Yazanda heç kəs sözünü kəsmir...

Yazanda heç kəs sözünü kəsmir...
22 fevral 2013
# 08:30

... Yazmaq indi sənə həmişəkindən daha çox lazımdı. Yazmaq bu dəqiqə sənə gizlənmək üçün ən etibarlı yerdi, başqasından yox, elə özündən qorunmaq üçün ən gizli sığınacaqdı, rahatca küncdü. Belə bir künc hər deyiləndə ələ düşmür, gözdən-könüldən uzaq, nə sən kiməsə mane olursan, nə də sənə mane olan var. Yalandan nəsə quraşdırıb gizlənirsən sözlərin içində. Hərdən də söz maskanı taxıb çıxırsan üzə, gəzirsən-dolaşırsan, sonra təzədən qayıdırsan başladığın oyunun növbəti gedişlərinə...

***

Dünya ilk sözdən, “ol” kəlməsindən var olduğu kimi yazı da ilk cümlədən yaranır, ətə-qana dolur, bütövləşir, tamlaşır. İlk cümlə yazının canıdı, açarıdı. Sonrakı gedişləri o, yoluna qoyur, həll eləyir, sahmanlayır. İlk cümləni tapdınsa rahatca girirsən içəri - yəni yazıya. Sözləri bir-birinə bağlaya-bağlaya, düyünləyə-düyünləyə gəlirsən axtardığın yerə - mətləb üstünə. Hisslərini, yaşantılarını, nə bilim düşüncələrini yaza-yaza qəribə bir sevinclə, qalib görkəmində çıxırsan çölə. Yazını nöqtəylə kilidləyib yenidən başlayırsan ilk cümlə axtarışına – sondan əvvələ, hər şey təzədən...

Hər dəfə ilk cümləni sevinə-sevinə tapıb yerinə qoyanda elə bilirsən, başladığın nəsə təzə, ayrı bir yazıdı. Bilmirsən ki, yazdıqların bir-birinin davamından, ardından başqa bir şey deyil, yaşantılarının ayrı-ayrı məqamlarıdı, çeşidli anlarının şəklidi. Həftənin günləri kimi, onların da birinin adı bazar ertəsi, birininki cümə o birininki şənbədi. Bilmirsən ki, ömürboyu tək bircəcə yazı yazmağa məhkum olunmusan. Axtardığınsa, əslində, ilk yox, mininci, milyonuncu cümlədi. Onunla oynadığın kimi, o da səninlə oynayır. O da səni tapıb ilk cərgəyə - öz yerinə qaytarmaq istəyir...

***

Bəzən ağlından keçənləri, fikirləşdiklərini olduğu kimi, itkiyə yol vermədən, bircə-bircə sözə çevirmək istəyirsən. Çalışırsan, bir hərfi, bir kəlməni də boş-boşuna, elə-belə işlətməyəsən, köməkçi sözlərə də anlam verəsən. Çalışırsan hər cümlənin alt-qatı, o biri üzü olsun, mətn nəyəsə söykənsin, havadan asılmasın, arxasız görünməsin. Sözlər bir-birinə elə geydirilsin ki, boşluq qalmasın, bir kəlməni də çıxarmaq mümkün olmasın. Ancaq fikirlə yazı çox az hallarda üst-üstə düşür, tən gəlir, uzlaşır. Təbii ki, bu istəklərin gerçəkləşməsinə düşüncənin axını, sürəti də imkan vermir, onu əngəlləyir. O sürəti durdurmaq, yavaşıtmaqsa zor işdi, bizlik deyil. Bir də baxırsan, beynindəkilər uçub gedib, sənsə sözlərin arasında fırlanırsan. Hər şeyi təzədən başlayıb, bərpa eləməklə məşğulsan...

Ancaq sonda düşündüklərin qalır qıraqda, tamam ayrı bir mətn alınır... Bəlkə də yazmaq istədiyin bu imiş. Sadəcə, bilmirmişsən, ağlından keçməyənlər, ağlından keçənlərin içindəymiş, canındaymış, ən gizli hücrəsindəymiş...

***

Yazmamağa həmişə bir bəhanə tapılır. Ya başın ağrıyır, ya kiminləsə görüşə gedirsən, ya da...özünü inandırırsan ki, yazacaqların istədiyin şəkildə alınmayacaq. Bu günləri və səndən keçib gedənləri olduğu kimi dindirə bilməyəcəksən. İstər-istəməz güzəştə getməli olacaqsan, nələrəsə göz yumacaqsan, nələrinsə üzərindən sükutla keçəcəksən, hardasa rəngi qatılaşdıracaqsan, hardasa azaldacaqsan...

Ancaq bəlkə də ən gözəli və ən çətini yazmağa bəhanə tapmaqdı. Hər şeydən bütün bəhanələrdən imtina eləməyə bir bəhanə. Çünki, “yazmaq (hardasa oxumuşam) ən yaxşı danışıq üsuludur. Yazanda heç kəs sözünü kəsmir...”

# 3108 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #