Ərzaq oğurlamaqla dolananlar

Ərzaq oğurlamaqla dolananlar
28 mart 2017
# 11:52

Kulis.az Təranə Fazilqızının “Oğru alıcılar” hekayəsini təqdim edir.

Neçə gündü pis-yaxşı bayram ab-havası yaşamaqdayıq. Borc-xərc, “qonşudan qalma dala” amalını özümüzə şüar seçərək süfrəmizi bəzədik, plovumuzu bişirib, ölənlərimizin qəbrini ziyarət etdik. Qohumlara, yaxın bildiklərimizə telefon zəngiylə həyata keçməyən təbriklərimizi, nağıl arzularımızı bildirdik. Hər kəsin könlünü bacardıqca xoş etməyə çalışdıq. Lap yaxşı.

İllərdir qəlbimizə kök salmış adətlərdən biri də bu günlərdə qohumların, yaxın bildiklərin evinə gedib bayramlaşmaq, hal-əhval tutmaqdır.

Elə bu minvalla dostluq etdiyim ailənin bayram görüşünə getmişdik. Hal-əhvaldan, yeyib-içib təamlardan doyduqdan sonra, hər kəs özünə yaxın biləni bir kənara çəkib söhbətləşməyə, dərdləşməyə başladı. Mənə təsir edən, əhvalatı isə, sizlərlə bölüşməyi qərara aldım...

Onu da deyim ki, yaxın dostum marketdə müdir olmasa da ikinci, üçüncü şəxslərdən biridir. Sahəsinin savadlı, məlumatlı bilicisi olmaqla yanaşı, barmaqla sayılacaq mütəxəssislərdəndir. İşiylə bağlı suallarıma verdiyi cavab isə bu oldu...

Son aylar oğruların sayı o qədər artıb ki, deyiləsi, danışılası deyil. Kişi, qadın, uşaq, müəllimə, qoca hər cür adam oğurluğa can atır. O gün video görüntüdən bir nəfərin yağ oğurlayıb, kurtkanın iç cibinə qoyduğunu gördük, işçilərimiz onu tutmaq istəyəndə qəfildən hər kəsi zərblə itələyib qaçır. Bizimkilər lent yazısıyla onun maşına mindiyini bilib, dalınca qovmağa başlayırlar. Nə başını ağrıdım, qaça-qaç, qova-qov, axır bunları sıxışdırıb saxladırlar. Maşına boylanan iki işçimiz arxa oturacağın kiloluq “Frenc kov”, “Best kov” kimi yağlarla dolu olduğunu görürlər. Yəqin ki onları başqa marketlərdən oğurlayan dələduzlar bizim marketdə yaxalanmağı ağıllarına belə gətirməyiblər. İşçimizdən biri sürücüyə yaxınlaşır ki, qapını aç, çölə çıx. O, xeyli tərəddüddən sonra, pəncərə şüşəsini aşağı salıb ətrafa boylanır. Böyrəyinə tuşlanan soyuq bıçağın ucu, bizim oğlanı əməlli-başlı təşvişə salır. O, nə edəcəyini bilmədən karıxmış halda geri çəkilməyə məcbur olur.

Arxa oturacaqda oturan, orta yaşlı, qarayanız biri əlindəki kiçik silahla hamını hədələyir, “bizi satsanız özünüzü ölmüş bilin” deyir. Uşaqlar oğruları birtəhər sakitləşdirib uzaqlaşırlar.

O gün bir gənc tutduq, apardıq müdirin otağına. Pörtmüş, əsəbi halda özünü, dolanışığı söyür, lənətləyir, axırda da sakitləşib deyir ki, bir qələtdi eləmişəm, vallah dolana bilmirəm, hara gedirəm deyirlər, iş yoxdu. Balalarım acından ölür, məni tutdurma. Müdirim deyir, bu dəfə səni buraxıram, amma kişi sözü ver ki, bir də oğurluq etməyəcəksən. Sənə lazımdı gəl mənə de, pulsuz götür, amma oğurluq eləmə.

Keçən dəfə bir qadını tutmuşuq. Deyirəm, xanıma oğurluq yaraşmaz, get işlə. Deyir, iş var işləyim? Pozğunluq əlimdən gəlmir, oğurluq edib balamı dolandırıram. Nə deyim, nə danışım? Hər gün azı ikisini tuturuq, neçəsi gözümüzdən qaçır. Kolbasa, yağ, konservlər, şokoladlar day nələr oğurlanmır ki...

Bəzisi müdirin, mənim əl-ayağından öpüb, deyir, bir səhvdi eləmişəm, məni balalarına bağışla.

Mən soruşanda ki, siz onlarla neynirsiz? Dedi, baxır adamına. Elə adam var, bilirsən ki, həqiqətən acından ölür, kasıbdır, ağlayır, sızlayır buraxırıq gedir evinə-eşiyinə. Eləsi də var, əməlli-başlı oğrudur, onu polisə veririk.

Deyirəm, bəs, ziyana düşmürsüz? Sən demə, il yarıma 50-60 min əksik çıxıb. Onun hamısı oğurluğa aid deyil. Məsələn, pendir dilimlənir, dağılır, kolbasanın, şokoladın, qoz-fındığın dadına baxılır. Kolbasa gəlir bu gün çəkisi 1.700 səhər olur 1.650. Quruyur, alınmayan ərzaqlar, vaxtı keçmişlər... Lakin bütün bunlara baxmayaraq gəlir də var. Bax belə...

Düzü ailə məclisimiz nə qədər şən olsa da, ikilikdə olan söhbətdən əhvalım xeyli qarışdı. Yadıma 89-90-cı illər düşdü. Bu, həmin zaman idi ki, küçədə gəzmək qorxulu idi. Qadınların boyunbağı, sırğaları qulaqlarından çıxarılır, uşaq bağçalarından, xəstəxanalardan ərzaqlar oğurlanırdı. İndi həmin aclıq illəri geri qayıdıb. Hər kəs bir-birindən nəsə oğurlamağa can atır.

Əslində peşəkar oğru marketə yox, daha yüksək gəliri olan yerlərə qarətə gedir.

Nə qədər ki, sosial bəla var, bərabərsizlik hökm sürəcək.

İşsizlikdən yaranan aclıq və məhrumluq insanı hər yola aparır.

# 1263 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #