Kulis.az Müşfiq Şükürlünün “Xəyallarımızı yamayan yazıçı” adlı yazısını təqdim edir.
Bizim sürrealist Murad Köhnəqala! Murad onsuz da təxəyyülü zəngin bir yazıçıdır. Adi söhbətlərində də bunu görmək olur. Amma maraqlıdır ki, stol arxasında iki Murad oturur. Bir bizlə danışan, bir də yazan. Murad Köhnəqalanın komik məzmunlu və ironik üslubda yazdığı mətnləri olmamış olmaz.
“Bulud pinəçisi” povestində isə tam başqa libasdadır. Nə qaraqabaq, dinməz, nə də şaqqanaq çəkib gülən, güldürən. Bu povestdə Murad Köhnəqala öz qızının dili ilə bir ata obrazı yaradıb. O qızın dilini necə tapıb? Uşağın təmizliyini, paklığını mətnə enerji kimi necə daşıyıb? Bax bu işin ən sirli tərəfidir.
“Bulud pinəçisi” təkcə Murad Köhnəqaladan yox, ümumən Azərbaycan ədəbiyyatından oxuduğum ilk sürreal əsər idi məncə. Yadıma gəlmir, milli ədəbiyyatımızda belə bütöv, bitkin sürreal bir əsər.
Bu povest mənə çox şeyi xatırlatdı. Yapon animelərini, Çingiz Aytmatovun “Ağ gəmi”sini, Jorji Amadunun “Zolaqlı pişik və Göycə qaranquş”unu, Luis Bunueli… Bunlar öz yerində. Amma Murad Köhnəqalanın “Bulud pinəçisi” yaddaşımda orijinal bir əsər kimi qaldı.
***
Çingiz Aytmatovun “Ağ gəmi”sindəki balaca uşağı xatırlayırsız? Burda da hekayəni balaca bir qız danışır. Muradın povesti dünyaya Zeynəbin diri, sakit, işıqlı və sehirli gözləri ilə baxır. Amma hansı dünyaya?
Bulud tikənlər məktəbinin məzunu, adı naməlumun dünyasına. Birinci onu deyim ki, pinəçi ayaqqabı təmir edənə deyirlər. Ona görə əsərin adı bir az qaranlıq qala bilər. Çünki bizim pinəçimiz buludları təmir edir. Ayaqqabı ilə işi yoxdur.
Əsər elə həmin pinəçinin söhbəti ilə başlayır. O bizə qızından söz açır. Amma elə söz açmağı ilə, qızı Zeynəbin sözü havada qapmağı bir olur. Təhkiyə gözlənilmədən Zeynəbin ixtiyarına keçir. Amma nə keçir haa. Zeynəb bu rəvan dili, bu təmiz, səliqəli, axıcı danışığı necə öyrənib? Bu da yazıçı sirri.
Bulud pinəçimiz buludları belə tikir:
Arabir çaxan şimşəyin işığında atamın, yağışdan islanmış gərgin sifəti aydınca görünürdü.
O, sağ əliylə sağdakı, sol əliylə soldakı bulud layını dartıb başı üzərinə gətirdi və iynəsini cəld işə salaraq buludları ağız-ağıza tikməyə başladı.
İynəni batırdıqca buludlardan xırdaca qığılcımlar sıçrayırdı. Atam çox səliqəli tikişlə buludları ağız-ağıza tikib qurtardı, kürəyindəki iynə qabından nəhəng qayçısını çıxarıb sapı kəsdi və iynəni də, qayçını da üsulluca kürəyindəki xüsusi dəri qaba qoydu.
Zeynəbin Mustafa adlı qardaşı və adı məlum olmayan anası var. Stella adında qadını təyyarə qəzasında xilas edən pinəçimiz ondan fransızca məktublar almağa başlayır. Bu isə əlbəttə qısqanclıq yaradır ailədə. Amma ailə münasibətləri bizlərə Zeynəbin nağılvari dünyasından keçib gəlir. Ona görə dramatik gərginliklər gözləmək olmaz. Sorunlar uşaq təmizliyi və paklığı ilə həll olur. Bu sehrli aləmin mahiyyəti də elə budur. Əlçatmaz buludlara qarışıb arınmaq. Belə ki, Zeynəb bu qısqanclıqlar fonunda hətta anasının rəqibinə həsəd aparır:
Sonra dedi ki, sarı saçlı Stella biz yuxuda olarkən məni də, Mustafanı da öpüb gedib. Mən o saat Stelladan ötrü darıxdım. Çünki mən də böyüyəndə saçlarımı səliqəylə kəsdirib, onun kimi çiyinlərimə tökəcəm.
***
“Bulud Pinəçisi” yapon animelərinə bənzəyir. Bu, sözsüz, sürrealizmlə bağlıdır. Ancaq iki məsələni deməliyəm. Əvvəla, bu ekzotik aurada millilik axtardım. “Bulud pinəçisi” əslində bizim zəhmətkeş ata obrazıdır. Çörəyini daşdan çıxaran, qızının qürur duyub fəxr etdiyi bir kişi! Amma bizim qəhrəmanımız tez-tez rastlaşdığımız bir işlə məşğul deyil. Ümumən, belə sənət hardadır? Bulud yamamaq olsa-olsa yazıçının işi olar.
İkincisi, ekzotik aura ki deyirəm, orijinal təhkiyədən gəlir bu. Azyaşlı bir qız uşağının dili altında nələr gizlənib. Onun səliqəli nitqi içində duruluq, paklıq, dinclik var. Təhkiyə distillə edilmiş su kimidir. Duyğular nağıllar aləmindəki tək təmizdir. Bədbəxtlik, acı, iztirab, nisgil filan yoxdur əsərdə. Mutluluq var. İşıqlı dünyadasan. Amma bir az qəribsəyirsən açığı. Saflıq, təmizlik, mutluluq yəqin ki, insanda nəsə bir özləm yaradır.
Murad Köhnəqalanın “Bulud pinəçisi” uşaqlar üçünmü yazılıb? Deməzdim. Ümumən, ciddi əsərlər uşaqlar üçün deyil, fikrimcə. Əsər Jorji Amadunun “Zolaqlı pişik və Göycə qaranquş” povestini də yada salır. Həmin povesti yazıçı övladına ithaf edib. Muradın əsərinin əvvəlində isə belə bir qeyd yoxdur. Sadəcə rəngli povest olduğu deyilir. Ola bilsin, hər iki əsər uşaqların böyüyəndə oxuması üçün yazılıb.
***
“Bulud pinəçisi” fantastika və realizmdən ibarətdir. Belə deyək, Bunuel filmlərindəki kimi gerçəkliyə magik haşiyələr... Buludları bir-birinə tikən, şimşəklə üz-üzə dayanan pinəçi göylərdə, buludların üstdə qalsın istəyirsən. Bu, əsərin ən gözəl detalıdır. Əlbəttə, Zeynəbin təhkiyə şəklinin gözəlliyindən sonra.
Bir də əsərin finalını unutmaq olmaz. Spoiler verəsi deyiləm. Ancaq fantastik sonluq sadaladığım bütün gözəl detalların məntiqi nəticəsi kimi görünür. Son cümlə kitab içində kitabı xatırladır. Necə ki, bu ənənə və fəlsəfə ilə “Min bir gecə nağılları”ndan tanışıq.
Yazımı “Bulud pinəçisi” ilə bağlı bir arzuyla bitirmək istəyirəm. Əsər nə vaxtsa ekranlaşdırılmalıdır. Hətta deyərdim gecikmişik. Bu əsərə yaxşı bir anime, ya da lap sadəsindən çəkmək olar. İmkan daxilində. Hər halda, bir sponsor lazımdır. Təşəbbüskar. Bu əsəri niyə əbədiləşdirmək, çoxaltmaq, yaymaq lazımdır bəs? Çünki çağdaş nəsrimizin ən yaxşı nümunələrindən biri, bəlkə də birincisidir.