Sevdiyin qız üçün mavi olmaq

Sevdiyin qız üçün mavi olmaq
26 aprel 2013
# 09:54

Mirmehdi Ağaoğlu

Gəlin, belə bir süjet düşünək.

Tibb işçisi olan bir oğlanın evinin pəncərəsindən balet məktəbinin pəncərələri görünür. O, pəncərəyə çıxanda məktəbdə rəqs öyrənən qızlardan birinə baxır. Qıza aşiq olur.

Bir gün qız dərsdən çıxanda pul qabını çantasından düşürür. Oğlan bunu görür. Tez pul qabını götürüb qıza verir. Tanış olurlar. Amma oğlan sevgisini etiraf edə bilmir.

Qızı maşın vurur və komaya düşür.

Təsadüfən qızı oğlanın işlədiyi xəstəxanaya gətirirlər. Oğlan xəstəxananın ən təcrübəli işçilərindən olduğu üçün qıza baxmağı baş həkim ona tapşırır. Amma heç kəs bilmir ki, oğlan qızı sevir.

Beləcə dörd il keçir. Oğlan dörd il ərzində hər gün bitki həyatı yaşayan qızın qulluğunda durur, onu yuyundurub təmizləyir, masaj edir, yeri gələndə sanki qız eşidirmiş kimi onunla söhbət edir.

Xəstəxanada hamı elə bilir ki, oğlan mavidir. Buna görə də hər gün gözəl qızın çılpaq bədəninə toxunan kişi xeylağı haqqında heç kəs pis fikrə düşmür. Hətta özü qəsdən şayiə yayır ki, guya kişi partnyoru var.

Bir gün xəstənin qadın baxıcıları müəyyən edirlər ki, qızda iki aylıq menstruasiya gecikməsi var. Təcili iclas çağırılır. Analizlər aparılır. Müəyyən olunur ki, qız hamilədir.

Faktlar yalnız qızın mavi xəstə baxıcısından şübhələnməyə əsas verir. Axırda məcbur qalan oğlan etiraf edir ki, qızla yatıb. O əslində heç mavi də deyilmiş, sadəcə sevdiyi qıza qulluq etmək üçün bu vasitəyə əl atıb.

Heç kəs ona inanmır. Bunu zorlama aktı kimi qiymətləndirərək oğlanı təcridxanaya salırlar.

Səkkiz aydan sonra oğlanın dostu bundan xəbər tutur. Öyrənir ki, sən demə qız doğuş vaxtı komadan ayılıb. Demə bu, belə xəstələr üçün möcüzə sayıla bilən haldır. Belə çıxır ki, oğlan əslində cani deyil, xilaskardır. Amma vəkil icazə vermir ki, dostu həqiqəti oğlana desin.

Oğlan hələ də komada olduğunu sandığı sevgilisinə qovuşmaq üçün çoxlu dərman atır ki, ömürlük komaya düşsün.

Dostu bundan xəbər tutanda artıq gec olur. Oğlan ölüb. Qız isə yaşayır. Yenidən balet dərslərini öyrənməyə başlayıb.

İndi elə zənn edək ki, bu süjetə film çəkirik. Və ya bu süjet əsasında əsər yazırıq.

Necə bir film çəkərdik? Qəhrəmanın xarakterini necə verərdik? Sevgilisini maşın vurduğunu eşitdikdə o nə edərdi, xəstəxanaya gəlib hirslə əlini qapıya çırpardımı, yoxsa divarın dibinə çöküb ağlayardı?

Dörd il ərzində bu işgəncəyə, bu əzaba necə dözərdi? Hər dəfə “bitki” sevgilisinin başının üstündə ağlayıb sızlayardımı?

Gecələr tək qalanda nə edərdi? Aya baxıb nə danışardı? İç monoloqları necə olardı? Onun kədərini, iztirabını necə verərdik?

Hər dəfə qızı görəndə gözləri dolardımı? Qıza toxunanda dərdli-dərdli ağı deyərdimi?

Qız ayılandan sonra nə edərdi? Həqiqəti biləndən sonra ölümdən döndüyünə peşman olub, tezcə sevgisindən xəbərsiz olduğu oğlanın qəbri üstə gedib oxşayardımı?

Ən əsası filmin musiqisi necə olardı? Film ekranlara çıxan gününün səhəri bütü sevən gənclərin rinqtonunamı çevrilərdi, bəxti gətirməyən sevgililər filmin soundtrəkinə baxıb özlərindən gedərdilərmi? O saundtrək ürəkləri dağlayardımı?

Hamı kədərinə, ağrısına görə filmimizi Özcan Denizin, Əmrahın filmləri ilə müqayisə edərdimi?

Bəli, olduqca kədərli, ürək ağrıdan süjetdir. Bu süjet əsasında Özcan Deniz əla bir film çəkərdi. Tamaşaçılar isə kinoteatrdan gözləri nəmli, ağlamaqdan burunları qızarmış, mütəəssir çıxardılar.

Bir də düşünək ki, bu süjet əsasında Pedro Almodovar bir film çəkib. Adı da “Danış onunla”dır (“Hable con ella”). Sizcə necə olar bu film?

Pedro Almodovar nə qədər ağladar tamaşaçını? Özcan Denizlə yarışa bilərmi?

Əsl incəsənətlə “ağlaşma”nın fərqi nədədir, bax o zaman məlum olacaq.

Göz yaşsız, kədərsiz, soyuq, həqiqətin bütün hisslərdən, emosiyalardan arındırılıb saf su kimi təqdim edildiyi bir film.

# 6991 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #