Mənə zombi kimi baxdılar

Mənə zombi kimi baxdılar
19 sentyabr 2014
# 14:49

- C(c!)əlalə xanım, mən iş üç(ç!)ün mürac(c!)iət edirəm. Ç(ç)ox böyük həvəsim var bu işə. Əməkdaşlıq edə bilərəm?

Dəhşətli “c”, “ç” səsləri qulaqlarımı dəlir, dişlərin arasından güclə çıxan sözləri çətinliklə eşidirəm, intonasiya bərbad, ləhcə - diz boyu... Heç düşünmədən “bizdə vakansiya yoxdur” - demək istəyirəm.

Əşşi, bir dayan görüm, bəlkə bu, çox savadlı, təcrübəli biridir? Tam sənin arzuladığın müxbirdir? Nə olsun? “İlk təəssürat” deyilən bir şey var. Nitqinlə ən mükəmməl də görünə bilərsən, ən bərbad da!

Bəs, bu “ç”, “c” hərflərinin belə qabarıq tələffüzü, orfoepik qaydaları bilməmək, ləhcə ilə danışmaq, diafraqmadan yox, sinədən nəfəs almağın fəsadı, sözlərin “ağızdan tökülməsi”, danışanda sənə heç kimin qulaq asmamasının səbəbi, 5 adam bir yerə yığılanda 3 cümləni ard-arda düzə bilməmənin səbəbi – bunlar haqqında neçə adam düşünür? Neçə adam narahat olub bu problemi aradan qaldırmaq istəyir? Uğura aparan yolun səlis nitqdən keçdiyini bilir? Mən deyim sizə - çox az adam.

Heç olmasa, barı, ali məktəblərdə Nitq mədəniyyətini keçənlər, onlar da bilmir bunu? Mən “İRƏLİ” İctimai Birliyində Jurnalistika Akademiyasında bu fənni tədris elədiyim zaman tələbələrə eyni sualı vermişdim. Cavablar məni dəhşətə gətirdi. Vəziyyət bərbaddır.

Və 2 gün əvvəl baş vermiş hadisəni sizə danışmaq istəyirəm.

Ali məktəblərdən birindəyəm (adını kimdənsə çəkindiyim üçün yox, işə yenicə başlamış, bu nöqsanlarda günahı olmayan rəhbərə hörmət etdiyim üçün yazmıram). Nitq Mədəniyyətini tədris eləmək üçün rektorla söhbət edirik. Məni Azərbaycan dili və Nitq mədəniyyəti fənninin də daxil olduğu kafedraya göndərir.

Qapını döyüb otağa daxil oluram. İçəri girəndə bir qədər qorxuram. 5-6 qadın sanki içəri zombi giribmiş kimi gözlərini geniş açaraq mənə baxır. Əyləşdim. Xanım kafedra müdiri və onunla üzbəüz oturmuş bir qadın açıq-aşkar hiss olunan narahatlıq və qaş-qabaqla məndən nə istədiyimi soruşdular. Kifayət qədər böyük bir sahə olan Nitq mədəniyyətini izah etməyə başladım. İki cümlə demişdim ki, hər ikisi üz-gözünü turşudub başını buladı və birnəfəsə “yox-yox, bu, başqa şeydir” dedi.

Təəccüblənmişdim. Axı, nədir “başqa şey?” – deyə soruşdum. Onlar mənə izah etməyə çalışdılar ki, bizdəki Nitq mədəniyyəti fərqlidir. Bu cavaba əsəbiləşsəm də, büruzə vermədim. Bu, “Bizdə 2+2=4 eləmir” deməyə bənzəyirdi. Soruşdum ki, sizdə Nitq nədəniyyəti necədir? Və yenə izah eləməyə başladım... Hər iki qadın sözümü kəsdi və dayanmadan başlarını bulayıb “bu, başqa şeydir” dedi.

Kafedra müdiri mənim təlim proqramımı onunla üz-üzə oturmuş sarı saçlı xanıma uzadıb “Bunu oxuyun” - dedi. Və ən dəhşətli an gəldi. Sarı saçlı xanım həmin kafedranın müəlliməsi, uşaqlara Azərbaycan dilini, nitqimizin mədəniyyətini öyrədən xanım imiş. İlahi, o mənim proqramımı necə oxudu!? Bu qədər nitq qüsuru olan tələbəyə dərs keçsəm, çətin ki, onun nitqi düzələ. Mənim savadsız nənəm belə Ukraynadan əmimin göndərdiyi, illərlə sandıqda qalan məktubları ondan daha səlis oxuyur. Təsəvvür edin ki, mən özüm onun nə oxuduğunu başa düşmədiyim halda, “Bədən dili”nə “Bədii dil” dediyi halda kafedra müdiri onu sona kimi dinlədi və “Yox e, bu, başqa şeydir. Bu, bizə qətiyyən lazım deyil” - dedi. Dəhşətə gəldim. Dedim ki, xanım, bu, nəinki sizin fakültənin tələbələrinə, hətta savadı olmayan, ən sadə insana belə lazımdır. Ən azından düzgün nəfəs almağı öyrənmək - qan dövranın bir nömrəli vacib şərtidir.

Sual verirəm: Bu müəllimlər ömründə bir dəfə tələbələrə düzgün nəfəs almanı, diafraqmadan istifadə etməyi, sinədən nəfəs almanın zərərləri, dəhşətli “ç” və “c” səslərini cilalamağı, toplum önündə sərbəst çıxış etməyi, ləhcələri bir kənara tullamağı və sairi öyrətdimi? Heç vaxt!

Bu qadınların məni başdan etmələrinin səbəbi onların əlindən dərs saatının alınması qorxusundan, gənc kadrlara olan qısqanclıqdan başqa bir şey deyildi. Bunu anlayacaq qədər ağıllıyam!

Ali məktəblərimiz illərlə öz üzərində qətiyyən işləməyən, dərs bitən kimi evə qaçıb mətbəxə girən, pas atmış müəllimlərə doludur. Cənab rektorlar, araşdırın, xahiş edirəm!

Əminəm ki, məni başından edən o müəllimlərin dərsində tələbələr sadəcə gözlərini saata zilləyib “bu mənasız dərs nə zaman bitəcək” sualını verirlər. Dərs mənasız olmur, onu tədris eləyən savadsız və mənasız olur. Ətrafımızda hər 10 nəfərdən ən azı 8-i orfoqrafik və orfoepik qaydaları bilməməkdən əziyyət çəkir! Bəzi aparıcılar da daxil olmaqla...

# 2479 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #