Anasının oğurluğa göndərdiyi uşaq

Anasının oğurluğa göndərdiyi uşaq
27 oktyabr 2017
# 11:41

Uşaqlar əlavə kursa gedirlər. Dərslər saat yarım sürür. Onları bu müddət ərzində həyətdə balaca oturacaqda oturub kitab oxuya-oxuya gözləyirəm. Zəif külək üzümə vurur, yuxum qaçır. Həm də işıqlıdı. Artıq örtülü məkanlarda kitab oxumaq çətindir. Gözlərim tez yorulur, qaranlığa da dözümsüzdü. İçəridə, zalda oturacaqlarda oturub qeybət edən qadınlar da mane olur. Hər şeydən danışırlar.

Bazardan, məktəbdəki müəllimlərdən, qiymətlərin qalxmağından, namaza gecikməsinlər deyə tez yatmaqlarından və s. Birinin də ağlına gəlmir ki, özüylə kitab gətirsin, oxusun, mənə mane olmasın. Ən azı uşaqlarının dərsliklərini vərəqləsin, biliklərini yeniləsin.

Kitabın maraqlı yerində balaca bir oğlan barmaqlıqların o üzündən məni səsləyir: “Salfetka alın da!”

Əlimlə işarə edirəm ki, yanıma gəlsin. Qaça-qaça gəlir. O, gəlincə çantamdan 40 qəpik çıxarıram. Təxmin eləyirəm ki, 40 qəpiyə satar. Amma yenə də soruşuram yanıma çatınca: “Neçəyədi biri?” “50 qəpikdi ”- cavab verir. Çantamı eşələyib on qəpiklik axtarıram. O, “İkisini alın da” - deyir. Mən birinin yetərli olduğunu söyləyirəm və məktəbə gedib-getmədiyini xəbər alıram. Bu şəkildə tanış olduğum uşaqların hamısına verirəm bu sualı.

“Anam qoymur” – deyir , gözləri yaşarır və üzünü çevirir.

Verdiyim suala belə reaksiya verəcəyini gözləmirdim. Qızımın məktəb çantasını, dizimin üstündəki skripkasını bilmirəm necə eləyim görməsin. Amma imkansızdı. Artıq çoxdan görüb.

İçimdə özümü danlayıram ki, axı bu sualı niyə verdim. Sürətlə düşünürəm: mənim bu il məktəbə gedən 6 yaşlı oğlum xoşbəxtdirmi? Məktəbə gedəndən bəri uşaq mutsuzdu.

“Mən məktəbi sevmirəm, ona görə ki, orda bir dəfə də oynamamışıq” - deyir. Fiziki tərbiyə, Təsviri İncəsənət, Musiqi, Texnologiya dərslərinin də yerinə Riyaziyyat keçəndə belə olmalıdır. Riyaziyyatın bir adı da Cəbr deyilmi? Cəbr zülm demək deyilmi? 6 yaşlı uşağa bütün sadaladığım fənlərin yerinə Cəbr keçmək, zülm eləmək hansı dinə sığır, insafa sığır? Uşaq aldığım qələmlərlə bir dəfə də şəkil çəkməyib. Rəsm albomu ağappaq qalıb. Plastilinə əl dəyməyib, rəngli kağızın qatı açılmayıb. Bir ay tamam olmamış summativlər yazmağa, uşaqlara qiymət verməyə, ayrı-seçkilik yaratmağa, uşaqları mutsuz eləməyə başlayıblar. “Belə məktəbə getməkdənsə, getməmək yaxşıdı, əziz bala!” – deyə bilmədim. Bunları düşünərkən, başqa sual gəldi dilimin ucuna.

Hələ onu da demədim ki, mən oxumuşam, nə olsun? İşsizəm. Heç kimə lazım deyiləm bu ölkədə. Bu ölkəyə kinoşünas lazımdı ki? Kül mənim başıma. Mən də özümə sənət tapmışam. Hələ oxuduğuma görə mənasız qürurum da yaranıb: “Mən təhsil almışam”. Heç salfet satmaq da əlimdən gəlməz buna görə. Kaş bunu da deyəydim. Amma suala baxın, siz Allah:

“Bacın, qardaşın var?”

Bu, şəhərdə gördüyüm, salfet aldığım əllinci, bəlkə altmışıncı uşaqdı. Hamısının da həyat hekayəsi bənzərdi.

“Qardaşım var” - deyir.

- O da məktəbə getmir?

Başını bulayır.

- Salfetka satır o da?

- Yox, qardaşım evlərə baxır!

Bir gözü dizimin üstünə qoyduğum skripkadadır.

Necə yəni evlərə baxır soruşuram. Heç nə başa düşmürəm, əlbəttə.

7-8 yaşlarında balaca oğlan məsumluqla və sakitliklə cavab verir:

- Evlərə girir, yiyələri evdə olmayanda oğurluq edir.

Nə deyəcəyimi bilmədən udqunuram.

- Bəs atan, anan nə deyir buna?

- Atam rəhmətə gedib. Anam heç nə demir, - deyir.

- Anan özü işləmir?

- Anam perajki bişirib satır.

- Sən evlərə baxmağa getmə heç vaxt. Yaxşımı? Salfetka satmaq daha yaxşıdı - deyirəm.

Başı ilə “yaxşı” deyir və salfetlərini satmaq üçün uşaqlarının kursdan çıxmağını gözləyən qadınlara yaxınlaşır.

Mən oğlanın dalınca baxıram və uşaqlarını oğurluğa, küçədə işləməyə göndərən o qadını düşünürəm.

“Bəs neyləsinlər? Başqa nə təklifin var?” - soruşuram özümdən.

“Çətindi, dolanmaq olmur, anlaşılandı, amma bağrına daş basıb uşaqları internat məktəblərindən birinə verə bilər. Orda isti yerləri, müəllimləri, kitab-dəftərləri olar” - içimdən bir səs deyir.

“Bəs bağrına daş basa bilmirsə, hər gecə uşaqlarını qucaqlamadan, qoxlamadan, oxşamadan yata bilmirsə, onda necə?”

“Onda sus, heç danışma” - deyirəm özümə, söhbəti bağlayıram. Amma oğlanı da unuda bilmirəm. Səssiz-sakit düşünürəm. Hələ üstəlik “Anam məktəbə getməyə qoymur” - deyəndə dolmağı təkrar-təkrar gözümün qabağına gəlməzmi?

# 2793 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #