Qocalara borclu deyilik

Qocalara borclu deyilik
9 iyul 2014
# 12:38

“Böyük dayaq” filminin yadda qalan səhnələrindən biri atanın oğluna şillə vurmasıdır. Şillənin motivi, atanın haqlı, oğulun haqsız olub-olmaması mənim üçün önəmli deyil.

Vacib odur ki, rejissor da, əsərin müəllifi də, yəqin tamaşaçı da atanın yetkin, ali təhsilli, ailə sahibi olan oğluna hamıya qarşı getdiyinə görə şillə vurmasını norma hesab edir.

Və bu norma bizim üçün toxunulmazdır.

Çünki şərq mentallığında ağsaqqal, ağbirçək kultu, böyük sözü, məsləhəti konstitusiya qədər müqəddəsdir.

Ağsaqqal kultuna qarşı gedənlərin, üzünə ağ olanların (oxu: alternativ fikir söyləyənlərin) ailədə, cəmiyyətdə yeri yoxdur, o, birmənalı şəkildə qınaq obyektidir, nankordur.

Bizə təlqin edilən düşüncəyə görə, qocalar həmişə haqlıdır. Zira, ağsaqqal, ağbirçək haqsız ola bilməz. Haqsız olsa belə, onun ətəyində namaz qılmalısan. Bir sözünü iki eləməməlisən. Ömrünün axırınadək nazını çəkməlisən, onlara görə kölə olmalısan, ömrünü çürütməlisən, öz həyatını yaşamamalısan. Qocaların təcrübəsi, məişət səviyyəsindən çıxmayan dünyagörüşü bizə səhv yol göstərə bilməz. Onlar bizim yolumuzda əbədi məşəldir, mayakdır və sair və ilaxır.

Məşhur atalar məsəlləri də (məsələn, “böyüyün sözünə baxmayan böyürə-böyürə qalar”), saysız-hesabsız uydurma ibrətamiz hekayətlər də gərəksiz ağsaqqal statusunu gücləndirirlər.

Ağsaqqal, ağbirçək - gənc nəsil münasibətinin toqquşduğu məkanlardan biri də ictimai yerlərdir.

Daha dəqiq desəm, ictimai nəqliyyatdır. Məsələn, avtobus. Avtobusda tez-tez yaşlılar gənclərin tərbiyəsizliyindən, sayğısızlıqdan gileylənirlər. Həmin qocaların keçmişinə bir balaca ekskurs etsən, məlum olar ki, neçə insana pislik edib, həyatını zəhərləyib, quyu qazıblar və bu adamlar indi sənə tərbiyə, mənəviyyat dərsi keçir.

Bir qayda olaraq avtobusda hamilə və uşaqlı qadın, ayaq üstə dayanmağa taqəti çatmayan, heysiz qoca, qarı istisna olmaqla özümdən yaşlılara yer vermirəm. 5-10 dəqiqə ayaq üstdə qalmaqla apokalipsis olmayacaq.

İndi cəmiyyətdə çoxu fiziki baxımdan xroniki yorğunluq sindromu yaşayır. Stresslər, min cürə səbəbdən xəstəliklər çox cavanlaşıb. Bu mənada cavanla qocanın fiziki dayanıqlığı, dözümlülüyü arasında böyük fərq yoxdur.

Yaşlıya yer verməyən gəncin çox ciddi problemi olduğunu düşünürlərmi? Təzyiqi qalxa, harasısa ağrıya, çox yorğun ola, özünü pis hiss edə bilməzmi?

Niyə qocalara elə gəlir ki, xəstəlik ancaq onlarda mövcud ola, ancaq onlar özlərini pis hiss edə bilər.

Gəncləri limitsiz borc hissi ilə yükləyən qocalar niyə elə düşünür ki, gənclər onlara borcludur? Nəyə görə, hansı yaxşı, normal həyatı təklif etdiyinə görə? Bunun üçün heç olmasa, bir neçə tutarlı səbəb göstərsinlər.

Azərbaycanda gənclərə, övlada mülkiyyətçi münasibət var. Ata-ana, ağsaqqal, ağbirçək övladının ona qarşı çıxmasına nəinki dözümsüzdür, ümumiyyətlə onların təsəvvüründə heç bir halda övladın etirazı ola bilməz.

Azərbaycanda alternativ fikrə dözümsüzlüyün, hətta sənətdə, ədəbiyyatda yeni dəyərlərin yaranmamasının əsl səbəbi də ağsaqqal kultunun cəmiyyətdəki dominantlığıdır.

# 5110 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #