Taleyində qandalı görmək varmış...

Taleyində qandalı görmək varmış...
27 iyun 2013
# 10:36

Fərid Hüseynin “...qandalı görməsin” kitabı haqqında qeydlər

Fərid Hüseyn poeziyanın yolunu “Əlifba sırası”yla getməyə başladı. Bəzən yavaş-yavaş, bəzən tələsik... Yol getmək də ibadətin bir formasıdır. O, bu yola çıxanda heç ağlına gəlməzdi ki, sakit, lakin qətiyyətli addımlarla irəlilədiyi bu yol onu Təbriz zindanına aparıb çıxaracaq. Onun şair taleyində gənc ikən qandalı görmək də varmış...

O, İranda qələm dostu Şəhriyar Del Gerani ilə birlikdə həbs olunandan azad olduğu günə qədər bu taydakı qələmdaşları çox narahat, üzüntülü, səksəkəli günlər yaşadı. Hər gün xoş xəbər gözləyirdik. Onların azad olunacağına inanırdıq. Bəzən ümidsizliyə qapılanlar, onların edam olunacağını deyənlər də olurdu. Amma biz onların həbsiylə bağlı müəmmalara içimizdə min bir yozum, izahat verə-verə azad olunacaqları günü gözləyirdik.

İndi artıq o üzüntülü, narahat günlər geridə qalıb. Fərid Hüseyn zindandan qayıdandan sonra isti-isti həbsxana xatirələrini yazdı. “Qandalı görməsin” adlı bu kitab indi böyük maraqla oxunur və yəqin ki, Təbrizdə həbs olunan ilk Şimali Azərbaycan şairinin yazdığı bu sənədli kitab ədəbiyyat tariximizin ən əhəmiyyətli faktı olaraq qalacaq.

Bu kitabın əhəmiyyəti bir də ondadır ki, İran həbsxanası haqqında Azərbaycan oxucusuna ilk dəfə dolğun, müfəssəl bilgilər verir. Mən bu kitabı çox böyük həyəcanla oxudum, bəzi məqamlarda qəhərləndim, içimə ağırlıq çökdü. Özümü bir anlıq həbsxana divarları arxasında hiss etdim... Fərid kitabın əvvəlində yazır:

“Şəhriyarın da eyni həbsxanada olduğunu bilmək üçün qəsdən verilən yeməkləri yemirdim ki, nəzarətçilər gələndə söz soruşmaq fürsəti əldə edim:

- O da mənim kimi iştahasızdı, heç nə yemir?

Nəzarətçi də deyirdi ki, “özünə baxma, ona daşdan yumşaq nə versən, o saat ötürür”. Beləcə, özüm üçün dəqiqləşdirirdim: hə, yeyirsə və nəzarətçilər onu görürsə, deməli, salamatdı və yaxınlıqdadı. Bir neçə gün sonra başqa bir üsula da əl atmışdım, yemədiyim halvanı nəzarətçiyə verirdim ki, Şəhriyara çatdırsın, bu da Şəhriyarın yaxınlıqda olmağını öyrənməyin bir yolu idi”.

“Qandalı görməsin” kitabı başdan-başa beləcə, ürək göynədən səhnələrlə doludur. Fərid bu kitabı ürəyinin qanıyla yazıb. Mən Fəridin eyni vaxtda çıxan digər kitabı – “Dözmək üçün məşq”ı həbsxana xatirələrindən əvvəl oxumuşdum və düşünürdüm ki, məhz bu kitab haqqında yazacağam. Amma bu yazını yazmağa başlayanda “Qandalı görməsin”i də oxumaq ehtiyacı hiss etdim. Düşündüm ki, bu kitabı mütləq oxumalıyam. Və nə yaxşı ki, oxudum!

Fərid kitabın sonunda məhbəs həyatı yaşamış mərhum yazıçımız Çingiz Ələkbərzadənin “Zindan” romanının ön sözündən maraqlı bir sitat gətirir: “Həbsxanadan çıxandan bir il sonra bu əsəri yazmağa başladım. Birinci cümləni başlayan kimi elə bil məni təzədən tutub o cəhənnəmə saldılar, romanı qurtarana qədər, elə fərz eləyin ki, mən yenidən ikinci zindanda qaldım”.

Fərid bu kitabı yazmaqla könüllü olaraq ikinci dəfə “zindan həyatı” yaşamalı olub. İkinci dəfə Təbriz zindanında “yatmağa” məcbur olub. Amma zindan indiyə qədər hansı şairin iradəsini sındıra bilib, hansı şairin sözünə qandal vura bilib?! Məhbəs Xaqaniyə “Həbsiyyə”ni yazdırdı. Musa Cəlilə “Moabit dəftəri”ni, Nazim Hikmətə “İnsan mənzərələri”ni, Əziz Nesinə “Bir sürgünün anıları”nı, Xəlil Rzaya “Lefortovo gündəliyi”ni yazdırdı. Bu siyahını xeyli artırmaq olar. Bu yazını yazarkən və elə Fəridin kitabını da oxuya-oxuya tez-tez dəyərli şair dostumuz Adil Mirseyidin misralarını xatırlayırdım:

Yenə də Şərq şeirində gözəllərə xal yaraşır,

Dünyanın hər bir yerində şairə qandal yaraşır.

Şairin qoluna qandal vuranlar heç vaxt anlaya bilmədilər ki, onun düşüncəsini, təfəkkürünü, zehnini heç zaman buxovlamaq mümkün olmayacaq.

Mən Fəridin “Dözmək üçün məşq” kitabı haqqında yazacaqdım, amma gözlənilmədən həbsxana xatirələrini bir göz qırpımında oxudum və kitab məni silkələdi. Fəridin həbsxana həyatı da bir növ dözmək üçün məşq imiş... O, bu sınaqdan üzüağ çıxdı.

Gənc yaşda gözlənilmədən azadlığı əlindən alınmış insanın, şairin keçirdiyi sarsıntıları, ağrı-acıları yenidən yaşamaq və bu ağrıları sözə çevirmək ikiqat qəhrəmanlıqdır. Fərid özündə güc tapıb ədəbiyyatımızda unikal bir hadisə olan həbsxana xatirələrini yazdı.

Şairlər dünyanın ən azad insanlarıdır. Qoy dünyanın heç bir yerində şairlər qandal görməsin!

# 1621 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #