Üzümə gülürsən, dalımca danışma!

Üzümə gülürsən, dalımca danışma!
12 sentyabr 2014
# 07:30

Cəlil Cavanşir yazır

(Manıs, ordan bir “mi” ver...)

O gün yutubda tanınmış və görkəmli meyxana ustadlarının kollektiv əməyinin məhsulu olan əla bir meyxanaya qulaq asdım. Təəccüblənməyin, sənət zövqüm meyxana sərhədlərini aşmaqda aciz və gücsüzdür. Sosial şəbəkələrdə klassik musiqi paylaşmağıma baxmayın, artistlik edirəm. Əslində mən sizin bayağı hesab etdiyiniz mahnıların, meyxanaların, mərsiyələrin aşiqiyəm. Neyləyim, olanım budur. Buna görə ümid edirəm məni qınamazsınız.

Ərz edim ki, sizin hər birinizin səviyyəsinə qalxmaq, ucalmaq, klassika, rok, caz dinləmək istərdim. Amma təəssüf ki, adını çəkdiyim cüyültü, tappaturup, zıppa-zup mənim zövqümü oxşamır. Mənimki hikmətli, fəlsəfi meyxanalardır.

Nə isə, sözüm onda deyil, sizə qulaq asdığım şah əsərdən, “Üzümə gülürsən, dalımca danışma” qafiyəli meyxanadan danışmaq istəyirəm. Deməli qafiyəni Rəşad Dağlı qardaşımız açır, Pərviz Bülbülə də....

Lənət şeytana, meyxana hardan çıxdı? Başımı necə itirmişəmsə yazmalı olduğum mövzu yadımdan çıxıb. Sözün düzü, bu yazıda üzümüzə gülüb, arxamızca danışan dəyərli dostlarımızı yad etmək istəyirdim. Həmin o meyxana da yazmaq istəyimi alovlandırdı. Necə coşmuşdumsa deyişmə qurtarandan sonra bir saat təkbaşına “Üzümə gülürsən, dalımca danışma” qafiyəsi ilə meyxana demişəm. Bilənlər bilir ki, mənim hərdən pəsdən oxumağım, bədahətən meyxana deməyim var...

Yenə aləmi qarışdırdım bir-birinə. Arxamızca (dalımızca) danışan, olmadığımız məclislərdə istedadımızdan tutmuş şəxsi həyatımıza qədər hər şeyi müzakirə edən dostlarımızdan danışacaqdım axı...

O gün təsadüfən bir məclisə gedib çıxmışam. Görürəm iki düdəmə şair oturub arxamca danışır. O qədər piyan idilər ki, mənim mən olduğumu kəsdirə bilməyib, mənim yanımda da mənim arxamca danışırdılar. Mən də qoşuldum bu düdəmələrə, o ki var öz dalımca “palaskatdadım”. Duranda hər ikisi üzümdən öpüb məni inandırdılar ki, yaxşı oğlanam. Üstəlik arxamca danışan nadürüstlərin arxasınca o ki, var söydülər.

Qoşuldum bunlara, söyüşün biri bir qəpik. Sonra həmin qafiyəni açdım bunlar üçün, oturub sabaha qədər meyxana dedik.

Allah haqqı, meyxana beynimə necə düşübsə fikrimi düz-əməlli ifadə edə bilmirəm. Sizin kimi dəyərli oxuculara durub meyxanadan, düdəmə şairlərdən danışıram. Qurban olum, bağışlayın. Emosional vaxtıma düşəndə meyxanaları beynimdən qovub çıxara bilmirəm.

Nə isə, deyəsən alınmayacaq. Arxamızca danışan dəyərli dostlarımız haqqında bundan artıq heç zad yaza bilmirəm. Fikrim qarışdı, dilim dolaşdı, ağlım çaşdı...

Qafiyəni burda bağlayıram: “Üzümə gülürsəəəəən, dalımcaaaa danışma!”

# 5123 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #