Şeirə aludə olan avara gənclərimiz

Şeirə aludə olan avara gənclərimiz
1 mart 2018
# 11:30

Son vaxtlar artan gənc şairləri görüb öz-özümə düşünürəm: əcəba, onları heç nə qazandırmayan, üfüqlərində heç bir gələcək olmayan bu yola dartıb gətirən nədir?

Yəqin, hər bir azərbaycanlı heç olmasa həyatında bircə dəfə də şeir yazıb. Ona görə bizə şair xalq deyirlər. Şeir bizim tutunacağımız ilk budaq olub həmişə.

Görən, bunun psixoloji səbəbləri nədir? Bizim millət şeir yazmağa niyə bu qədər həvəslidir?

Bir də görürsən, şeir müsabiqəsi keçirilir, maşallah, heç tanımadığın yüzlərlə imza gözünün qabağında sıra ilə düzülür. Bu adamlar hardan çıxdı belə? Nə vaxtdı yazırdılar? Bilən yox. Amma şairdilər, qalaq-qalaq şeirləri var.

Hesab edirəm ki, şeir yazmaq azarının bir neçə psixoloji səbəbi var.

Birincisi, bizim xalq hələ də sovet ab-havasında yaşayır. Onlara elə gəlir ki, şair yazdıqlarına görə ev alacaq, yüksək qonorarla dolanacaq. O vaxtı yaşamış şairlərimiz də buna nümunədir.

Və məncə, bu nümunələrin başında Səməd Vurğun gəlir. Kütləvi şəkildə şeir yazılması hesab edirəm Səməd Vurğundan sonra ənənə halını aldı. Özündən sonra Səməd Vurğun nə qədər adamı bədbəxt elədi. Sayı-hesabı yoxdur. Bu gün də hərdən o “şairləri” kafelərdə şeir deyən görürəm. Kədərli mənzərədir.

Sonradan “bədbəxt etmək” işi başqa şairlərin əlinə keçdi: Ramiz Rövşən, Salam Sarvan... Ən sonda Aqşin Yenisey.

İndi də hara baxırsan gənc şair yersiz bitmiş alaq otu kimi qarşında dayanıb. Hamısının da “oxucu kütləsi”, daşıya bilmədikləri eqo...

Və həmin gənc şairlər düşdükləri bu “bataqlığın” fərqində deyillər. Elə bil şeir yazanların əlləri bala batdı, bunlar da növbəyə durub öz təmtəraqlı talelərini gözləyirlər. Axır-axırda nə olur? Görürlər ki, bu şeir yazmaq onlara Səməd Vurğun kimi gözəl yaşamağı nəsib etməyəcək. Və düşürlər depressiyaya, intihar həddinə çatırlar. Bir damcı istedadları var, amma iddiaları göz deşir. Dövlət bunlara dəstək olmalıymış, kitabları əl-əl satılmalıymış... Hər kəs onlara hörmət etməli, cibinə pul basmalı...

Bir sözlə, bu gənc şairlər həm yaxşı yaşamaq, həm də ədəbiyyatda qalmaq istəyirlər. Həm vəzifə, pul dərdindədirlər, həm də istəyirlər, bunları tərifləyib dağ başına qoysunlar. Ortada da 20 nəfər maraqlı imza ola, ya olmaya. Bir-bir saysam, çoxu inciyəcək, deyəcək, dostbazlıq edirsən. Amma görünən kəndə nə bələdçi?

Mən hesab edirəm ki, gənclərin bir-birinin bəhsinə durarmışcasına şeir yazmağı çox mənasız və axmaq bir işdir. Kimə lazımdır axı sizin şeirləriniz?

Ətraf, dostlar və yad adamlar da günahkardı burda. Elə Yazıçılar Birliyi də. Bəzi mətbu orqanlar da. Görürsən, istedad yoxdu, yaxud bircə damcı istedad var, başa sal ki, ay bala, get işinlə məşğul ol. Maraqlıdır, qazanc yox, heç bir gələcək yox. Elə bil bu ədəbiyyatda olmasa, dünya dağılar. Heç birinin də içində yaradıcı əzab yox. Sanki ədəbiyyata kef üçün gəliblər. Həqiqi şairlər peşmandırlar ki, bu nə iş idi düşdüm. Uzun illər bunun ağrısını yaşayırlar, bunlar isə bəzənib-düzənib şəkil çəkdirir, bəh-bəhlə şeir paylaşır.

O boyda elm dura-dura, iqtisadiyyat dura-dura, nə gəlib doluşmusunuz ədəbiyyata? Xeyirdimi? Özü də heç olmasa nəsr filan yazın. İnanın, şeir artıq dünyada da öz əvvəlki mövqeyini itirib. İndi heç kimin vecinə deyil şeir.

Vallah bu qədər şeir bolluğu artıq məni şeirdən iyrəndirib. Harda şeir görürəm, ürəyim bulanır. Başa düşmürəm, bu gənclər şeir yazmaqda nə tapıblar? Boş-bekar adamlar oturub şeir yazarlar. Şeir yazmaq indiki zamanda bekarçılıq əlamətidir. Harda avara, sərgərdan, intellekti yerlərdə sürünən adam var, şeir yazır.

Nədir?

Nolub?

Məncə, biz artıq şair xalq ifadəsindən qurtulmalıyıq. Dünya roman dünyasıdır. Nəsr dünyasıdır. Film dünyasıdır. Hələ də şeir yazmaq... Özü də heca, klassik şeirlər... Vallah, heç kimə lazım deyil.

Bir əhvalat var e. Səməd Vurğun bir gün gəlib görür ki, bir topa adam yığışıb. Soruşur: “Bunlar kimdi belə?” Deyirlər, gənc dramaturqlardı. Səməd Vurğunun cavabına baxın: “Kaş bunların əvəzinə bir Cəfər Cabbarlı sağ olaydı”.

İndi cümlədəki gənc dramaturqları götürüb gənc şairləri yerinə qoyun, Cəfər Cabbarlının da adını çıxarıb istədiyiniz gözəl şairimizi əlavə edin. Alınan cümləni oxuyun, mən də yazıma son nöqtəni qoyum.

# 2662 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #