Qızları doğulan kimi öldürməli

Qızları doğulan kimi öldürməli
13 noyabr 2013
# 08:45

Layihə: Sıradan biri

III yazı

Özümüzdən uzaqlaşarkən nə qədər arzulananıqsa, özümüzə qayıdanda o qədər kəm-kəsirliyik...

Vağzallarımıza baxın... Ölkənin içinə gedən qatarlara minin, içimizə gedən yolun da, yolçuluğun da durumunu anlayın...

Ölkənin dışına yox, içinə, dərinliklərinə getdikcə sovetdən qopan yerdə hansısa bir möcüzəyə ilişib təsadüfən sağ qaldığımızı hesab edirsən...

Bizdən bizə gedən qatarlardakı miskinliyi heç nə ilə təsvir etmək mümkün deyil. O qatarlarda insanı ölməyə qoymayan yeganə şey növbəti stansiyada enmək ümididir. Yoxsa, bu qatarda ömür keçməz... Bu qatarın pəncərələrindən işıq da düşmür... yol da görünmür... hara getdiyini, harda olduğunu bilmirsən... köhnəlik, nəm, kif qoxusundan bir neçə saatlıq səfərə yox, bir neçə əsrlik keçmişə qayıtdığını hiss edirsən...

Sonuncu yazıda qəhrəmanım hər səhər gününü bu qatarları qarşılamaqla başladığını demişdi. Bir zamanlar və ya indi də kimlərəsə ümid gətirən qatarlar, mənim qəhrəmanıma çörək gətirirdi – metro çıxışlarında satmaq üçün göyərti...

Bir axşam mən də ümid daşıyan bu qatarlardan birinə bilet alıb, cənuba gedən sərnişinlərə qoşuldum. Hara və niyə getdiyimi bilmədən, özümüzə, içimizə yolçuluğa çıxdım.

Məsləhətləri dəyərləndirdim, “Təksənsə kupe təhlükəlidir, plaskartı seç!”.

Fit çalınan kimi qatarın uzaqlaşmağını gözləmədən perrondakı insanlar geri qayıdır...

Dəfn mərasimi kimi, səni məzara tapşırıb gedib qayıdırlar sanki. Çünki bu qatarlar məzar kimi soyuq, qaranlıq, kimsəsiz, həyatdan uzaq bir yerdi...

Bu məzarda saniyənin belə tək keçməyəcəyi üçün özünə mütləq bir həmsöhbət seçməlisən. Bir qocayla söhbətə başlayıram.

84 yaşında, uzun, ağ saqqallı... sözdə dünya görmüş. Ömrünü bu qatarlarda keçirdiyini deyir, şübhə edirəm... Bu qatarlarda dünyanı görmək nə qədər mümkünsə artıq. Bu qatarlarda dünyadan təcrid olunmusan... Bu qatarlarda ancaq ölümü təsəvvür eləmək olar.

Qoca bu şəraitdə də olsa gündə beş dəfə namaz qılmağı təxirə salmır...

Qoca övladlarından danışır... Beş oğlu doğulduqca ölüb, ancaq üç qızı qalıb həyatda. Böyük qızının ilk oğlunu, ilk nəvəsini oğulluğa götürüb. Amma yenə də hər adını çəkəndə “O mənim qanımdan deyil” deyir...

Danışır, danışır, qəfil qışqırır: “Dünyaya qız gətirən qadının üzünə tüpürüm!”

Səbrimi zorlamaqdan yorulmuşam. Qadın düşməni olan qocanı susdurmanın yolunu tapa bilmirəm. Axırda son ümid kimi dindarların klişelərindən istifadə etməyə məcbur qalıram: “Peyğəmbərin də oğlu olmayıb...”

Cavabında tapança kimi açılır: “Ona görə bu gündəyik! Ona görə parça-parçayıq! Peyğəmbərin oğlu olsa şiələr yaranardı? Qız... qız... qız bizi yaman günə qoyur, qız... Qanımızı it qanına calayır... Qızları doğulan kimi öldürməli!”

Deyəsən bu qatar doğrudan da XXI əsrdən geri qayıdır... Yoxsa dünya nə hayda, cəhənnəm, biz nə hayda, bu ağsaqqal isə hələ də şiələrə və qadınlara düşmən kəsilib. Bu qədərmi bəsitdir həyat? Səksən dörd il ömür yaşayasan və bu qədər məntiqsiz olasan... Axı niyə adam yaşlanıb deyə biz ona layiq olmadığı hörməti “Ağsaqqaldır” deyə göstərməliyik?

Onsuzda tükürpədici qatarda beş oğlu doğulan kimi ölən bu qocanın qadınlara və şiələrə yağdırdığı naləsini dinləyə bilməyib, həmsöhbətimi dəyişmək qərarına gəlirəm.

Zatən bu məmləkətdə ölkə xəbərlərindən gəldiyin qənaət budur:

- Qızlar zorlanmaq;

- Kişilər xəyanət etmək;

- Qadınlar başları kəsilmək;

- Oğullar vətən yolunda ölmək...

- Qatarlar çarəsizlər;

- Avtobuslar isə ölümə aparmaq üçündür...

Əvvəlki yazılar:

I Yazı: Kaş qızım fahişə olaydı

II Yazı: Fahişələrdən başqa bir də ANA ilə rastlaşdım

# 5077 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #