Kulis.az Kənan Hacının dünən rəhmətə gedən yazıçı Nahid Hacızadəyə həsr etdiyi "Sonuncu köç" yazısını təqdim edir.
Sözümüzün işığı bir az sozaldı… Ədəbiyyatımızın, eləcə də mənəviyyatımızın uzun yollarında çoxlu işıq dirəkləri var ki, o da həmin işıq dirəklərindən biri idi. Köhnə kişilərdən idi. Sözü kindən, nifrətdən qoruyan, sözün ucalığını, müqəddəsliyini qeyrətlə hifz edən qələm sahibi idi Nahid Hacızadə. Köhnə nəslin sonuncu mogikanlarından idi. Böyük Vətən Müharibəsinin odundan-alovundan keçmişdi. O, XX əsrin az qala, bütün dahiləriylə canlı ünsiyyətdə olmuşdu, televiziyamızın qızıl dövrü həm də onun adıyla bağlıdır. Onun qələmə aldığı xatirələr bizim mənəviyyat tariximizin səhifələridir və nə yaxşı ki, Nahid müəllim o anıları qələmə aldı. O, Demokratik Cümhuriyyətimizlə bağlı "Yaşa, ey haqq” adlı roman da yazmışdı, böyük türk şairi Nazim Hikmətin həyatından bəhs edən sənədli povesti var ki, o əsərdə Nazimin həyatının bizə məlum olmayan məqamları yer alır.
Türk yazarı Can Dündar Nazim Hikmət haqqında çəkdiyi sənədli filmdə Nahid Hacızadəni də danışdırıb. Nahid müəllim həmin filmdə Nazimin Bakı görüşləriylə bağlı son dərəcə maraqlı faktlar açıqlayır.
Mənim Nahid müəllimlə tanışlığım 90-cı illərin ortalarına təsadüf edir. Akademik Milli Dram Teatrının təmirə dayandığı dövr idi. Teatrın tamaşaları S. Vurğun adına Rus Dram Teatrında nümayiş olunurdu. Nahid müəllimin "Qisas qiyamətə qalmaz” pyesinin premyerasında iştirak edib tamaşa haqqında qəzetlərdən birinə resenziya yazdım. Pyes Qarabağ savaşından bəhs edirdi və mən o vaxta qədər heç bir teatr tamaşası haqqında bircə yazı belə yazmamışdım. Təcrübəsiz vaxlarım idi, yazılarım mətbuatda yenicə çap olunmağa başlayırdı. Heç resenziyanın tələblərindən də xəbərim yox idi. Sadəcə, təəssüratlarımı yazmışdım. Yazı çap olunandan bir-iki gün sonra redaksiyadan dedilər ki, Nahid Hacızadə səni axtarır. Mərhum telejurnalist Telman Qafarovun şöbəsində çalışırdım, həyəcanımı hiss edib gülümsədi, "Nahid müəllim çox ciddi, tələbkar adamdır, sənin yazını bəyənməsəydi, heç vaxt redaksiyaya zəng vurmazdı” deyə məni arxayın elədi. Göstərilən nömrəyə zəng vurdum. Aramızda belə bir dialoq oldu:
-Nahid müəllim, pyesiniz haqqında yazı yazan jurnalist mənəm. Dedilər məni axtarmısınız.
-Həə, igid. Yazın xoşuma gəldi. Sənin neçə yaşın var?
-İyirmi.
-Söz duyumun yaxşıdı. Tamaşanın mahiyyətini anlaya bilmisən. Sənə təşəkkür edirəm. Çox sağ ol! Nə çətinliyin olsa, mənə müraciət edə bilərsən.
Nahid müəllim hələ üzünü belə görmədiyi jurnalistə özünün ev və iş nömrələrini vermişdi. İlk dəfəydi ki, ustad qələm sahibindən bu cür münasibət görürdüm və açığı, bu münasibətə heç hazır deyildim. Dilim dolaşdı, ona necə təşəkkür etdiyimi də bilmədim. Nahid müəllimin böyüklüyünü ilk dəfə onda gördüm. Sonralar mən "Ədalət” qəzetində çalışanda o da bizim redaksiyadan bir mərtəbə aşağıda otururdu. Bu ağırtaxtalı kişiylə tez-tez dəhlizlərdə, yeməkxanada rastlaşırdıq, ehtiramla salam verirdim, gülümsəyib başıyla salamımı alırdı. Bir dəfə rus yazıçısı Andrey Platonovun "Sərçənin səyahəti” hekayəsi mənim tərcüməmdə ədəbi qəzetlərdən birində dərc olunmuşdu. Nəşriyyatın birinci mərtəbəsində qarşılaşdıq, dedi ki, Platonovu tərcümə etmək çox çətin işdir, sən onu bizim dildə danışdıra bilmisən. Oxudum və bəyəndim. Belə də davam et. Nahid Hacızadə kimi sözə aşırı həssaslıq göstərən qələm adamından bu sözləri eşitmək o qədər də asan deyildi. Onda da çox sevinmişdim.
Günlərin bir günü "Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmudovun masasının üstündə Nahid müəllimin "Yada düşdü” adlı xatirələr kitabını gördüm. 650 səhifəlik bu kitabı gözümlə yeyirdim. Tofiq müəllim niyyətimi duyub "incimə, kitabı verə bilməyəcəm, yaxşısı budur, özündən istə” dedi. Nahar fasilələrindən birində yaxınlaşıb kitabını təbrik etdim və ondan bir kitab istədim. Hər adama kitab vermirəm, amma sənə verərəm, - dedi, - bir azdan qalx otağıma.
İndi bu yazını işləyərkən kitab rəfindən həmin kitabı götürüb baxdım. Nahid müəllim belə bir avtoqraf yazmışdı: "Gözəl şairimiz Kənan Hacıya! Sənə qəlbincə həyat və sənət sevincləri arzulayıram”. 6. 03.2009.
Nahid müəllimlə sıx ünsiyyətimiz yaranmışdı və çox vaxt nahar zamanı bir masa arxasında otururduq. O masanın ətrafında həmişə ədəbiyyat adamları olardı. Aqil Abbas, Əbülfət Mədətoğlu, Firuz Mustafa, Ağacəfər Həsənli, Vəli Xramçaylı, Oqtay Rza... Asta, ləngərli danışıq tərzi vardı, söhbətlərində bir ağayanlıq vardı, ziyalı mədəniyyəti vardı. Onun zarafatlarında da məna yükü vardı, bu ölçülü-biçili danışıq tərzi mənsub olduğu ziyalı nəslinə xas olan xüsusiyyətlərdən idi. Bu günün qələm adamlarında bu çəki, sambal çatışmır. Bir dəfə o vaxt "Mədəniyyət” qəzetinin baş redaktoru işləyən yazıçı Nemət Veysəllidən xahiş etmişdi ki, məni işə götürsün, haqqımda o qədər xoş sözlər dedi ki, məni tər basdı. Dedi ki, bu cavan oğlanın yazı mədəniyyəti indiki gənclərin çoxunda yoxdur. İş məsələsi alınmasa da Nemət müəlllim qəzetə qonorar müqabilində yazılar yazmağımı tapşırdı. Bir müddət yaxşı qonorar aldım və bu qonorar yeni iş tapana qədər karıma yetdi. Onun tövsiyyəsi ilə yazıçı-dramatuq Firuz Mustafanın baş redaktorluğu ilə çıxan "Tac” ədəbi-bədii, publisistik qəzetinə də yazılar yazdım. Nahid müəllimin xeyirxahlığını minnətdarlıq hissiylə xatırlayıram.
Ən yaxın dostları Əlibala Hacızadə və İlyas Tapdıq da fani dünyadan köçünü çəkib gedəndən o, tək qalmışdı. Sonuncu dəfə Firuz Mustafadan Nahid müəllimi soruşdum. Yeriyə bilmir, dedi. Söhrab Tahirin ayağını kəsəndə yazmışdım ki, sözün ayağını kəsmək olmur. Nahid müəllimin əvvəlcə ayaqları tutuldu, sonra da o məşum son... Onun gedişi həm də bütöv bir epoxanın tamamlanması, yekunudur. Nahid Hacızadə o ziyalılardan idi ki, onların yaşam tərzi, həyat qaydaları, münasibətlər sistemi qloballaşan dünyanın təzyiqinə davam gətirmir. Çox təəssüf...
Ruhun şad olsun, böyük insan! Səni həmişə xoş hislərlə xatırlayacağıq.