Ərini gizlicə müalicə edən qadınlar

Ərini gizlicə müalicə edən qadınlar
20 sentyabr 2017
# 10:54

Sevinc Elsevər

Bu günlərdə sosial şəbəkələrdə bir dərmanın reklamını gördüm. Yazırdılar ki, ərinizin xəbəri olmadan onu müalicə edin. Bu çox köhnə üsuldu. 20-30 il əvvəl də belə dərmanlar vardı. Və ərini müalicəyə razı sala bilməyən qadınlar bu cür dərmanları gizli şəkildə əldə edir, ərlərinin çayına, yeməyinə, hətta arağına qatırdılar. Bu cür dərmanlarla sağalan kişilər barədə eşitməmişəm. Amma tanıdığım bir kişi bu dərmanın sayəsində şikəst olub. Başqa bir kişi isə maşının altına düşmüşdü. Arvadının gizlicə səhər çayına qatdığı dərmanı içən birinci kişi pilləkənlərdən aşağı yumbalanmışdı. Həmin adamın evində kirayə yaşayırdıq. Qərbi Azərbaycandan qaçqın idilər. Yaxşı ki, çoxlu otaqları olan bir erməni evinə girmişdilər. Bütün ailə kirayə verilən otaqlardan əldə olunan gəlir hesabına yaşayırdı. Kişi ümumiyyətlə, danışa bilmirdi. Nitqini itirmişdi, yeriyəndə səntirləyirdi. Ruh kimi gəzib-dolaşırdı. Ərinin içdiyi, amma sağlam olduğu günlərin həsrətiylə yanıb qovrulurdu qadın. Digər yandan da suçluluq hissi onu məhv eləyirdi. Kişiyə körpə uşaq kimi yanaşırdı, qayğısına qalırdı. Qarabaqara dalınca gəzirdi.

Deyirdi ki, ərimi müalicəyə razı sala bilmədim. Söz deyəndə əsirdi, coşurdu ki, sən məni alkaş hesab edirsən?

Azərbaycan kişiləri zəifliklərini büruzə verməyi sevmirlər. Onlara deyəndə ki, içki aludəçisən, müalicə olunmalısan, bunu qəbul etmək istəmirlər. Bilirlər ki, içki aludəçiliyi yaxşı şey deyil, bilirlər ki, içəndə özlərini yaxşı apara bilmirlər, ailələrini də, özlərini də hörmətdən salırlar. Amma bunu boyunlarına almaq çətin olur onlara. Özləri öz ayaqları ilə müalicə ocaqlarının qapısını döymürlər, gəlmişəm müalicə alam, bu xəstəlikdən qurtulam demirlər.

Narkotik, siqaret aludəçiliyindən də tibbi yardım almaqla qurtulmaq istəyən kişilər barmaqla sayılacaq qədərdi ölkəmizdə.

Azərbaycanda içki süfrələrində kişilər kim daha çox içə bilir, kim axıra qədər dözəcək deyə yarışa girirlər. İçə bilənlər içə bilməyənləri ələ salır. Boşaltdıqları butulkaların sayının çoxluğunu qəhrəmanlıq bilirlər.

Amma heç biri də içki aludəçisinə çevrildiyini boynuna almaq istəmir. Çünki həm də yaxşı bilirlər ki, el arasında belələrinin hörməti olmur.

Bir ailə tanıyırdım. Uşaqları olmurdu. Qadın bütün analizlərdən keçmişdi, növbənöv müalicələr almışdı. Axırda demişdilər ki, sən sağlamsan, həyat yoldaşın da müalicə almalıdı. Bu xəbəri kişi üsyanla, kinlə, dava-dalaşla qarşılamışdı. “Axı məndə nə ola bilər, mən kişiyəm! Sən necə mənim kişiliyimə şübhə edə bilərsən?!”- demişdi. Başa düşmürdü ki, köhnə kişilik anlayışının məsələyə nə dəxli var? Kişinin də qadın kimi tibbi köməyə ehtiyacı ola bilər. Hər şeydən əvvəl o da adamdı.

Qayıdaq reklam olunan dərmanlara. Mən bilmirəm bu dərmanın reklamı nə qədər düzgündür? Bir adamın özünün razılığı olmadan onu müalicə etmək özü nə dərəcədə doğrudur? Həkim müayinəsi, həkim məsləhəti olmadan o dərmanların qəbuluna icazə varmı? Amma sosial şəbəkələrdə belə dərmanların reklamı gedir. Ərimin xəbəri olmadan onu müalicə elədim deyə danışır qadınlar.

Əziz kişilər, əgər içki aludəçiliyiniz varsa, xanımınızla danışın. Normal qaydada tibbi ocaqlara baş vurun, könüllü müalicələr alın. Sonra özünüzün xəbəriniz olmadan qəbul elədiyiniz dərmanlar başınıza oyun açmasın. Məndən deməkdi.

# 2043 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #