Türkiyənin taleyini yaşayan oğlan

Türkiyənin taleyini yaşayan oğlan
12 avqust 2016
# 12:39

Ülvi Babasoy

“Bu, onun hekayəsidir.” Qəlbində ipisti sözlər daşıyan, məsum adamın. Təkcə məsum olsa dərd yarıydı. Həm günahsızdı, həm də çılğın. Bu iki şeydən savayı heç nəyi yoxuydu. Təmizlik və cəsarət. Hələ on yeddicə yaşı vardı. Ürəyinə yığılan qalaq-qalaq sözlər tükənmirdi. Edama gedəndə belə hayqırırdı. “O sözlər ki, ürəyimizin üstündə dolu bir tapança kimi gəzdirərik onları. O sözlər ki, bir kərə çıxıb ağzımızdan, uğrunda asılarıq”. Onun tay-tuşları fiziki və psixi böyüməyin ehtiraslı anlarını yaşayırdılar. Ümidliydilər. İşıqlıydılar. Günəş kimiydilər. On altı. On yeddi. Həyata yenicə gəlmişdilər. Yeniyetməydilər. Eşq və cinsi arzular ilğımından yaranan şirin bir sayaqlama içindəydilər. Çılğın və vecsiz anların ləzzətini dadırdılar. O isə haqqın, ədalətin arxasına düşmüşdü. Olmayan bir şeyi axtarırdı. Haqsızlığın ən dəhşətlisi onun başına gələcəkdi.

Orda hər kəs ölüm arzulayırdı. Yaşamaq dözülməz əzabıydı. İntihar qurtuluşdu, xilasdı. Məhbusların bədəninə dəyənəklər yeridilirdi. Daha sonra həmin dəyənəkləri yalamalıydılar. Başqa çarə yoxuydu. Dırnaqların yerli-dibli çəkirdilər. Barmaq ucların və dırnaq mayaların da qoparırdılar ki, bir də çıxmasın. Onsuz da lazım olmayacaqdı. Bəyaz dişləri qıra-qıra al rəngə boyayırdılar. Artıq qıpqırmızı ağızlardan sözlər əvəzinə rabitəsiz, anlaşılmayan səslər çıxırdı. Nəcisli, çirkab sularda sürünməyə məcburdular. Buz kimi su borusunun təzyiqinə dözməliydi taqətsiz canlar. Onlar Türkiyədəki 12 sentyabr 1980-ci il hərbi çevrilişinin qurbanlarıydı.

Bir də Erdal Eren var idi. Hələ on yeddicə yaşı olan oğlanı deyirəm. Dünyada çox şeyin dadını bilmirdi. Gözəl bir qadın misalçün. Darçın qoxan qaynar qadın bədəni görmüşdümü Erdal? Hardan görəcək, gözünü açar-açmaz sağ və solda dayanan düşmənlərlə tanış olmuşdu. Eyni vətəndə doğulan, eyni göyqübbənin altına sığınan, eyni dili, eyni kökü, eyni bayrağı, eyni keçmişi, hətta eyni ata-ananı, eyni evi paylaşan düşmənlərin.

Bəs niyə bu qədər eynilər onları sağa-sola ayırmışdı? Sən də baş çıxara bilmədin. Səni də bölmüşdülər, Erdal. Başqa on yeddiləri parçaladıqları kimi. Başqa fikirlər gözəl ola bilərdi. Rəngli ola bilərdi. Normal ola bilərdi. İnsanlıq halı ola bilərdi. Bezdirici olmazdı. Süst olmazdı. Ancaq Erdalın məmləkətində insanları bir-birindən ayırmaqdı başqa fikirlər, ayrı görüşlər. Düşmənlikdi. Həsəddi. Kindi. Edamdı. Ölümdü. Ölkəni zəiflədən ən təhlükəli şeydi. Hərə bir yola üz tutmuşdu. Eybi yox, olsun. Başqalarına göz qırpmadan qıymaq kədərli idi. Ayrı yoldan olanları öldürmək ağla sığmazdı axı.

Bir dindən yüzlərlə din icad edən qruplar, dəstələr peyda oldu. Bir həyatı min yerə azdıran fikirlər çıxdı ortaya. İnkişafa sərf olunmadı bunlar. Rəngarəngliyə heç deyil. Şəxsi mənfəətə xərclədilər. Xərclədikcə daha çox qazandılar. Gəlirləri artdı. Varlandılar. Ölkə müflisləşdi. Ziyalılar azaldı. “Mollalar” çoxaldı. Burda insan idealı deyil, fanatiklər yetişdirildi. Öz rəngindən olmayan istənilən insanı göz qırpmadan öldürəcək bir fanatizm. Erdal Erenə də qıydılar.

