Nyu-Yorka yadplanetlilər yaxınlaşır

Nyu-Yorka yadplanetlilər yaxınlaşır
6 noyabr 2017
# 15:58

Bu gün dünyada ilk FM dalğasının yayıldığı gündür. Eyni zamanda Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. Kulis.az bu münasibətlə Sevinc Elsevərin “Radio xatirələrim” yazısını təqdim edir.

R hərfini öyrənirik balacamla. Radionun şəklini göstərib soruşuram ki, şəkildəki nədi? Baxır... Baxır... Səhv deyəcəyindən qorxur. Amma içində pıçıldadığını eşidirəm.

- Hə, düz deyirsən, radiodu.

Sonra yadıma düşür ki, bu uşaq evdə heç vaxt radio görməyib. Uşaqlardan heç biri heç qonşuda da radio görməyiblər.

- Bilirsən, radio nədi? – soruşuram.

- Babalar işlədir radionu (babalarından heç birinin radiosu yoxdur). Televizorda bir kinoda baba radioya qulaq asırdı - deyir.

Ürəyimdə düşünürəm ki, vaxt gələcək televizor da eyni taleni yaşayacaq.

İndiki nəslin radio ilə bağlı xatirələri olmayacaq. XX əsrin ən böyük ixtirası ilə. İndiki nəsil radioya maşına minəndən-minənə qulaq asa bilirlər. Onda da ancaq xarici musiqilər verirlərsə...

Mənim uşaqlığımda necə idi? Nənəmlə birgə aynabəndimizin divarına vurulan ayaqqabı qutusu boyda qutudan “Sandıqça” verilişini dinləməyim yadıma gəlir. Uşaqlar üçün nağıllar danışır, şeirlər söyləyirdilər. Radio pyeslər səsləndirirdilər. Dinlədiyim həmin o radio pyeslər ədəbiyyata maraq oyadan səbəblərdən idi.

Nənəm məndən kiçik qardaşımın adını radiodan götürmüşdü. Deyirdi ki, radioda şeir deyən uşağın adı xoşuna gəlib, həmin adı yeni doğulan nəvəsinə verib.

Ana babam dindar idi. Sovet dövründə belə adamların hamısına molla deyirdilər. O vaxtın baxış bucağına görə molla idi. Nə vaxt onlara getsəm, babamı radioda mərsiyə dinləyən görürdüm. İran sərhədlərinə yaxın rayonlarda radio dalğaları tuturdu, babam mərsiyəyə qulaq asıb hönkür-hönkür ağlayırdı.

Radio kiminə sevincini, kiminə kədərini yaşamağa imkan verirdi.

Ailəmiz şəhərə köçəndən sonra kirayə yaşamağa başlamışdı. Televizorumuzu elə ilk kirayələdiyimiz evdə itirdik. Kirayə haqqının yerinə ev sahibi televizorumuzu girov saxlamışdı. Sonra heç dalınca gedən də olmadı. “Radiomuz var. Musiqiyə qulaq asarıq. Guya televizorda nə göstərirlər e! ” – atam bizi təsəlli etdi. Birotaqlı evdə qalırdıq ailəlikcə.

Gecədən səhərə qədər açıq qalan radioda Əhməd Qayanın, Sezən Aksunun, Barış Mançonun, Fatih Kısaparmağın mahnılarını dinləyə-dinləyə yuxuya gedirdik. Səhəri şən mahnılarla gözümüzü açırdıq. Təxminən bir il radiosuz yuxuya gedə bilməmişəm. Səhərləri radio ilə gözümü açmışam.

Radioda bir musiqi proqramı vardı. Məktubla şeirimi göndərmişdim, həmin proqramda səsləndirmişdilər. Onuncu sinifdə oxuyurdum, bunu böyük uğur hesab eləyir, özümlə qürur duyurdum.

Bir vaxtlar dünyanın hər yerində adamlar radioya inanırdılar.

Dünya kino tarixinə adını qızıl hərflərlə yazdırmış Orson Uels radioda hazırladığı qalmaqallı tamaşadan sonra şöhrət tapmışdı, teatrdan kinoya dəvət almışdı.

1938-ci ilin oktyabrında “CBC Radio” Orson Uels başda olmaqla onun çalışdığı “Merkuri” teatrını radioya dəvət edir. Onlar Herberd Uelsin “Dünyaların müharibəsi” romanının radio-kompozisiyasını qurmalı idilər. Uels romandakı hadisələri Amerikaya köçürür, obrazlara real adamların adını verir. Məsələn, əsərdəki qubernator obrazına şəhərin qubernatorunun adını. Bu kompozisiya radioda getdiyi vaxt Nyu-Yorkda dəhşətli təşviş başlayır.

Radio-pyesdə elan edilirdi ki, Marsdan gələn yadplanetlilər Nyu-Yorka yaxınlaşmaqdadırlar. Adamlar həyəcanla küçədə qaçır, nəqliyyat iflic olur, uşaqlar, qadınlar, qocalar bir-birinə dəyir. Axırda hökumət əmr verir ki, hər on dəqiqədən bir bütün radiostansiyalar bu hay-küyü doğuran şeyin sadəcə adi tamaşa olduğunu bildirsinlər.

XXI əsrdə radiolar, televiziyalar, saytlar, qəzetlər istəyir hər gün belə xəbərlər versin, kimin umurunda? Dünya dağılsa, adamların vecinə deyil. Belə dünyada artıq Orson Uels də olmaq mümkün deyil. Radionu əvvəlki kimi səmimi şəkildə dinləmək də.

# 2283 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #