“Dövlət ev veribsə, təşəkkür vacibdirmi? Dövlət başçısı mənzil hədiyyə edibsə, minnətdarlıq şərtdirmi?”
Son bir neçə gündə bu kimi suallar həm real, həm də virtual məkanda gözlərimizi yağır, qulaqlarımızı sağır etməkdədir. Nadir hallarda bilməzlik, dayazlıq göstəricisi sayıla biləcək belə suallar, əsas etibarilə, hikkə, məkr təzahürü kimi, fitnə yayıb çaşqınlıq yaratmaq, insanları əziklik, gözükölgəlilik kompleksinə salmaq üçün ortaya atılır. Ünvansızlığı, “ehkam kəsib fitva vermək” tonunda qoyulması da bundan xəbər verir, hətta çox ürkək polemika cəhdlərini, çəkingən cavab təşəbbüslərini belə, son dərəcə yersiz, anlamsız, həddən artıq ümumi və mücərrəd bəhanələrlə, atmacalarla qarşılayıb, söhbəti mahiyyətdən uzaqlaşdırmaq canfəşanlığı da!
“Dövlət ev veribsə, təşəkkür vacibdirmi? Prezident mənzil hədiyyə edibsə, minnətdarlıq şərtdirmi?”
Nəinki ümumun, hətta mənzil verilənlər siyahısındakı - özümdən savayı! – bircə nəfərin belə, adından çıxış etmək niyyətim də, səlahiyyətim də olmadığı üçün bu məlum və məşum suallara öz cavabımı yazıram:
Bəli, təşəkkür vacibdir! Əlbəttə, minnətdarlıq şərtdir!
Çünki insani münasibətlərin mənəvi özülü, təməl norma və prinsipləri həm də şükranlıq, minnətdarlıq kimi duyğular, nəzakət qaydaları zəmininə əsaslanır! Bu zəmin üzərində isə – çox heyif! – biz, əksərən və adətən, ya kobud, naşı davranır, ya da qəsdən insafsız mövqe tuturuq! Halbuki axır zamanlar az qala hamılıqla üz tutduğumuz, örnək bilib həsədlə misal çəkdiyimiz, “sivil dünya, inkişaf etmiş cəmiyyətlər” deyib köks ötürdüyümüz məkana və mühitə mənsub insanlar bəlkə də hər şeydən öncə məhz bu keyfiyyətləri mənimsəyib, özlərində nəsilbənəsil aşılayıblar!
İşin əsli, məsələnin məğzi budur, məncə:
Alicənablığın qarşılığı – qətiyyən! – nanəciblik olmamalıdır! Yaxşılığın, xeyirxahlığın, nəzakətli davranışın önünə nankorluq, qədirbilməzlik, ədəbsizlik çıxmamalıdır! Təbii, xüsusən o halda ki, birinci tərəfin öz yaxşılığı ilə qarşısındakına minnət qoymaq, onu əzikliyə yuvarlamaq niyyəti hiss olunmaya və sezilməyə! Ona görə də Allaha şükranlıq, insanlara minnətdarlıq duyğularımızı nəinki boğmamalı, əksinə, onları ürəklə, comərdliklə ifadə etməliyik!
Jurnalistlər üçün inşa olunan yeni binada mənzil verilənlər siyahısında mənim də adım çəkildi. Çox sevindim. Saysız təbriklər aldım. Konkret mənimlə bağlı bu qərara iradı olan, onu doğru saymayan bir kimsə görüb-eşitmədim, doğrusu. Söz yox, bu da mümkündür, fərqli yanaşanlar da ola, həm mənim, həm də ümumən prosesin xeyrinə və ziddinə, keçərli və keçərsiz müxtəlif fikirlər irəli sürülə bilər.
Hər halda, binanın açılışı və mənzillərin paylanma mərasimində məlum oldu ki, dövlət başçısı mənim şəxsimdə ailəmə 3 otaqlı, yəqin ki, kifayət qədər geniş və rahat – görməsək də, təsvirlər bundan xəbər verir! – mənzil hədiyyə edib. Püşkatmada qismətimə “Blok A, mərtəbə 5, mənzil 24” çıxdı!
Odur ki, şükranlığım, minnətdarlığım var:
- Bu fərəhli hadisəyə görə Allaha sonsuz şükürlər olsun!
- Jurnalistlər üçün yaşayış binaları inşa olunması haqqında sərəncamı dövlətimiz – Azərbaycan Respublikası adından imzalayan və mənzil hədiyyə edilənlərin siyahısını təsdiqləyən Prezident İlham Əliyevə çox-çox təşəkkür edirəm!
- Proseslə birbaşa əlaqədar olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənova, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova təşəkkür edirəm!
- Bu işdən ötrü zəhmət sərf etmiş Prezident Administrasiyası və KİVDF əməkdaşlarına təşəkkür edirəm!
- Uzun illərdən bəri birgə çalışdığım, həm fəaliyyət prosesində, həm də mənzil üçün təqdimat zamanı məni ürəkdən dəstəkləyən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə və bütün iş yoldaşlarıma təşəkkür edirəm! /525.az/