Biz niyə “istedadsızıq?”

Biz niyə “istedadsızıq?”
20 avqust 2014
# 10:15

Yazı Şərif Ağayarın işıqlı xatirəsinə ithaf olunur...

Çoxdandır məni bu sual düşündürür: Niyə bəziləri yaşlı nəsildən Anar, Elçin, Kamal Abdulla, Çingiz Əlioğlu, orta nəsildən Səfər Alışarlı, Həmid Herisçi, Səlim Babullaoğlu, gənclərdən Qan Turalı, Qisməti... oxumuş, yazı təcrübəsi olan, texnar, amma istedadsız və ya böyük istedadı olmayan yazarlar kimi qələmə verirlər. Bir neçə ədəbi çevrəyə yaxından bələd olduğumdan, dəqiq bilirəm ki, adını çəkdiyim adamları müxtəlif dəyişimlərlə əksərən belə hesab edirlər. Bunun səbəbini müşahidələrim o qədər dəqiq müəyyənləşdirib ki, əlavə nəsə düşünüb tapmağa ehtiyac yoxdur. Həmin insanları niyə belə hesab edirlər? Onlardan tələb olunan nədir? İstedadın hansı göstəricisi var ki, o adlarını sadaladığım adamlarda kəmdir? Bir misal çəkim suallarıma ondan sonra cavab verəcəm:

Pikasso balıq rəsmi çəkir. Rəsmə baxanlardan biri ağız büzərək soruşur:

Bunun harası balıqdır ki?

Pikasso dillənir:

-Bu balıq deyil, balığın rəsmidir.

Baxın, həmin adamlardan təxminən tələb olunan diri balıqdır. Yəni balığı sənət əsəri kimi yaradanda onları istedadsız, kitabdan gəlmə yazar deyənlər diri balıq tələb edirlər. Onlarsa balıqçı və ya balıqsatan deyil. Həmin kəslərsə balığın möhtəşəm rəsmindən, diri balıqdan da çox ləzzət almağı bacarırlar. Savadlı insanları bəziləri istedadsız kimi qələmə alırlar. Sənət həyatın özü yox, onun sürətidir. Orijinal yaradıcılıqsa ancaq ALLAHa məxsusdur.

İşin qəribə tərəfi bilirsinizmi nədir, hətta savadlı tənqidçilərin (Cavanşir Yusifli, Seyfəddin Hüseynli...) yazıları da bəzi adamlara quru, cansıxıcı gəlir. İntellektualları qınayanların öz fəlsəfələri ilə yanaşsaq, başa düşməliyik ki, bu kəslər həyatdan gələ bilməzlər, çünki işin (ədəbiyyatın) elmi ilə məşğuldurlar.

Hansısa yazıçı kənddə atdan yazanda onun əsəri olur təbii, Anar limuzindən yazanda olur kitabdan gəlmə – bu adamların düşüncəsi bu qədər bəsitdir.

Hər hansı səbəbdənsə bizə elə gəlir ki, yunan miflərindən yazanda səmimi deyilik, ancaq nənəmizin dərman almağa pulu olmadığını qələmə alanda böyük qüdrət və ürək sahibiyik. Bir həqiqəti qulağımızdan sırğa eləməliyik; yaşadıqlarımız kimi oxuduqlarımız da bizim taleyimizdir.

Şoloxovun “İnsanın taleyi”ndəki müharibə bəlası, məni Qarabağ savaşı qədər ağrıdır. Az kitab oxumaq insanı öz mühitinə bağlayır, necə ki, dünyanın heç bir ölkəsini görməyən adam daim öz kəndindən danışır. Məişət qayğılarıyla əlləşən adamlar, adətən, qlobal mövzuda söhbətləri belə yekunlaşdırırlar: “dünyanın dərdi bizəmi qalıb, özümüzdən danışaq”. Ədəbi baxımdan dünyanın dərdi bizə qalmadıqca qadın aşıqlarının antologiyası bizə N.A.Kunun “Qədim Yunanıstan mifləri və əfsanələri” kitabından maraqlı gələcək.

Bizdə bəziləri savadlı yazıçını, dünya ədəbiyyatına bələd şairləri qəbul eləmək istəmirlər, düşünürlər ki, oxuduqlarından bəhrələnirlər. Necə olur, nənəsinin nağıllarından, çeynənmiş qaçqın-köçkün əhvalatından bəhrələnən həyati olur, dünyadan bəhrələnən saxta?! Niyə biz kitabı insanı öyrədən yox, saxtalaşdıran nəsnə kimi qavramışıq?

Remark üçün müharibə nə qədər həyatidirsə, o həmin həyatdan nə qədər bəhrələnibsə, başı kitablardan açılmayan Borxesin də kitablardan bəhrələnməsi o qədər həyatidir – (bunu bir axşam gəzintisində Səlim Babullaoğlu demişdi).

Taylı-tayın tapar məsələsi ədəbiyyatda ciddi bəladır. Kim ki, savadsızdır, o özünü həyatdan gəlmiş kimi təqdim edir və özünə bab adamların yazılarını sevir, ancaq onları istedadlı zənn edir. Bu cür adamlar bəyəndikləri mətnlərə qarşı yataqda bütün gücünü səfərbər etmiş cilvəsi dağ çatladan qadın səsi çıxardırlar: “ah, of, superdi, dəhşətdi, şairim...”. Hansısa təhlildən, ağıllı fikirdənsə söhbət gedə bilməz. Nə qədər ki, biz ağıla, savada inanmırıq o qədər ciddi intellektual ədəbiyyatımızı da qəbul etməyəcəyik.

Həyatımız necədirsə ədəbiyyatımız da elədir: ancaq ağlayan insanlar yazığımız gəlir, yeriyə-yeriyə ürəyinin yağını yeyənləri eynimizə almırıq. Vaysınan, gileylənən, kənddən gəlib şəhərdə özünə gün ağlaya bilməyən KƏDƏRLİLƏR istedadlı, misraları qəmdən yoğurulmayan şairlər və normal yanaşma tərzi olan yazıçılar ƏDƏBİ ROBOTLARdır guya. Nə qədər ki, dünyanı yox, Azərbaycanı yaşayış məskəni hesab edəcəyik, o qədər başqa dünyanı, dünyadan gələn bəşəri dəyərləri qurama, senton hesab edəcəyik.

Bu yolu kor yürümək nə asandır, İlahi... Doğurdan da, doğrudur: “insan bilmədiyinin düşmənidir”.

Fərid Hüseyn

# 2846 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #