600 bal toplayan qızın bədbəxtliyi

600 bal toplayan qızın bədbəxtliyi
2 iyun 2017
# 11:23

Sevinc Elsevər yazır

Bu yaxınlarda bir topa qadının söhbətinə qulaq müsafiri oldum. Gördüm qadının biri deyir ki, qızım 600 bal toplayıb, hüququ istəyir, amma ödənişlisinə düşür. Ona görə təkrar imtahana girəcək. Bunu eşidən digər qadınlar da yerbəyerdən deyirlər: “Başına xeyir, qoy getsin müəllimlik oxusun da 600 balla. Qızdı, neyləyir hüququ? Sabah nə bilir əri onu işləməyə qoyacaq, ya yox? Amma müəllimliyə kimin sözü var?”, “Hüquqşünas üçün iş tapmaq çətindi bu zamanda” və s.

Mənsə ürəyimdə pıçıldadım: “Həssas qızdısa, insanların acıları əziyyət verəcək ona. Kömək də eləyə bilməyəcək”.

Sonra düşündüm ki, doğrudan da ixtisas seçimi ciddi həyati hadisədir. Bu mövzuda ziddiyyətli fikirlərim olub həmişə. Məsələn, anamın arzuladığı kimi həkim olmadım, ona görə ki, qandan və başqalarının əzablarına baxmaqdan üşənirdim. İndi də eləyəm. Hətta filmlərdə belə qanlı səhnələrə baxa bilməsəm də, getdim əjdaha öldürmək sənətinə yiyələndim. Kinoşünas oldum.

Bu yaxınlarda əlimə çin rəvayətlərindən ibarət kitab düşmüşdü. Balaca bir hekayə məni sarsıtdı. Deməli, varlı bir kişinin gənc oğlu sənət öyrənmək istəyir. Amma düşünür ki, adına yaraşan bir sənət seçməlidi, gurultulu bir adı olmalıdı. Qərara gəlir ki, əjdaha öldürmək sənətinin sirlərinə vaqif olsun. Oğlan araşdırır, ucqar bir meşədə bu sənətin sirlərini öyrədən yaşlı bir kişinin yaşadığından xəbər tutur. Onun yanına yollanır. Kişi oğlanı başa salır ki, əjdaha öldürmək sənətinə yiyələnmək üçün çoxlu pul tökməli, vaxt sərf eləməlidi. Oğlan razılaşır. Bütün var-dövlətini gətirib verir qocaya, on ildən çox vaxt sərf eləyir. Əjdahanı necə öldürürlər öyrənir, kəndinə qayıdır. Günlər keçir, amma heç kimin ona işi düşmür. Axırı özü bir-bir qapıları döyüb onlara əjdaha öldürənin lazım olub-olmadığını soruşur. Deyirlər, hələlik əjdaha öldürən onlara lazım deyil. Nə vaxt kəndə əjdaha gəlsə, onda onu çağırarlar.

İllər keçir, oğlan qocalır, saçı ağarır, dişi tökülür, yaşadığı kəndə bir dəfə də əjdaha gəlmir. Oğlan bütün ömrünü ehtiyac içində, tənhalıqla başa vurur. Hərdən düşünürəm ki, Azərbaycanda bir sıra peşələr var, onlara sahib olsan, kəndə əjdaha gəlməsini gözləməklə ömrünü başa vuran həmin kişinin gününə düşə bilərsən. O cümlədən yaradıcı işlə, ədəbiyyatla məşğul olmaq da əjdaha öldürmək sənətinə yiyələnmək kimidir.

“Bəyin oğurlanması” filmindən eşitdiyimiz məşhur dialoq yada düşür bu yerdə və sual edirsən: “Axı o əjdahadan bizdə niyə yoxdu?!”

# 1954 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #