Sevinc Elsevər yazır...
İntihar edən iki məktəbli
1 iyun – Beynəlxalq Uşaq Günü üçün
Bu gün Azərbaycanda uşaq olmağın xoşbəxt tərəfləri çoxdu. Pulsuz uşaq bağçaları, pulsuz məktəblər var. Azərbaycanda get-gedə insanlar uşaqlarının dəyərini bilməyə başlayıblar. Məsələn, sovet dövründə bir qadının on-on iki uşağı olurdu. Tək canıyla bilmirdi hansının dalınca qaçsın. Ona görə o on-on iki uşaqdan yeddi-səkkizi böyüyüb boya-başa çatırdı. Hər nənəmin bir-iki uşağı körpəykən ölüb. Və onlar üçün bundan normal bir hadisə yoxdu. Allah yerdə qalanların canını sağ eləsin – deyə köks ötürüblər sadəcə. Daha niyə oldu, nədən oldu araşdırmayıb, özlərində, nə də başqalarında günah axtarmayıblar.
İndi, müasir dövrümüzdə hər ailədə ən çox üç uşaq böyüyür. Sayı madar olan uşaqlara münasibət də get-gedə dəyişir. Adamlar uşaqlarının fikriylə hesablaşmağa başlayır, onları da adam yerinə qoyur, qədrini bilirlər.
Amma bütün ailələr də eyni deyil. Hələ də uşaqlar haqqında bəd xəbərlər çox olur, həm də tez-tez olur. Valideyn diqqətsizliyindən və məsuliyyətsizliyindən yıxılan, yaralanan, eyvandan düşən, qaynar qazanda yanan uşaqlar nə çox. Üstəlik, yeniyetmələrin intihar halları artıb. 9, 10, 11-ci sinif şagirdləri özlərini asır, binadan atır və s.
Nə vaxt baxırsan, isti bilmirlər, soyuq bilmirlər, ayağı yalın, başıaçıq, üst-başı kir içində uşaqlar məhəllələrdə, küçələrdədirlər. Anaları uşaqları küçəyə ötürür, nə var, nə var evi bir dəfə yığışdırsınlar. Qonşu qeybət üçün gələndə görsün ki, bu təmizkar qadındır.
Elə bu yazını da məni sarsıdan bir xəbərdən sonra yazıram. Xaçmazda orta məktəblərdən birində 10-cu sinif şagirdləri olan qızla oğlan intihar ediblər. Paralel siniflərdə oxuyan uşaqlar bir-birlərini sevirlərmiş. Qız Ukraynada yaşayan xalası oğluna nişanlanıbmış. Valideynləri deyir, nişan qızın könlüylə olub. Sinif yoldaşları deyir, qız məktəbli oğlanı sevirmiş. Üstəlik qız dərs əlaçısıymış, şəkli şərəf lövhəsindəymiş. Şəkli şərəf lövhəsində olan, dərs əlaçısı bir qızın əlbəttə oxumaq sevdası varmış. Niyə valideynləri bu qızı oxumağa, universitetə girməyə həvəsləndirmək yerinə, götürüb nişanlayırlar? Nə vacibdir 10-cu sinif şagirdini nişanlamaq. Deməli, qız yaxşı oxusa da, onu oxudacaqlarına ümidi yox imiş. Ona görə də sevgi, sevmək daha vacib olub onun üçün.
Hər şeydən əvvəl bu qız da, onunla birgə intihar edən oğlan da uşaq idilər. Valideyn diqqəti, valideyn qayğısı tələb edən uşaq.
Onuncu sinif şagirdlərinin sevgi hisslərinin qarşısını almaq, onları sevgi adlı psixoloji vəziyyətdən kənar saxlamaq müasir dövrümüzdə mümkünsüzdür. Amma valideynlər uşaqlarının boş zamanlarını cürbəcür maraqlı şeylərlə doldurmalıdırlar. Uşağın mütləq ciddi bir məşğuliyyəti olmalıdır. Oğlanlarda, qızlarda idmana, incəsənətə maraq yaradılmalıdır. Yay tətillərində uşaqlarınızı müxtəlif dərnəklərə yönəldin. Rəsm, rəqs, toxuculuq dərnəklərinə, kompüter, dil kurslarına. Kitablar alın uşaqlarınıza cürbəcür. Onlarda kinoya, kitaba dair maraq yaradın.
Qaldı ki, sevgi məsələsi. Qorxmayın. Vaxtı çatanda ona da ömürləri yetəcək. Siz istəsəniz də, istəməsəniz də, siz tələssəniz də, tələsməsəniz də!
Uşaqlarınızın fərqli mənəvi dünyası olsun. Qoy onlar öz dünyalarına hər yetəni buraxmasınlar. Onda görəcəksiniz ki, necə xoşbəxt olacaqlar!
1 iyun Beynəlxalq Uşaq Günüdür. İntihar edən o iki məktəblinin də bayramıdır bu gün...