Kaliqula məntiqi
Alber Kamyunun “Kaliqula” pyesi üzərinə gəzişmələr
“Sadəcə, qəflətən hiss elədim ki, mənə mümkün olmayan şeylər gərəkdir” – bu, Nobel Mükafatı laureatı Alber Kamyunun məşhur “Kaliqula” pyesinin pasulkasıdır. Yəni, onunçün hər şey təmin olunub və indi mümkün olmayanları istəyir.
Pyesin mövzusu antik Roma dövründə Kaliqula adlı sezarın ağlasığmaz işlərindən alınıb. Nəymiş bu ağlasığmaz işlər? Kaliqula Romada bütün gözəl qadınlara olan şəhvətini boğa bilmir – hətta öz bacısı Druzila ilə də eşq yaşayır. Və Druzila bir gün qəflətən ölür. Romanın, eləcə də saray əhlinin qara günləri bundan sonra başlayır. Saray əhlini və partisiləri (patrisilər qədim Romada aristokratiyanın əsasını təşkil edən xüsusi zümrəyə deyilirdi, dövlətin gücü də onların müqavimətində və elitar davranışlarında idi) toplayan Qay Kaliqula tələb qoyur: Ayı göydən endirib mənə gətirməlisiniz!
Dəhşət sezarın tələbinin ağlasığmazlığında deyil ki! Dəhşət saray əhlinin və patrisilərin bunun mümkünsüzlüyünü dilə gətirməməlidir. Elə buna görədir ki, o üzünü bu saray təlxəklərinə tutub deyir: “Mən insanlardan iyrənirəm. Necə də çətin və acıdır insan olmaq.”
Onun bu qeyri-insani davranışlarına dirəniş gücündə olmayan saray xadimlərini və bütün Roma əhlini özünün qulu sanan Kaliqulanın məntiqi budur: “Bütün Roma imperatorluğunda təkcə mən azadam.” Hətta iş o yerə çatır ki, bütün zamanlarda azad və mübariz insanlar olan şairləri belə təlxək yerinə qoyan imperator onların gözlərinin içinə baxa-baxa deyir: “Mən ədəbiyyatçıları sevmirəm və onların yalanlarına dözə bilmirəm.” Sonda isə şairlərin yarışmasını təşkil edir və özü də yeganə münsif kimi başda əyləşir. Barmağının işarəsiylə şairlərə söz verir, hətta bir misradan o tərəfə onları dinləməyə hövsələsi çatmır.
Patrisilərin arvadlarını saray əhlinin və ərlərinin gözləri görə-gərə əllərindən alıb yatağına aparır. Bunlara etiraz etmək əvəzinə, namussuzluqla barışan bu əbləhlər bir-birinə baxıb “Mən ümumiyyətlə heç vaxt fikirləşmirəm, o səviyyədə axmaq deyiləm” - nəticəsinə gəlirlər.
Etirazla rastlaşmayan Kaliqula vergiləri artırır. Saray xadimlərinin ən əziz adamlarını edam etdirir. Hər vəchlə onların heysiyyətlərini alçaldır. Xüsusi qurğu vasitəsilə patrisilərin xatirələrini pozdurur, sanki onları yaddaşdan məhrum edir.
Həm insanların, həm də təbiətin səmtini dəyişmək istəyən Kaliqulanın azğın ehtiraslarının ucu-bucağı yox kimidir. Kamyu qələminin qüdrəti bu lənətlənmiş imperatorun azğınlıqlarını onun öz dili ilə belə verir: “Mən göyü dənizlə qarışdırmaq, gözəlliyi eybəcərliklə birləşdirmək, əzabdan gülüş zərrələri çıxarmaq istəyirəm.”
Patrisilər yığışıb bu mənəviyyatsızın dərsini vermək, ona sui-qəsd təşkil etmək istəyirlər, lakin qoca patrisi deyir ki, qoy onun bütün potensialı üzə çıxsın, nəyi var töksün Romanın üstünə. Sanki Kamyu sezarın eybəcərliklərini bir Kaliqulanın timsalında verməklə, gələcək sezarlara ibrət dərsi vermək istəyib – bütün nifrətləri bir nəfər özünə çəksin. Bu baxımdan Kaliqulanın cəmiyyət üçün əslində “yararlı” biri olduğunu da düşünmək olar – pislikləri özünə yığan biri kimi...
Kaliqula həm də yeganə sezardır ki, onun dövründə müharibə olmayıb. O bunu dəfələrlə patrisilərin və digər saray xadimlərinin gözünə soxur. Amma iş bundadır ki, bu cəlladın dinc dövrdə öldürdüyü adamların sayı bəlkə də müharibədəkindən çox olardı. Əsərin sonunda onun əməllərinə dözə bilməyən patrisilər nəhayət ki, onu qılıncla deşik-deşik edirlər.
Kamyu esselərindən birində yazırdı: “Müqavimət göstərən olmayanda Allah mənə “əskik” təsiri bağışlayır. (“Prometey Qafqazda”) Bu qüdrətli qələm sahibinin nadir sənət nümunəsi olan “Kaliqula” pyesinin dilimizə çevrilməsi (Tərc. Xan Rəsuloğlu) müsbət hadisədir. Yəqin teatrlarımız da nə vaxtsa bu əsərə müraciət edəcəklər.