12 yaşlı qızın ərə getmək istəyi

12 yaşlı qızın ərə getmək istəyi
4 mart 2013
# 11:31

Sevgililər günü, axşam, bir qohumumun evinə qonaq getmişdik. Qohumum mənimlə yaşdaşdır. Yaxşı oğlandır, imkanları da yaxşıdır, amma çox mühafizəkar, dinə meylli, millətə bağlı, adət-ənənələrin hər gün tozunu alan birisidir. Amma etiraf edim, bu keyfiyyətlər ona yaraşır. Çünki səmimi olduğuna inanıram. Arvadı işləməyə qoymur. Öldürsən məhəllədə siqnal verməz, bərkdən danışmaz və gülməz, aralıqlarda qadın, qoca, uşaq gördümü, yekə və qara CİP-ini saxlayıb onlara yol verər, rahat keçmələrinə şərait yaradar. Pulu çox olsa da borc verməyi sevmir. Sınamışam. İbadət etmir, amma ciddi-cəhdlə Həcc ziyarətinə hazırlaşır. Əxlaqdan danışmaq onun hobbisidir. Çoxlu sitatlar çəkir. Bəzən elə söhbətlər edir ki, ardınca nə danışacağımı bilmirəm. Əslində onunla darıxıram. Amma ən ağır əxlaqi söhbətlərdən akrobat cəldliyi ilə şux zarafatlara, atmacalara keçməsi məni həmişə şənləndirir. İçən deyil. Siqaret də çəkmir. İnanın, indiki Azərbaycan cəmiyyəti üçün ideal bir kişidir.

İki övladı var. Oğlu özü kimi standart olduğundan maraqsızdır. Ancaq qızı... O ha! Allahın bəlasıdır! 5-ci sinifdə oxuyur. Adı Türkan. Elə ərköyün böyüdüblər ki, nə desə uzağı bir saata hazır olmalıdır. Ən bahalı telefonlardan işlədir. Onu qardaşı ilə məktəbə aparıb-gətirən maşının markasını belə özü seçib. İnternet qurdudur.

Çox savadlıdır həm də. Xüsusilə ingilis dilini tum kimi çırtlayır. Mənə böyük hörməti var. Çünki internetdə tez-tez yazılarımı görür. Təvazökarlıqdan uzaq olmasın, məni atasından qat-qat böyük və maraqlı adam sayır.

Bu dəfə də mənə xeyli naqolay suallar verdi. Filan qızın şəklini niyə like etmisən? Filan dostunu o günü televizorda gördüm, sən niyə yox idin? Qızın necə oxuyur? Facebookda profili varmı? Və sairə və ilaxır... Tərləmişdim inanın!

Bu heynidə dostum – qızın atası həmin çevik zarafat təfəkkürünü işə salıb köməyimə çatdı. Köməyimə çatdı, amma alova özünü atmış oldu.

– Qardaş, görürsən də, bu uşağın dilini-felin? Nə olacaq bu belə?

– Yaxşı olar inşallah! – mən dedim müdrikcəsinə.

- Nə olacaq? – Türkan tapança kimi açıldı – Sən də anam kimi demək istəyirsən ki, məni alan olmayacaq?

Atasının yumşaq yerinə biz batırdılar elə bil. Yerindən dik atıldı. Amma təmkinini pozmayıb gülümsədi. Gülümsəyincə rəngi qıp-qırmızı oldu.

Türkan isə hələ də danışırdı:

- Mən onsuz da burda ərə getməyəcəm... Bizimkilər kobuddular, savadsızdılar, küçədə bərkdən danışırlar, paltar geyinməyi, saç daramağı bilmillər.

– Bəs kimə gedəssən? – dostum artıq yumora köklənmişdi.

– “One Direction” qrupundakı uşaqlara...

Məni gic bir gülmək tutdu, dostum isə şokda idi deyəsən:

– O nə olan şeydir?

Türkan şirin bir şaqqanaq çəkdi:

– Bilmirsən, ay ata?! Londonda məşhur musik qrupdur.

Dostumun harayına mən çatmaq istədim:

– Türkancım, adam bir nəfərə gedir axı, sən bir qrupdakıların hamısına necə ərə gedəcəksən?

Türkan:

– Qrupda beş nəfərdilər, beşini də sevirəm, hansı məni bəyənsə ona da gedəcəm! – tamam ciddi idi.

Atası söhbətin dərinə getdiyini görüb bozardı:

– Qızım, sən hələ uşaqsan, belə şeylər danışma. Sən böyüyənə qədər, onlar qocalacaqlar.

– Xeyr, ata, onların 18 yaşı var, mənim 12. 6 yaş nədir ki? Sən anamdan 5 yaş böyük deyilsən?

– Qızım sən zarafat edirsən yəqin...

- Yox, ata, zarafat eləmirəm. Bəs ingilis dilini niyə öyrənirəm? Mən Van Dayrekşn qrupundakı oğlanların birinə ərə gedib, Londonda yaşamaq istəyirəm...

Dostumla çarəsiz biri-birimizə baxdıq. Onun üzündə xəfif bir nisgil göründü.

# 8130 dəfə oxunub

Oxşar xəbərlər

"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
#
#
# # #