBAN OLSUN DEYƏ
2) QURBANLIQ QOÇA - ALLAHA QURBAN OLSUN DEYƏ
3) ƏSGƏRLİYƏ GEDƏN İGİDLƏRİMİZƏ - VƏTƏNƏ QURBAN OLSUNLAR DEYƏ...
Gözlərindən öpür və sənə çoxlu salam-dua göndərirəm. Allaha əmanət ol!"
Ana Vətən yolunda öz şirin canını qurban verən Xınalı Əliyə ölümündən sonra gələn bu həzin məktub uca səslə oxunduğu zaman komandirin başına yığılan hər kəs onu hıçqıra-hıçqıra, göz yaşları axıdaraq dinləməkdəymiş...
"ÖNCƏ VƏTƏNDİR!" DEYİB, DOĞMA TORPAĞI UĞRUNDA ÖLƏN BÜTÜN ŞƏHİDLƏRƏ ALLAH QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN! QƏBİRLƏRİ NURLA DOLSUN!
P. S. Şəkildəki gənc Xınalı Əlidir.