Hər şey universitet tələbəsi Sinan Sunerin ölümü ilə başladı. Sinan 1980-ci ilin yanvarında nazir Cengiz Gökçekin cangüdəni tərəfindən öldürüldü. Fevral ayında tələbə etirazları başladı. Həmin gün Erdal Eren də vardı orda. Əsgər Zekeriya Öngenin ölümü onun üstünə atıldı və həbs edildi. Türkiyənin pis günləri qabaqdaydı. Sentyabr ayında onlarla insanın canını alan və demokratiyanı dibindən sarsıdan hərbi çevriliş oldu. Yüzlərlə insanın gələcəyi olmadı. Keçmişlə ovundular. Canlı meyitlər çoxaldı.

Edam cəzası alan Erdal Eren ölümə qalib gəlmişdi. Ölümü öldürmüşdü. Halbuki, bir neçə günlük həbsə məhkum olanlar intihar yolunu seçmişdi. Halbuki, azyaşlı olduğu üçün edam düşmürdü ona. Halbuki, əsgər Zekeriya Engeni o öldürməmişdi. Buna hər kəs şahiddi. Şahidlik heç bir işə yaramırdı. Gərəksizdi. Tanrı belə xilas edə bilmirdi onu. Ekspertlərin rəyinə görə Zekeriya Öngeni öldürən mərmi başqa idi, Erdalın silahı başqa.

Ah Erdal, ah. Hələ on yeddicə yaşdaydın.

Canilər üçün on yeddini on səkkiz etmək bir içim su idi. Doğum şəhadətnaməsi dəyişdirildi Erdalın. Yaşı böyüdüldü. On səkkizə çatdırıldı. Artıq boğazına ip keçirmək olardı. Yaz kimi isti və təzə canı boyat və donmuş bir dekabr gecəsində asdılar. Bülbülü öldürdülər. Erdal Eren edam olunanda Kənan Evren demişdi: “Asmayaq, bəsləyəkmi?”

Güc onların əlindəydi. Ədalət yoxa çıxmışdı. Bütövlük, birlik isə vicdan məhbuslarınındı. Onlar bülbültək gözəlliyi təmsil edirdilər. Azdılar. Ancaq yaxşılıq artımlı şeydi. Pislik qısırdı, sonsuzdu. Məhbuslar həyatda və yazıda əbədi var olmağı seçdilər: “Biz qarşı tərəf kimi bir ovuc deyilik. Biz xalqıq. Bax sənə bizdən olanları, yaxşını, gözəli, haqlarını istəyənləri sayım. Mən varam, atam var, sən varsan, qardaşlarım var, bacım var, sonra kənddəki dayılarım, şəhərdəki əmilərim və onların qohumları, qonşuları var, onların dostları, onların oğulları, qızları, mənim məktəb yoldaşlarım, onların dostları, onların qohumları, əmiləri, dayıları var və yenə də onların saymaqla bitirəməyəcəyi qədərik biz.

Gördünmü ağ saçlı, muncuq gözlü anam saymaqla qurtarmır. Təki çiyin-çiyinə verək. Təki dayaq olaq birgə mübarizəmizə”. Həmişə ümidli olmalıyıq. XX və XXI əsrlər yüzlərlə türk ziyalısı yetişdirdi. Onların adlarını sadalamağa ehtiyac varmı? Elə balaca Erdalın həyatı bəsdir. Ömrü qısa oldu, idealı böyük. İnsan idealı nisbətində böyükdür. O hələ on yeddicə yaşındaydı. Ancaq əbədi sevgi və yaşam əldə etdi. Asılmadan öncə nə demişdi? Demişdi ki, “hamınıza azad və xoşbəxt bir həyat arzulayıram”. Xoşbəxtlik azadlıqdır hər şeydən əvvəl.

Bu esseni çoxdan yazmışdım. Bu yaxınlarda bir yazıçı dostumla Feysbukda yazışırdıq. Yaxşı bir hekayə yazmışdı. Türkiyənin taleyi qədər hüznlü və kədərli hekayə. Söhbətimizin sonunda Erdal Ereni xatırladım. Dostumsa dedi: Erdal Eren elə Türkiyənin taleyidir.

Çox dəqiq və obrazlı ifadə. İkisi də çıxılmaz və çətin ömür yaşayıb. Sonda Erdal qalib gəldi. Türkiyə qazandı. Dürüstlük və gözəllik bu günəcən gəlib çıxdı. Türkiyə ziyalısı, məhz ziyalısı ilə dürüst və gözəldi. İstanbulu və Anadolusu ilə isə nağıllar aləmidi. Bitməyini istəmədiyimiz şirin nağıllar. Dünyanın ürəyidi. Gözəlliyin paytaxtıdı. Ürəksiz yaşamaq müşkül işdi. Qoy, dünyanın ürəyi həmişə həssas və təmiz olsun. Bu yazının arxa fonunda həzin səslə oxunan Teomanın “On yeddi” nəğməsindəki kimi. “Bu, onun hekayəsidir.”

# 1774 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #